Olaylar.az xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Feysəl bin Fərhan Bloomberg agentliyinə açıqlamasında bildirib.
"Krallıq üçün İsraillə münasibətlərin normallaşması yalnız Fələstin dövlətinin yaradılması ilə mümkündür", - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, bu mövqe dəyişməz olaraq qalır və Səudiyyə tərəfi əmindir ki, regionda davamlı sülhə və real inteqrasiyaya yalnız fələstinlilərin qanuni hüquqları təmin edildikdə nail olmaq olar.
Bloomberg qeyd edir ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının "İbrahim sazişlərinə" qoşulması üçün çağırışlarını davam etdirir. Bu sazişlər Tramp administrasiyasının vasitəçiliyi ilə bir sıra ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.
Lakin Səudiyyə Ərəbistanı vəliəhd şahzadə Məhəmməd bin Salmanın mövqeyini dəfələrlə bəyan edərək, istənilən razılaşma çərçivəsində Fələstin dövlətinin yaradılmasının əsas şərt olduğunu vurğulayıb.
Nazir əlavə edib ki, hazırda Qəzza sektorunda hökm sürən humanitar fəlakət normallaşma danışıqlarının qarşısını alır:
"İnsanlar Qəzzada ölməyə, əziyyət çəkməyə və dağıntılar içində yaşamağa davam edərkən normallaşmadan danışmağın mənası yoxdur".