Həsən Həsənov
SER Consulting Groupun təsisçisi
“Bunu hamı belə edir”. Bu cümlə qədər təhlükəli, amma zərərsiz görünən başqa ifadə tanımıram. Çünki şirkətlərdə, xüsusən də orta və kiçik sahibkarlıqda qərarların əksəriyyəti fakta yox, vərdişə əsaslanır. Hətta nə üçün belə edildiyi yadından çıxıb. Sadəcə belə görüb, belə eşidib, belə eşitdiyi üçün belə davam etdirir. Bu isə idarəetmədə görünməyən normaların formalaşmasına səbəb olur.
Bu “normal”lar problemi görünməz edir, amma ortadan qaldırmır. Bir müddət sonra həmin “normal”lar sistemin bir hissəsinə çevrilir - elə bil həmişə olubmuş kimi.
Əslində bu davranışların çoxu zəifliyin maskalanmış formasıdır. Şirkətdə sual verilməyən qərarlar çox vaxt səhv qərarlardır. Məsələn, CEO aylıq gəlir-zərər hesabatını anlayır, amma pul axını hesabatına ehtiyac duymur, çünki ona heç kim izah etməyib. Maliyyəçi yalnız xərcləri bölüşdürən, bəyannamə təqdim edən biridir və onun idarəetmə qərarlarında rolu yoxdur. Əslində isə, maliyyə hesabatları planlama və strateji təhlil üçün alət olmalıdır. Amma görünməyən normalar bu alətləri funksiyasızlaşdırır. Və ya şirkət biznes planı sadəcə bank üçün tərtib edir, çünki “hamı belə edir”.
Strategiya isə “hissiyat”la qurulur, qərarlar iclaslarda yox, bir nəfərin “hissiyyatı” ilə qəbul olunur. Və adətən bu hissiyyat baş menecerin və ya sahibkarınkıdır. “Analitik əsas yoxdur, amma əvəzində şəxsi təcrübə və intuisiya bəs edir” düşüncəsi var. Komanda içində fikir ayrılığı yoxdursa, hər şey qaydasındadır zənn edilir. Satışdan sonra müştəri ilə nə baş verir, kimsə maraqlanmır. “Satış” onsuz da işin sonudur.
Bu davranışların heç biri təkbaşına “böyük səhv” deyil. Amma hamısı birlikdə sistemin zəifliyinə işarədir. Ən qəribəsi bu normalları heç kimin mühakimə etməməsidir. Çünki kollektiv düşüncə artıq onu normal qəbul edib. Problemi təkcə sistemdə axtarmaq doğru deyil, onu idarə edən insanlarda, onların şüurunda, yanaşmasında da axtarmaq lazımdır. Problemin kökü çox vaxt sistemdə deyil, onu idarə edən şüurda olur. Və bu şüur sual verməyi unudub. Heç kim “sual vermir”. Bəzi şeylər yanlış olduğu üçün deyil, sistemli düşünülmədiyi üçün təhlükəlidir. Sual verilməyən “normal”lar” isə heç vaxt sistem qurmaz. Onlar sadəcə davam etməyə şərait yaradar.
Bəlkə də “hamı belə edir” dediyiniz şey elə şirkətinizi yavaş-yavaş zəiflədən əsas səbəbdir?
* Qərarvermədə bulanıqlıq: Düzgün məlumat bazası yoxdursa, qərarlar hisslərlə verilir.
* İdarəetmədə qopmalar: CEO və digər rəhbərlər eyni reallığa baxmır, çünki sistemli təhlil yoxdur.
* Təkrar xətalar: Qeydə alınmayan səhvlər növbəti dövrdə eyni şəkildə təkrarlanır.
* Maliyyə stresləri: Xərclər niyə artdı, gəlir niyə düşdü suallarına cavab yoxdur.
* Mütəxəssisə etimadsızlıq: Daxili sistem olmadığından, xarici məsləhətlər ya rədd olunur, ya da düzgün icra edilmir.
* İnkşafın dayanması: “Normal” sayılan iş üsulları böyümə tempini bloklayır.
Sual verin! Vərdişin yerinə anlayış qoyun! Çünki sistemli idarəetmə sadəcə davam etdirmək deyil, dayanıqlı şəkildə düşünməkdir.
"Bizdə hansı problemi, hansı normala çevrilmiş davranış qoruyur?"
Həll yolları nədir?
1. “Belə görmüşük” fikrini yoxlayın. Hər prosesə bu sualı verin: Bu sistem bizə nə qazandırır?
2. Şirkət içində “sualvermə mədəniyyəti” yaradın. Mütəxəssislərdən və komandadan “nə üçün belə edirik?” sualını eşitmək müsbət haldır.
3. Gündəlik əməliyyatlardan çıxıb sistemə baxın. “Bu gün nə oldu?” sualından başqa, “biz ümumiyyətlə nəyə çalışırıq?” sualını da verin.
4. Maliyyə hesabatları idarəetməyə inteqrasiya olunsun. Təkcə vergi üçün deyil, planlama və təhlil üçün də istifadə edilsin.
5. Xarici məsləhətçilərlə işləyərkən müdafiə yox, qəbul mövqeyi seçin. “Bizdə belədir” əvəzinə “Biz daha yaxşı edə bilərikmi?” deyin.
6. “Hamı belə edir” yerinə “biz niyə belə edirik?” deyin. Çünki hər şirkətin öz konteksti, öz reallığı və öz ehtiyacı var.
Görünməyən “normal”lar ən təhlükəli sistem səhvləridir. Onları dəyişmək üçün isə ilk addım sual verməkdir.
Təcrübəni təkrarlamaq yox, təcrübədən öyrənmək lazımdır!