AZ

Rusiya xaricə benzin satışına qadağa qoydu Azərbaycana necə təsir edə bilər?

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyada benzin qiymətlərində müşahidə olunan artım fonunda hökumət kəskin addıma əl atıb. Rusiya hökuməti ölkədə mövcud olan yüksək mövsümi tələbat və kənd təsərrüfatı işlərinin intensiv mərhələyə keçməsi səbəbindən benzinin ixracını tamamilə qadağan edib. Qadağa avqustun sonunadək qüvvədə olacaq.

Əvvəllər, bu ilin fevral ayında Rusiya hakimiyyəti benzin ixracını yalnız istehsalçı olmayan qurumlar, yəni treyderlər, neft bazaları və kiçik neft emalı zavodları (NEZ) üçün məhdudlaşdırmışdı. Həmin qərarın müddəti 31 avqusta qədər uzadılmışdı.

Lakin yeni qəbul edilmiş qərar artıq bütün iştirakçıları, o cümlədən ildə 1 milyon tondan çox benzin istehsal edən iri neft emalı zavodlarını da əhatə edir. Bu, Rusiya üçün kifayət qədər radikal və nadir hallarda tətbiq olunan iqtisadi alət kimi qiymətləndirilir.

Rusiya hökumətinin rəsmi açıqlamasına görə, bu qərar ölkə daxilində yanacaq bazarında sabitliyi qorumaq, xüsusilə də yay aylarında artan tələbat və kənd təsərrüfatı sektorunun ehtiyaclarını qarşılamaq məqsədilə qəbul olunub.

Rəsmi statistikaya görə, Azərbaycan əsasən Aİ-92 markalı benzini daxildə istehsal etsə də, bəzi illərdə Rusiya bu istiqamətdə əlavə ehtiyacların ödənilməsi üçün tədarükçü rolunu oynayıb. Xüsusilə də SOCAR-ın Heydər Əliyev adına NEZ-də aparılan təmir işləri zamanı və ya mövsümi pik dövrlərdə, Rusiya benzini alternativ mənbə rolunu oynayıb.

Bundan əlavə, Gürcüstan və Orta Asiyaya gedən benzin karqo tranzitinin bir hissəsi Azərbaycan ərazisindən keçdiyi üçün, Rusiya ixracındakı bu fasilə logistika zəncirinə də təzyiq göstərə bilər

Hazırda Azərbaycanda Aİ-92 markalı benzin qiyməti dövlət tərəfindən tənzimlənir, yəni süni artım baş vermir. Lakin bu tip ixrac qadağaları beynəlxalq qiymətlərə təsir göstərdiyi üçün, qısamüddətli təzyiqlər və logistik çətinliklər yaranarsa, dövlətin subsidiya yükü arta bilər.

Əgər SOCAR-ın daxili istehsal gücü hər hansı səbəbdən aşağı düşərsə və ya ehtiyatlar sürətlə tükənərsə, o zaman Rusiya bazasından kənar, daha bahalı mənbələrdən idxala ehtiyac yaranacaq. Bu isə gizli qiymət təzyiqlərinə və ehtiyatların daha bahalı formada doldurulmasına səbəb ola bilər.

Azərbaycana benzin tədarükü üçün İran,Qazaxıstan kimi alternativ mənbələr mövcuddur. Lakin bu ölkələrdə də daxili tələbat yüksəkdir, bəzi hallarda isə logistika və keyfiyyət standartları problemi yaranır. Belə vəziyyətlərdə Rusiya benzini həm ucuzluğu, həm də coğrafi yaxınlığı baxımından daha əlverişli seçim hesab olunur.

Beləliklə, Rusiya hökumətinin benzin ixracına qoyduğu qadağa təkcə daxili bazar üçün deyil, həm də region ölkələrinin enerji təhlükəsizliyi üçün müəyyən problemlər vəd edir. Azərbaycan hələlik bu vəziyyətdən ciddi təsirlənməsə də, davamlılıq halında strateji ehtiyatların və alternativ mənbələrin dəyərləndirilməsi vacib görünür.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
azpolitika.info

1Mənbələr