Cəlilabadın sabiq baş memarı Sahil Qəmbərli və sabiq bələdiyyə sədri Mehdi Kərimovun cinayət işi üzrə verilmiş apellyasiya şikayəti və protesti əsasında keçirilən məhkəmə prosesi baş çatıb.
Şirvan Apellyasiya Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin verdikləri apellyasiya şikayətləri təmin edilməyib. Dövlət ittihamçısının sabiq bələdiyyə sədri Mehdi Kərimov barəsində verdiyi apellyasiya protesti isə təmin edilib.
Belə ki, onun barəsində birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 62-ci maddəsinin (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməsinə dair müddəalar çıxarılıb.
Yeni hökmlə Mehdi Kərimova 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Qeyd edək ki, sözügedən şəxslər 2023-cü ildə Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin Cəlilabad rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.