AZ

ASCO-nun gəmiləri Bakı Gəmiqayırma Zavodunda dibdərinləşdirmə işlərini uğurla başa çatdırıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus xüsusi təyinatlı gəmilər “Bakı Gəmiqayırma Zavodu” MMC-nin (BGZ) sifarişi əsasında zavodun akvatoriyası və giriş kanalında aparılan dibdərinləşdirmə işlərini uğurla yekunlaşdırıb. Genişmiqyaslı layihə BGZ-nin texniki imkanlarını və infrastrukturunu gücləndirmək, xüsusilə iriölçülü gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həyata keçirilib.

İşlərin icrasına ASCO-nun “Mühəndis Balarza Məmmədov” torpaqqazan gəmisi, “Bakinskaya-3” və “Bakinskaya-5” torpaqdaşıyan gəmiləri, eləcə də “Abşeronskaya-5” yedək gəmisi cəlb olunub. Bu peşəkar və ixtisaslaşmış texnika vasitəsilə layihə yüksək dəqiqliklə, təhlükəsizlik standartlarına tam uyğun şəkildə icra edilib. Qazıntı və daşıma işlərinin ardıcıl koordinasiyası nəticəsində işlər təxminən üç ay ərzində tam başa çatdırılıb.

Layihə çərçivəsində 80 000 kvadratmetrdən artıq sahədə dəniz dibinin 1 metr dərinliyində qazıntı işləri aparılıb. Nəticədə ümumilikdə 79 000 kubmetr süxur çıxarılaraq ərazidən uzaqlaşdırılıb və sualtı relyef optimallaşdırılıb. Görülən tədbirlər nəticəsində sualtı kanalın dərinliyi 9 metrə qədər artırılıb ki, bu da ağırtonnajlı və iriölçülü gəmilərin manevr imkanlarını xeyli yaxşılaşdırır. Qazıntı zamanı çıxarılan süxurlar müvafiq ətraf-mühit normalarına riayət olunmaqla təhvil-təslim olunub və təhlükəsiz şəkildə daşınıb.

Layihənin icrası nəticəsində zavod akvatoriyasında gəmi hərəkəti üçün əlverişli hidrotexniki şərait formalaşıb. Gələcəkdə bu, “Bakı Gəmiqayırma Zavodu”na daha iri ölçülü və ağır yüklü gəmilərin qəbulu və yanalma proseslərini asanlaşdıracaq, istehsalat və texniki xidmət proseslərinin daha çevik və effektiv təşkilinə töhfə verəcək. Xüsusilə gəmilərin təmiri, baxımı və yenidənqurma işləri zamanı körpülərə təhlükəsiz yaxınlaşma və lövbər salma imkanlarının genişlənməsi zavodun əməliyyat potensialını artıracaq.

Bu layihə eyni zamanda Azərbaycan dəniz nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, gəmiçiliyin təhlükəsizliyinin təmin olunması və Xəzər dənizində strateji nəqliyyat-logistika imkanlarının genişləndirilməsi istiqamətində atılan əhəmiyyətli addımlardan biri hesab olunur. ASCO və BGZ-nin qarşılıqlı əməkdaşlığı çərçivəsində reallaşan bu texniki layihə həm yerli dəniz nəqliyyatının inkişafına, həm də ölkənin ümumi iqtisadi və logistika strategiyasına müsbət təsir göstərir.

Dibdərinləşdirmə – su hövzələrinin, limanların, körfəzlərin, kanalların və digər dəniz və çay yollarının dibindən çöküntülərin, qum, lil və süxurların çıxarılması ilə dərinliyin artırılması prosesidir. Bu mühüm hidrotexniki əməliyyat adətən torpaqqazan gəmilər və xüsusi avadanlıqlar vasitəsilə həyata keçirilir.

Seçilən
0
aznews.az

1Mənbələr