Kiyev, 29 iyul, AZƏRTAC
Azərbaycan qazının Ukraynaya çatdırılması yaxşı və düzgün təşəbbüsdür.
Bu fikri AZƏRTAC-a Ukrayna Ali Radasının Energetika və kommunal xidmətlər məsələləri komitəsinin üzvü, Enerji qənaəti və enerji səmərəliliyi altkomitəsinin sədri, deputat Sergey Naqornyak söyləyib.
Onun sözlərinə görə, bu addım Ukraynaya qaz defisitini azaltmağa kömək edəcək. Deputat Ukraynanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfənin çox qiymətli olduğunu vurğulayıb.
“Biz Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynaya göstərdiyi köməyə görə təşəkkür edirik. Azərbaycan qazının Ukraynaya ötürülməsi, qarşıdan gələn qışda təbii qaz probleminin həllinə mühüm töhfədir”, - deyə Sergey Naqornyak əlavə edib.
Qeyd edək ki, Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti Azərbaycanın SOCAR şirkəti ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb. Müqaviləyə əsasən Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu üzrə Trans-Balkan dəhlizi ilə ilk dəfə qazın sınaq olaraq nəqli həyata keçirilir.
“Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin strateji əhəmiyyətli addımdır. Həm də təchizat mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir”, - deyə “Naftoqaz” İdarə Heyətinin sədri Sergey Koretski bildirib.
Xatırladaq ki, Rusiyanın qaz infrastrukturunu atəşə tutması səbəbindən Ukrayna qaz hasilatını azaldıb. Bu il Ukrayna Avropadan böyük həcmdə qaz idxal etmək məcburiyyətində qalacaq. Ukraynanın anbarlarına vurulacaq idxal qazının minimum həcmi 4,6 milyard kubmetrdir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev