AZ

İlon Mask 2027-ci ildə dünyanın ilk trilyoneri ola bilər

Sosial şəbəkələrdə qəzəb dalğası: Bir insan bu qədər varlı olmamalıdır...

Poliqon xəbər verir ki, Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask 2027-ci ilə qədər dünyanın ilk trilyoneri ola bilər. Forbesin hesablamalarına əsasən, hazırda onun sərvəti 412 milyard dollar dəyərində qiymətləndirilir və yalnız son ticarət günündə bu məbləğ 6,4 milyard dollar artıb.

Mask uzun müddətdir ki, DOGE kriptovalyutası ilə bağlı qalmaqallara və kəskin tənqidlərə baxmayaraq, dünyanın ən zəngin adamı olaraq qalır. Bu perspektiv — yəni bir şəxsin trilyon dollar sərvətə sahib olması — xüsusilə mənzil ala bilməyən, sosial təminatla bağlı ümidsizliyə qapılmış minillik nəslin (millennials) ciddi narazılığına səbəb olub.

Sosial şəbəkələrdə məsələ ilə bağlı paylaşımlar viral hal alıb. İstifadəçilərdən biri trilyonun miqyasını belə izah edib:

“1 milyon saniyə — 11 gündür.
1 milyard saniyə — 31 ildir.
1 trilyon saniyə — 31 709 ildir.”

Minlərlə şərhdə insanlar bildirirlər ki, İlon Mask bu qədər sərvətə sahibkən, aclıq və evsizlik kimi qlobal problemləri asanlıqla həll edə bilər, lakin bunu etməməyi seçir:

“Trilyonerin varlığı özü-özlüyündə mənəvi problemə çevrilib”.

“Dünyanı xilas edə bilərdi, amma əvəzində internetdə qəribə paylaşımlar etməyi seçir”.

“Bu vəziyyət 99%-imizi radikallaşdırmalıdır”.

“Kapitalizmin üstünlüyü odur ki, bir nəfər trilyoner olur, hamının tibbi sığortası olmur,” – deyə bəzi istifadəçilər ironik şərhlər yazıblar.

Xüsusilə İlon Maskın bir vaxtlar BMT-nin Dünya Ərzaq Proqramına “Əgər siz konkret izah etsəniz ki, bu pul necə istifadə olunacaq, mən problemi həll etməyə hazıram” deyərək verdiyi vədi xatırladırlar. Həmin vaxt BMT 6,6 milyard dollarlıq ətraflı plan təqdim etmişdi: 43 ölkədə 42 milyon insana bir il ərzində ərzaq yardımı üçün. Lakin Mask həmin hesabatı sadəcə görməzlikdən gəlib.

Sosial şəbəkələrdə ən çox paylaşılan tezis isə belədir:

“Mask aclıq və evsizlik problemini həll edə və yenə də tarixdəki istənilən şəxsdən daha varlı qala bilərdi. O, sadəcə bunu istəmir”.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr