BAKI, TurkicWorld
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) və müxalifətə bağlı bələdiyyələrə yönələn korrupsiya araşdırması çərçivəsində İstanbul mərkəzli altı vilayətdə genişmiqyaslı əməliyyat keçirilib.
TurkicWorld xəbər verir ki, əməliyyat nəticəsində İstanbul Elektrik Tramvay və Tunel İdarəsi (İETT) Baş direktoru İrfan Demet də daxil olmaqla 25 şübhəli barəsində həbs qərarı verilib, onlardan 20-si saxlanılıb.
İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan əməliyyatlar, daha əvvəl ifadə verən Aziz İhsan Aktaşın açıqlamaları əsasında həyata keçirilib.
İddialara görə, şübhəlilər İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı İSFALT və İETT qurumlarından alınan tenderlərə müdaxilə edərək qanunsuz gəlir əldə ediblər.
Prokurorluğun məlumatına görə, tender komissiyalarında iştirak edən və qərarvermə səlahiyyəti olan şəxslər bu fəaliyyətlərdə iştirak ediblər. Şübhəlilərin saxlanılması üçün İstanbul, Antalya, Çanaqqala, Trabzon, Bursa və Giresun vilayətlərində eyni vaxtda əməliyyatlar aparılıb.
Əməliyyat nəticəsində 20 nəfər saxlanılıb, digərlərinin axtarışı davam edir.