İyulun 29-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətində yerləşən penitensiar müəssisələrdən birinə hava zərbəsi endirib. Vətəninfo.az xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.
Fedorovun sözlərinə görə, düşmən Zaporojye rayonuna 8 dəfə aviazərbə endirib, ilkin ehtimala görə, bu hücumlar FABA tipli aviasiya bombaları ilə həyata keçirilib. Hədəfə alınan obyektlərdən biri də islah koloniyası olub. Hücum nəticəsində 16 nəfər həyatını itirib, 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunur ki, müəssisənin binaları tamamilə dağılıb, ətrafda yerləşən fərdi yaşayış evlərinə də ciddi ziyan dəyib.
Bundan əlavə, Rusiya qüvvələri Dnepropetrovsk vilayətini də atəşə tutub. Vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, Kamenskoye şəhərinə raket zərbəsi endirilib. Hadisə nəticəsində 2 nəfər ölüb, daha 5 nəfər yaralanıb.