AZ

ABŞ və Çin Stokholmda beş saatdan çox ticarət danışıqları aparıb

ABŞ və Çin rəsmiləri bazar ertəsi Stokholmda ticarət mübahisələrinin həllinə və mümkün ticarət müharibəsinin qarşısının alınmasına yönəlmiş beş saatlıq danışıqlar aparıblar. Bu barədə reuters agentliyi yazıb. 

Görüşdə ABŞ Maliyyə naziri Skott Besant və Çin Baş nazirinin müavini He Lifen iştirak ediblər. Danışıqlar İsveç baş nazirinin Rosenbad ofisində keçirilib və tərəflər mətbuata açıqlama vermədən saat 20:00-da binanı tərk ediblər. Görüşlərin çərşənbə axşamı davam etdiriləcəyi gözlənilir.

Tərəflər daha əvvəl – may və iyun aylarında – qarşılıqlı tarif artımlarını dayandırmaq və nadir torpaq minerallarının ixracı ilə bağlı məhdudiyyətləri nəzərdən keçirmək barədə ilkin razılıq əldə etmişdilər.

Hazırda Çin 12 avqusta qədər ABŞ-la tarif razılaşması imzalamalıdır. ABŞ prezidenti Donald Tramp məsələyə dair Şotlandiyada verdiyi açıqlamada deyib: "Çinin öz iqtisadiyyatını açmasını istərdim".

ABŞ Ticarət Nümayəndəsi Jamieson Greer CNBC-yə bildirib ki, Stokholm danışıqlarından böyük irəliləyiş gözlənilmir. O, əsas diqqətin əvvəlki razılaşmaların icrasına nəzarətə, nadir mineralların tədarükünə və balanslı ticarət üçün əsasların yaradılmasına yönələcəyini deyib.

Danışıqlar, Tramp administrasiyasının Avropa İttifaqından ABŞ-a ixrac olunan mallara 15%-lik tarif tətbiq etməyə dair razılaşmasından sonra baş tutub. Ekspertlər razılaşma əldə olunmaması halında qlobal təchizat zəncirlərinin pozula biləcəyini bildirirlər.

Aytac 

Seçilən
0
1
anews.az

2Mənbələr