AZ

Mütəxəssis: Uşaqlardakı qorxunu aradan qaldırmaq üçün onlarla vaxt keçirmək lazımdır

Bakı, 29 iyul, AZƏRTAC

Bir çox valideynlər uşaqlarında müxtəlif qorxu və fobiyalar olması səbəbindən mütəxəssisə mürəciət edirlər. Belə hallarda onlara ilk olaraq övladlarına anlayışlı və mərhəmətli yanaşma məsləhət görülür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova söyləyib.

Onun sözlərinə görə, uşaq qaranlıqdan, heyvanlardan və yad insanlardan qorxa bilər: “Bu növ qorxu uşaq yaşlarında, xüsusilə 3-8 yaş aralığında normal inkişaf mərhələsi kimi görülə bilər. Lakin çox intensiv və uzunmüddətli olduqda, müdaxilə tələb edilir. Valideyn ilk növbədə övladının qorxusunu anlayıb, ona etibarlı davranmalıdır, onu qorxusu ilə tək buraxmamalı, mühakimə etməməli, uşağın qorxularını kiçiltməməlidir. “Nədən qorxursan?”, “Bundan da qorxarlar?”, “Artıq böyük uşaq oldun”, “Bundan qorxmağa dəyməz” kimi ifadələr əvəzinə, “Mən sənin narahatlığını anlayıram”, “Mən səninləyəm, yanındayam”, “Mən də sən yaşda olanda qorxurdum” kimi ifadələr demək lazımdır və uşaqların hisslərini dinləyib, qorxularına hörmətlə yanaşmaq mütləqdir”.

Leyla Bəşirova qeyd edib ki, qorxunu aradan qaldırmaq üçün uşağı dinləmək, onunla vaxt keçirmək, ona daha çox diqqət yetirmək, birlikdə oyunlar oynamaq özünəinamın inkişafına kömək edir. “Qorxuları səbəbindən uşağa sərt davranmaq, ona qışqırmaq olmaz. Bu prosesdə mümkün qədər sakit olmaq lazımdır. Uşağınızın qorxusu mənasız olsa da, onun yanında olduğunuzu hiss etdirməlisiniz. Qorxu anlarında onları qucaqlamaq, əzizləmək məsləhət görülür. Əgər qorxular uşağınızın həyatına mane olursa və uzun müddət davam edirsə, mütləq mütəxəssislərə müraciət edilməlidir. Əks halda daha ciddi fəsadlar, uzunmüddətli fobiyalar yarana bilər”, - deyə o diqqətə çatdırıb.

Mütəxəssis sağlam həyat tərzinin zehni gücü artırdığını vurğulayıb: “Dərin fiziolojı yuxu, sağlam qidalanma, fiziki fəaliyyət, hər gün 20-30 dəqiqəlik gəzinti belə qorxu səviyyəsini azalda bilər. Qorxunu aşmaq üçün etdiyiniz hər kiçik irəliləyişə görə özünüzü mükafatlandırın, bu, motivasiyanı artırır. Özünəkömək strategiyası başlanğıc üçün yaxşıdır. Lakin özünüz bacara bilmirsinizsə və qorxu gündəlik həyata ciddi təsir edirsə, peşəkar dəstək göstərmək, psixoloq və psixiatra müraciət etmək daha effektiv olar”.

 

 

 

Seçilən
23
azertag.az

1Mənbələr