Əmək Məcəlləsi işəgötürənlə işçi arasında hüquq və vəzifələri dəqiq müəyyənləşdirir.
Lakin bəzən bu münasibətlərdə gözlənilməz hallar və ya suallar ortaya çıxa bilər.
Məsələn, işəgötürən işçini əvvəlcədən xəbərdarlıq etmədən işdən çıxara bilər?
Bizim.Media xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Bu, konkret hallardan asılıdır:
“Məsələn, müddətli əmək müqaviləsinin başa çatması, ştatların ixtisarı, müəssisənin ləğvi və ya işçinin əmək funksiyalarını yerinə yetirməməsi kimi hallarda mümkündür. Əmək Məcəlləsinin 70-ç maddəsinə əsasən və ya işçinin attestasiyadan keçməməsi səbəbilə işəgötürən əmək müqaviləsinə birtərəfli qaydada xitam verə bilər”.
Ekspert qeyd edib ki, bir qayda olaraq, bu hallarda əvvəlcədən işçiyə xəbərdarlıq edilməlidir:
“Məsələn, ixtisar zamanı sığorta stajından asılı olaraq işçiyə əvvəlcədən xəbər verilməlidir. Staj artdıqca xəbərdarlıq müddəti də uzanır. Eyni zamanda, işçinin əmək funksiyalarını yerinə yetirməməsi halında əvvəlcə ondan izahat alınmalı, daha sonra digər tədbirlər görülməlidir. Attestasiyadan keçməyən işçilərə də adətən əvvəlcədən xəbərdarlıq edilir.
Amma əmək müqaviləsinin müddətinin başa çatması halında xəbərdarlıq tələb olunmur. Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, əgər müqavilənin müddəti bitdikdən sonra bir həftə ərzində ona xitam verilməzsə, bu halda həmin müqavilə avtomatik olaraq əvvəlki müddətə uzadılmış hesab olunur. Məsələn, bir illik bağlanmış müqavilə bir il müddətinə yenidən qüvvədə qalır”.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta