Vaqif Osmanlı
Müdriklərin yaşı olmur, zəkası, dərrakəsi, intellekti olur. Bəzən elə ahıla rast gəlirsən ki, beynində yel vurub yengələr oynayır. Bəhruzu çoxdan tanıyıram və tanışlığımızdan məmnunam. Üz-üzə gəldiyimiz gündən onu başı qarlı, dağ vüqarlı görmüşəm. İndi 50 yaşındadı. Söhbət nə yaşdadı, nə başda. Bəhruz o yaşda da müdrik idi, gənc müdrik. Vətəncanlı, dostcanlı, sözcanlıydı. İndi də elədir. “Can” sözünü elə-belə işlətmədim. Bəhruzun doğulduğu Buynuz kəndinə Canalı dağı keşik çəkir. O dağın zirvəsindəki qar və buzlaqların suyundan əmənGöyçay çayı əvvəl kükrək, sonra da aram-aram yol gələrək qoca Şirvan düzlərinə həyat verir. Bu “can”ların vəhdətindəki ərazidə doğulan Bəhruz başqa cür ola bilərdimi? “Can”lar birləşib Bəhruz kimi oğula nəfəs, mənəviyyat, təb verib.
Buynuz da zirvədi, hər iki anlamda. Zirvələrinin məğrurları – dağ keçiləri, dağ kəlləri buynuzları ilə möhtəşəmdi. Buynuz kəndi də insanları ilə. Bütün canlılar təbii mühitin yetirmələridi. Körpəliyindən sıldırım qayaların “monumental” canlı heykəllərini görüb özündə mənəvi keyfiyyətlər formalaşdıranlar yenilməzliyi, məğrurluğu, qartal vüqarı ilə seçilirlər. Bəhruz Məmmədov da seçilənlərdən, seçilmişlərdəndi.
Buynuz kəndi bir də ona görə başdı, zirvədir ki, orada Türk dünyasının hər yerindən boy verən Musa Yaqub ilahi poeziya qalası, söz məbəbi tikib, bu qalanı bütün ömrü boyu yad nəfəsdən qoruyub. O məbəddə saflaşmaq taleyinə yazılanlardandı Bəhruz. Özünü anlayandan həqiqi sözə vurulub, söz də onun sevgisinə laqeyd olmayıb.
Qazi şair 50 yaşında yolumuza “Xəzan yarpağı” səpələdi. Onun “Xəzan yarpağı” sözün baharıdı. Al-əlvan rənglərin qarışığından ilmə-ilmə “toxuduğu” bu söz çələngi möhtəşəm söz xalçasıdı – fikir ilmələri, ornamentləri, əriş-arxacı ilə. Sözsevərləri kövrək və lirik notlarla süslənən bir ömrün ayrı-ayrı ladları ilə - payız və sevgi ovqatlı, barıt və səngər qoxulu, dəniz və qağayı kimi azad duyğuları ilə tanış edən Bəhruz nəhayət ilk mənəvi övladının dünyaya gəlişinə bizi də sevindirdi.
Barıt qoxusu, səngər həyatı, döyüş dostu itkisi 18 yaşından bu yolu könüllü seçən Bəhruzla beş il qolboyun olub. Bu qolboyunluq bir ömür sınağıydı.Bəhruz bu sınaqdan üzüağ çıxdı. İtkiləri də oldu, qazancı da. Vətəni xain yağıdan qorumaq Vətən oğullarının ən ümdə vəzifəsidi. 18 yaşında ali məktəb auditoriyasını nəmli səngərə, qanlı döyüş meydanına dəyişən könüllü Bəhruzun ürəkgöynədən itkiləri Vətən torpaqlarının poliqona çevrilməsi və məğrur zirvələr kimi çiyin-çiyinə dayanan döyüş dostlarının şəhadətə qovuşması idi.
Bəhruz mərhum şair Alim Məhərrəmlinin onun yaradıcılığı barədə nə vaxtsayazdığı “Özünü yazan şair” (orijinal təqdimatdı, doğrudan da Bəhruz özünü yazır, bəzəksiz-düzəksiz) ədəbi təəssüratlarını ön söz yerinə ilk kitabına yerləşdirməklə bir daha inamımı təsdiq etdi ki, dostcanlıdı, dost dəyərini dəyərləndirəndi, bir çoxları kimi unutqan deyil. Əminəm ki, Alim Məhərrəmlinin də ruhu sevinir. O, Bəhruzun mənəvi dünyasına yaxşı bələd idi. Bəs poetik dünyasına, təxəyyülünə, istedadına? O bələdliyi bu cümlələr tam təsdiqləyir:
“Əslində şairlərin (təbii ki, söz əsl şairlərdən gedir – A.M.) qocası, gənci olmur, şairlərin yaşı illərlə ölçülmür, yazdıqları ilə ölçülür. Bəhruz yaşca gəncdi, amma sinəsinin altında min yaşlı ixtiyar yaşayır elə bil. Bəhruz sonda deyəcəyini, tələsib əvvəldən demir və şeirləri eynirəngli deyil, hərəsi bir ovqat üstündə yazılmış bu şeirlərin udduğu məqam odur ki, onlar həqiqəti, gerçəkliyi ehtiva edirlər, aldadıcı şirinlikdən uzaqdırlar”.
“Xəzan yarpağı” qazi şairin cəbhə gündəliyidi, payız etüdləridir, el-oba, yurd, torpaq, Vətən eşqli duyğularıdı, səmimi sevgi etiraflarıdı, dalğalı, ləpəli, təlatümlü, qağayılı dəniz ömrünün təlatümləridi. Bu bölgünü edəndə özümü qınadım. Xeyli müddət xarakterinə bələd olduğum Bəhruz dünyasını niyə yetərincə kəşf edə bilməmişəm? Coğrafiyaçı olsam da, bacarıqlı səyyah deyiləmmiş…
Qazi şairin ömrünü ayrı-ayrı mərhələlərə ayırsaq, ən ağır və ən qürurlu dövrü birinci Qarabağ müharibəsi illərinə düşür. Onun “Əsgərlik xatirələrim” şeiri hərb tariximizə işıq salan poetik mayakdı, salnamədi. Bəhruz bir özündən müştəbehlə söhbətini şeirə çevirib. Əsgərlikdə kef çəkdiyi ilə qürrələnən bu özündənrazı papasının dibçəkgülü balası qazi şairdən “əsgərlikdə olmusan?” soruşanda gülümsünən Bəhruzun verdiyi cavabdan bir daha əmin oldum ki, o, qeyri-adi insandı. O özündən müştəbeh hardan bilsin ki, Bəhruz nəyə və nə üçün gülümsəyir. “Anlamaq dərd deyil”sə də, ay Bəhruz beyin qırışları və ürəyi piylənmişlərin işi də deyil.
- Başlarından bildik ki, 5 nəfərdilər,
Mərmi partlayanda
qarışmışdılar bir-birinə.
Yük torbalarına yığdıq,
Hərəsinə bir baş, bir az əl, ayaq.
Onlar çoxdan qarışmışdılar
bu torpağa.
Amma neyləməli?
Gözü yolda qalanlar var,
hələ də övlad qəbrini qucaqlayıb
hönkürməyə həsrət…
…kiminin ayağı kiminin başında,
Kiminin başı kiminin əlindəydi onda
gecələri şinanayla yatmayan
küləklər şəhərində…
Qazi şair Süleyman Abdullanın “Yada salma” şeiri Bəhruz Məmmədova ünvanlanmış poetik qanlı hərb salnaməsidir. Poetika və qan tam təzadlı bənzətmə olsa, da bu artıq 35 ildir ki, gerçəkliyə çevrilib – söz adamları həm də müsəlləh əsgər olandan. Şeirin ilk bəndindən ölümlü-itimli Qarabağ müharibəsini içinə düşürük. Süleyman Abdulla “danışsan dil yanan, dodaq odlanan, dilin söylədiyi ağıla sığmayan, ürək heç, adam heç… lap dağ odlanan” xatirə-gerçəklikləri vərəqləyir. Bu çağdaş zamanımızın “qorxulu nağıllar”ı deyil, hüznlü, qazi xatirələridir.
Üzünü çevirmə uşaq tərəfə,
Qorxacaq…
`üzündə meyid rəngi var.
Mərmi kirpiyini qırpma hər dəfə,
Səngər gözlərindən cəsədlər çıxar.
Acı gülüşündən tank oda düşər,
Bu top mərmisidir…
futbol oynama.
Mina çəkmələrinofsayda düşər,
Uçar göy qapıya qıç…
qol…
oynama!
Qazi şair Süleyman Abdullanın tükürpədici misralarını oxuyanda ikinci Vətən müharibəsi başlanan kimi “yaddaşına “qəlpə”, huşuna “çat” düşənlərin” (S.Abdulla), “müharibə” sözünü eşidib Vətəndən pərən-pərən düşənlərin səsi okeanın o tayından gəldi. Qazi Süleymanların, Bəhruzların və başqalarının ilahi yolunun davamçıarı isə “düşmənin başına hirs gülləsini sıxdılar” (S.Abdulla)
Və yeddi bəndlik “qorxulu dəhşət filmi”nin – ssenari müəllifi Süleyman Abdulla, qəhrəmanı Bəhruz Məmmədov olan “Yada salma”nın son kadrları:
Nolar, o günləri yada salma… yox,
Yaddaşa qəlpələr, huşa çat düşər.
Bizim nağıllarda göydən alma yox,
Allah göstərməsin, raket-zad düşər…
“Azadlığı bu dünyaya bayraq edib yayan millətə, Qarabağdan gedən qatara bel bağlayıb yatan millətə” Bəhruz bu günümüzün “Yeni carçı”sı kimi (eyni adlı dərginin və qəzetin təsisçisi Bəhruzdur) car çəkir, həyəcan “SOS”-u verir, ün salır:
Vətən bizi səsləyir,
Qalx ayağa, Vətən daşı!
Bəsdi muğam, bəsdi yallı,
Qoy oxunsun əsgər marşı…
Hamı dursun tən, yanaşı.
Bəhruzun təxəyyülündən qidalanan şeir nümunələrində heca, qafiyə, nöqtə, vergül xətasıaxtaranlar, dodaq büzənlər - hədəfi yayındıran bədxahlar, o poetik axtarışların dəyərini həqiqətdə, gerçəklikdə, Vətən və millətsevərlikdə, cəsarətdə, ölümün gözünün içinə gözünü qırpmadan baxmaqda, hadisələrə ayıq münasibətdə axtarın, ütülü, şablon qafiyələrdə, pafoslu misralarda yox! İndi şüarçı, yalançı vətənşivəni qulaqbatıran sözbaz və vətənbazlar söz meydanında at oynamağa səy göstərsələr də, onların “sənət”i uzaqbaşı qırxgünlükdür. Bəhruz kimilərin duyğu yarpaqları hay-küysüzdür, anlayanlar üçündür, o şeirlərə ayıq düşüncə hakimdir. Bəhruzun “gerçək qəhrəmanları artıq bizə nağılları unutdurub”:
…Millətimin Polad kimi
oğulları olsun deyə,
Şişirtməyin hər yerindən duranları,
Öz-özünü tərifləyib,
yalan, xülya quranları…
…Bər-bəzəksiz, sadə dildə
başa salın balanıza,
sevdiyi bir oyuncağı
heç kimsəyə vermirsə o
deyin o cür keşik çəkib
Vətən adlı qalamıza.
…Qoy yetişsin yurdumuzun
Polad kimi oğulları…
Bəhruzun “nağıl”larında “çiçəklərin qoxusu bir başqadı, yuxular gerçəkdi, güllə küləyində titrəyir otlar, çoxunun gecəsi qalır sabahsız, hər güllə öpüşü ürək susdurur, külək hər gün bir hava çalır siyasət meydanında”.
Bəhruz duyğu və düşüncələrindəki inamı, əqidəni bizə də yansıdır. Qarabağ ünvanlı arzu və ümidlərimizi Vətən oğulları 44 gündə gerçəkləşdirdi. Bəhruz məni də düşüncələrə qərq etdi: niyə növbəti bayrağı İrəvana sancmayaq? “Kişilik məktəbi”ni əla qiymətlərlə bitirən qazi şair inanır və inandırır ki, “məhəbbət isidir soyuq səngərdə, güllə qarşısında duran əsgəri”. O, Vətənməhəbbəti dərsinin də əlaçı əsgəridi. Türk-Turan coğrafiyasının möhtəşəmliyinə, nəhəngliyinə inanır, bilir ki, Türk titrəyib özünə dönəndə dünya Türkün olacaq.
Ey Vətən ümidi, ey şanlı Əsgər,
Mətin dayanmlşdın, irəli, rəvan.
Bayrağı sancmağa növbəti minbər,
Nə Laçın? Nə Şuşa? Yalniz İrəvan!
Çağdaş ədəbiyyatda yaddan çıxan, çox nadir rast gəlinən bir poeziya janrı var – beyinəqoşulma. Söz adamı hansısa bir həmkarının ürəyinə yatan bir misrasından, yaxud bir bəndindən bəhrələnib onun beyninə (təxəyyülünə) qoşulub yeni şeir yaradır.Haçansa Bəhruzun bir misrasından yapışıb onun beyninə qoşulmuşam. Yəqin Bəhruzun beyninə qoşulub öz beynimi gəncləşdirmək, qazi şairin beyni kimi təravətləndirmək könlümdən keçib:
“Dərd atıram gur ocağa bir qucaq”,
Höyüş dərddən tüstülənir hey ocaq.
Sevinc mağmın, dərdlərimsə çox qoçaq,
Baxtım ala, gözüm qara, başım ağ...
Bəhruz cəbhəyə gedəndə tələbə yoldaşlarına, dost-tanışlarına keçmiş sovet şüarı “Hər şey cəbhə üçün!” hayqıranda bəzi “Vətən, Vətən” bağıran vətənsizlər “hərbi hissədən çıxıb kinoteatrın qarşısında qazlı su dükanında armudlu limonad içib qoltuğundakı qızı ən arxa oturacaqda öpüş atəşinə tuturdu”. O vaxt Vətən oğlu xəbərdarlıq edirdi ki:
... Məndən şeir istəməyin, gözəllər,
Küsüb gedib pərim məndən nə vaxtdır.
Söz muncuğun məhəbbətlə düzərlər,
Sevgi üçün indi yaman bivaxtdır...
“Bivaxt”dan sonra Bəhruz sevgini qibləgahı bildi. Niyə də bilməsin? Cavid Əfəndi “mənim Tanrım gözəllikdir, sevgidir”, Bəxtiyar Vahabzadə “eşq həyat ağacıdır”, Əli Kərim “qayıt yerinə qoy Ayı, Günəşi, qayıt sahmana sal bu kainatı”, Musa Yaqub “bir məhəbbət harayından oyanmış, bir-birinin taleyinə sığınmış, bir arzulu ömürdaşıq, ay sonam” inamlıdırlarsa, niyə onun mənəvi nəvəsi “başımı əyirəm mən o sevgiyə, eşq özüdür od, su, hava, torpaq, göyərən otlar, hər solan yarpaq” inamında, inancında olmasın?
Ürək ibarətdir bir tikə ətdən,
Sevgiylə o, böyük dünya olacaq.
Səhər doğan günəş yenə batır ki,
Ay da sevgisini göstərə bilsin.
Sinəmdəki tarımlanmış sevgi simi,
Bir nəğmənin notlarına qəm ələyir.
Burax ruhunu getsin, nə salmısan kəməndə...
Dünya zindana dönür
Eşq içində öləndə...
Azərbaycan şeirində payız ovqatlı uğurlu lirik düşüncələr çoxdur. İlhamı payızdan, xəzandan mayalanan şairlərin kövrək duyğularından hördükləri söz çələnginə qazi şair Rəfail Tağızadənin söz dünyasında valeh olmuşam. Bəhruzun payızı, xəzan yarpaqları da Müşfiqin “Duyğu yarpaqları” kimi düşündürür, oxucusunu duruldur. Onun sarı yarpaq humanizmi insanlığa çağırışdı. Bəhruzun payızı, xəzanı həyatvericidi, qanımızı qaynadır, hisslərimizi sığallayır,sevib-sevilməyə səsləyir -bahar kimidi.
Əslində şair ömrünün bir fəsli var - sevgi ilə gözəlliyin izdivacından doğulan söz fəsli. Bu iki ilahi varlığın vəhdətindən poeziya yaranır. Əsl poeziya qəlbin nurudur. Xəzan yarpaqlarının işığında oxucunu ovsunlayır Bəhruz:
Bir oğlan qəribdir
doğma kəndində,
Bir gözəl qız da var
köçməyə hazır.
Bir yay şeirinin
bu son bəndində,
İlk payız ayrılıq
nəğməsi yazır.
Bəhruzun minimalistşeirləri yığcam olsa da cahanşümul fikir yüklüdür. Bu şeirlərdə insanın taleyi, qisməti var, sözün hikməti, qüdrəti var. Az sözləçox şeyi anlada bilmək zamanın tələbidi, vaxt qızıldır axı. Kiminsə zamanını oğurlamaq cinayətdi. Bəhruzanlayana tutiyə kimi içirdir sözü, dadı damaqdan getmir, tamarzı qalırsan, bu tamarzılıq mənəvi doyuma çevrilir:
Bu yağan yağış yox, göz yaşlarıdı,
Buludlar ağlayır mənim yerimə.
Damlalar eşqimin sirdaşlarıdı,
Hərəsi bir az qəm qatır şerimə.
Fırça, qələmlik deyil,
Hərəni bir göz çəkir.
Təkcə şair şəklini,
Yazdığı bir söz çəkir...
Kələknən gələnlərin
Küləyi dağ aparır,
Danışıb, gülənlərin
Dilini lal qoparır.
Buynuzda doğulub bütöv Azərbaycanın, Türk dünyasının söz kainatına ilahi söz işığı paylayan, “ruhuyla söhbət” edə-edə ruhumuzu, zövqümüzü təzələyən, “bu dünyanın qara daşını göyərdən” Musa Yaqubun ümidi, davamçısı Bəhruz Məmmədovun şeirlərindən Buynuzun, ustadının poeziyasının ətri gəlir, nəfəsi hiss edilir. “Buynuzun bir başqa baharında – bənövşə quzeydən miskin boylananda, köçəri quşlar səs-səsə verəndə, bir az leysan yağıb ildırım çaxanda, bir başqa yayında – çayın laylasında körpə kimi yatanda, bir başqa payızında – bir az yağış yağanda, bir az yarpaq, bir az şair islananda, bir az torpaq, bir başqa qışında – kənd qardan yorğan geyinəndə, dağlarda bulaqlar buz bağlayanda, şipşirincə qəndimiz bir az buzdan olanda”...
Aman Tanrım, bu “bir az”lardan da ilahi “Buynuz mənzərələri” yaradanın neçə ürəyi, neçə gözü, neçə başqa duyğu üzvü var görəsən?! Musa Yaqub məktəbi!
Könlümə qar düşüb,
Üşüsün ayağım, üşüsün əlim.
Girim xatirələr burulğanına,
Gedim uşaqlığa qayıdım gəlim.
Gəlim o balaca saf uşaq kimi,
Nə dərddən, nə qəmdən xəbərim olsun.
Ram suyun üstündə donan buz kimi,
Sımsığal, tərtəmiz ürəyim olsun...
Sözsevərlər çağdaş Azərbaycan poeziyasının onurğa sütunlarından biri Musa Yaqubu cismən itirəndə Bəhruz Buynuzdan uzaqlarda - Neft Daşlarındaydı. Yaşadığı 9-cu qatdakı mənzilinin pəncərəsinə qonub məlul-məlul içəri baxan, ilk dəfə möcüzələr şəhərinə pənah gətirən qaratoyuq gecəyarı Buynuzlu oğlana bu xəbəri verməyə ürək eləməyib. Ancaq soraq gətirənin küskün, soyuq baxışından Bəhruz anlayıb ki, Qafqazın poeziya qartalı, “ilahi, mən bu daşı götürüm, götürməyim?” dileması ilə üz-üzə qalan poeziya sərkərdəsi “dünyanın bu boyda oyun-moyunu”ndan bezib haqq tərəzisinin gözləri əyilməyən dünyaya köçüb. “Musa Yaqubun vəfatına” şeiri onun ustadına yazdığı elegiyadı. “Vələslər kimsəsiz qalan, Şah dağı qocalan, Sənəm yaylağına vaxtsız qar düşən, dəyirman arxının suyu quruyan, İsgəndər quşları hay salan” darmacal vaxtda dənizin qoynunda Bəhruzun kədərinə şərik olan, təsəlli verən sadiq qələmi və təxəyyülü oldu:
... Dedilər Göyçayın suyu durudu,
Yəqin bulaqların ağladı çoxu...
... Ey ulu Xaqani, ey şair babam,
Saldığın körpüdən biri də keçdi.
Kədərə bürünüb doğma el-obam,
Əlində heç nəsi Dədə də köçdü...
Boş qalmaz Hadinin şeir bazarı,
Sabaha sözüylə Musa da getdi.
Kəndinin payına düşdü məzarı,
Oranı müqəddəs xiyaban etdi...
Ön cəbhədənqayıdan Bəhruz yenə ön cəbhəni seçdi. Dəniz də ön cəbhədi axı.
Bəhruzun ömrünün neçə-neçə anını, gününü, ayını, ilini ana Xəzər qoynuna alıb, Günəşi Xəzərin qucağında qarşılayıb, qürub vaxtı yola salıb uğurlayıb ki, yeni sabahlara hamilə Günəş ana növbəti dəniz gününü doğsun. Onu da qeyd edim ki, bu təbii gözəlliyin doğuluşunu və “hələlik, sabah görüşənədək” deyib “istirahət”ə getməsini fotoaparatın, telefonun yaddaşına köçürmək onun sevimli işidir. Onun belə “əsər”lərini görəndə Flora Kərimova və Yalçın Rzazadənin ifasında Emin Sabitoğlunun “Bakı, sabahın xeyir”, Şövkət Ələkbərovanın bal kimi şirin səsində Tofiq Quliyevin “Axşam” mahnılarını qeyri ixtiyari zümzümə edirəm. Və Bəhruzun qağayılarla munis söhbətini eşidirəm: “Qağayılar, qıy vurun!” Bir də dalğaların şahanəliyinə, qara-boz qayaların dalğalarla savaşı zamanı mərdanəliyinə, ləpələrin həzin zümzüməsinə, polad estakada-yolların dözümünə Bəhruzun poetik baxışı elədir ki, dəniz mənzərələri yaradan ən məşhur marinist rəssamlar və şairlər buna qibtə edərlər.
Bəhruz bu gün daha çox Xəzərin - “Sevgi dənizi”inin insan əliylə çirklənmiş suyunun halına yanır. Həyəcan təbili çalır ki, ey insanlar, bizdən varını əsirgəməyən,təmənnasız şəfqət göstərən Xəzərin bizdən bir istəyi var – mərhəmət. Mark Tvenə görə, şəfqət və mərhəmət elə bir dildir ki, onu karlar da eşidir, korlar da oxuya bilir. Gecə-gündüz həzin nəğmələr pıçıldayan səxavətli və qağayı qıylıXəzər eşidir və görür.Hətta şair vurğulayır ki, bir vaxt ceyran su içərdi bu dənizdən”. Azərbaycana gələn səyyahlar səfər qeydlərində Pirallahı adasında ceyran sürülərinin gəzdiyini yazıblar. Ceyran da küsdü bizdən, balıqlar da üz döndərməkdədir. Çünki biz dənizin qəniminə çevrilirik, nəfəsini kəsirik.
Ləkələyir qara mazut çöhrəsini,
Qara kürü, qızıl balıq, nərəsini,
Itirəcək belə getsə bəhrəsini,
Sonra da gəl bu dənizdən inci istə.
Bəhruz dəniz kimidi, səxavətli və qayğıkeş. Bəhruz payız kimidi, daha doğrusu, payızla eşq yaşayır. Ürəyi genişdi. Bütün gözəllərə və gözəlliklərə ürəyində yer var. Bir həzin dəniz mehi, payızda köç edən durna qatarından düşən bir lələyin titrək rəqsi onun könül tellərini dilə gətirər. Payız çiskinində “daha islanmaqdan yoxdu qorxusu, sinəsinin üstündən keçən dağ çayı isti xəyallarına” sərinlik gətirir.
Onun xəzan yarpağı humanizminə, fəsəfəsinə duyğulanmamaq ürəksizlik əlamətidir, sevgi çatışmazlığı sindromudu. “Ayağı altındakı xəzan yarpağı onun vücudunu titrədir”. Dünyanın qəribə işləri düşündürür onu:
Yaşayıb budaqda, torpaqda çürü...
Günəşin rəngini əyninə geyib,
Kəfən tikdiribdi yarpaq özünə.
İlahi! Budurmu poeziya?! Budursa, şairin qəlbindən axıb gələn, insanlığa örnək işıq selinin miqdarı, istisi nə qədərdir! Bunu rəqəmlərə sığışdırmaq mümkün deyil.
Tam əmin oldum ki, poeziya heyrətdi!
Niyə yaxınlaşır bu torpaq mənə,
Sonbahar ömrünü mənə görk edir?
Min yarpaq bir gündə budaqdan yenə,
Bir yarpaq qayıtmır, biryolluq gedir.
Bəhruz qeyri-adi söz adamıdı – “yazılmayan şeir”ni artıq yazıb.
O, 13-14 yaşında elə sevib ki, “heyif ki, dərdini bilmirdi sevdiyi, ürəyini bəndə salan çox gözəl ingilis dili müəllimi”.
Artmışdı həvəsim on qat məktəbə,
Səliqə-sahmana fikir verirdim.
Qəlbim də gəlmişdi yamanca təbə,
Ingilis dilində qəzəl deyirdim....
... Günlərin bir günü təzə bir xəbər,
Bombatək partladı qulaqlarımda.
Gəlin köçəcəkdir o gözəl dilbər,
Taqət də qalmadı ayaqlarımda.
Başqa bir ilahi eşq:
Sən demə yenə də açıq qoymusan,
Yuxuma gələndə pəncərələri.
Əynimdən paltarı nə vaxt soymusan?
Yorğansız qoymusan düşüncələri...
“Xəzan yarpağı”nın son yarpaqları nəsrlə yazılmış ömür etüdləridir. Təkcə adları çox mətləbləri anladır: “73-lər qırmızı kitaba düşüb”, “Atamın əlləri”, “Şuşaya getməyim gəlir”,“Yalnız gələcəyə doğru”, “Ad qoyun” və “Görən sonu çoxmu ağır?”. Bəhruz qazi də 73-lərdəndi, belələrini qorumaq onları anlayanların, mənəviyyatına heyranların müqəddəs işi olmalıdır. Birinci Qarabağ müharibəsinin ilk könüllüləridi 73-lər.
“Atamın əlləri” kitabın bir səhifəsinə sığan əsərdi. Bəli, əsər! Tam əminliklə “əsər” deyirəm! Nə var o əsərdə? Mən oxuyanda keçirdiyim hissləri indi ona görə yazmıram ki, oxuyun, siz də o hisslərin ağuşunda təmizlənin. “Şuşaya getməyim gəlir” uşaqlıq xatirələri ilə 50 yaşın düşüncələrinin vəhdətidi. O vaxt da, indi də sevimli müəllimi – indi Xəzər dənizinin şərəf salnaməsinin Neft Daşları səhifələrini onunla birgə yazan Xeyrulla Ağayevin şagirdlərini Şuşaya aparması təəssüratlarının əvvəlini Bəhruz uşaq fəhmi ilə, sonunu qazi döyüşçü təxəyyülü ilə yazıb. O vaxt – 6-cı sinifdə Bəhruz bu “səyahət”də “erməni milləti ilə yox, erməni xisləti ilə tanış olmuşdu”. Ona görə də ADNA-ya qəbul olunan kimi Qarabağa – ön cəbhəyə üz tutdu. Xislətinə bələd olduqları ilə haqq-hesabın vaxtıydı. Başlandı ikinci səyahət: “Vətən müharibə şəraitində. Şuşa da çağırır... 5 il səyahətimi gah səngərlərdə, gah qəbiristanlıqlarda başdaşına söykənərək, meşələrdə ağac koğuşlarında isinərək, dağlarda üzü göylərə yaxın ulduzları seyr edərək, barıt qoxusunda, qan iyində, güllə yağışında, mərmi gurultusunda, şəhidlərin son nəfəsində yaşayaraq keçirdim... Dəyişdi səyahətimin hədəfləri...”
Biz Şuşa həsrətli günlər yaşadıq,
Vətən harayına kənardan baxdıq.
Şikəstə oxundu qulaq asmadıq,
Cəngi şeypurları çalınsın gərək!
“Cəngi” şeypurlar çalındı, Bəhruz. Qala Şuşamızın azad edilməsi savaşı başımızı ucaltdı, dünyaya səs saldı. Pələng oğullar dişiylə, dırnağıyla, dəmir yumruğuyla düşmən tapdağından təmizlədi sənin 6-cı sinifdə gördüyün məğrur şəhəri. Xain düşmən gözünü qırpmağa imkan tapmadı...
O vaxtdan Bəhruz enişli, yoxuşlu yollardadı. “Özünü axtarır, haqq yolunun yolçusudu qələmi, Zərdabidən qüvvət alır hünəri”. Tapıbmı özünü?İnsanın özünü tapması çətin işdi. Əsas odur ki, biz onu tapmışıq. Bəhruz özünü anlayandan özüylə döyüşdədi. Özüylə döyüşün qalibləri bir ilahi yoldadırlar – kamilliyə doğru yolda. “Bu dünyada nə uçmaq lazımdır, nə də büdrəmək. Sadəcə addımlamaq lazımdır, gələcəyə doğru!”
İrəliyə doğru getdikcə “nədən nəyə keçib yaşadığımız” kəlləmayallaq zamanın adını da tapacağıq. Düşüncələrimizi köləlik zəncirlərindən xilas edəndə biləcəyik ki, “biz kimik?” Edə biləcəyikmi? Budur əsas məsələ! Yoxsa ömrümüzü “çək ki, çəkəsən”ləmi başa vuracağıq? “Görən çoxmu ağır” işdi düşüncə azadlığı?
Bəhruzun “qələm təcrübələrinə qulp yox, ad qoydum: “Bir ömrün himni”. Ad qoymağı özü xahiş eləmişdi “Xəzan yarpağı”nı son yarpağına kimi əzizləyənlərə, ondan mənəvi qida alanlara. Mən əzizlədim, qidalandım. Ancaq doymadım. Bəhruz hələ çox yazmalıdı sözdən doymayanlar – sözə təşnəlilər üçün.
Taleyin, Tanrının insana ərmağan etdiyi ən qiymətli bəxşişi, ən şirin payı ömürdü. Xəzan yarpağına bahar ömrü verən Bəhruzbəyaz başına al-əlvan yarpaqlarını şabaş kimi ələdiyi, ayaqları altına xalıtək döşədiyi tanış, doğma, qocaman vələs ağacının yanında oturub, arxasını etibarlı arxadaşına söykəyib dərin düşüncələr aləmindədi:
Ömür payıdır,
bu əzəldən bəllidir,
Ya bayatı,
ya da qaravəllidir.
Nağıl ömrün
indi yaşı əllidir.
Aman Tanrı,
necə keçdi bu zaman?
Bir belə də
yaşamağa var aman?
Var, qazi şair dostum, qardaşım, var! Inanıram. Sənin kimiləri nə qədər çox yaşasa, yaratsa,cəmiyyət də boz-bulanıq halından duruluğa doğru gedər...