Məlum olduğu kimi, iyulun 12-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirildi. Toplantıda 28 məsələ müzakirə olundu və əksəriyyəti 2-ci və 3-cü oxunuşda qəbul edildi. İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatdı və deputatlar tətilə çıxdılar. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.
Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Xatırladaq ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyun-iyul aylarında qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb.
Maraqlıdır, deputatlar tətillərini necə keçirir, istirahətə vaxt ayıra bilirlərmi və necə?
Hafta.az olaraq deputatlar arasında sorğu apardıq. Onların əksəriyyəti sorğumuza qatılmağa vaxt tapmasa da, bir neçəsi ilə telefon danışığımız alındı. Beləlikə, həmişə gərgin iş rejimi ilə işləyən, daim qanunlar, digər ciddi məsələlərlə bağlı çıxış edən deputatlardan bu dəfə asudə vaxtlarını necə dəyərləndirdiklərini soruşduq. Deputatın da gərgin iş həyatından, iclaslardan ayrılıb istirahət etməyə haqqı var, elə deyilmi? Elə isə görək bu tətil günlərində kim harda, necə istirahət edə bilir.
“25 il ərzində fasiləsiz iş şəraitində çalışmışam”
Deputat Zahid Oruc parlamentin tətil dövrü başlasa da, Sosial Tədqiqatlar Mərkəzində çalışmağa davam etdiyini, hələ ki, iş başında olduğunu dedi:
"İstirahət etmək, iş fəliyyətinə bir qədər ara vermək, həm də ən yaxın çevrənin ayrı-ayrı qayğıları ilə məşğul olmaq anlamına gəlir. Bu baxımdan, ailəmlə birlikdə kiçik bir zaman çərçivəsində istirahətə də vaxt ayırmağı düşünürük. Azərbaycan bölgələrinin birində nəfəs dərmək, təbiətin enerjisini almaq düşüncəsindəyik. Bu, əmək məcəlləsi ilə insanlara verilən hüquqla bərabər, həm də insan ruhunun, fiziologiyasının qanunlarına əsasən də mühümdür. Belə fasilələr ona imkan verir ki, insan böyük enerji, ruhla, yeni planlarla işə başlasın. Yaşa dolduqca istirahətə vaxt ayırmaq mühüm bir tələbə çevrilir".
Deputat qeyd edib ki, parlamentin üzvü olduğu ilk 10 ildə məzuniyyət göndərişlərindən Milli Məclisin Aparatında olan müəyyən şəxslər yararlanıblar. Bildirib ki, o dövrdə belə imkanlar mövcud idi. İndi isə hər kəs onu özü reallaşdıra bilər:
“25 il ərzində əksər dövrlər fasiləsiz iş şəraitində çalışmışam. Ötən il avqust ayında seçkilərə görə, ondan əvvəl isə Prezident seçkiləri ilə bağlı fasiləsiz işlədik. Həqiqətən də yaxşı çalışmaq üçün müxtəlif fasilələr faydalı olur”.
“Şəki şəhərinə gedib bir az istirahət edəcəyik”
Deputat Vüqar İsgəndərov deyib ki, düzdür, deputatlar artıq məzuniyyətdədir. Amma...
“Biz hələ ki, çalışırıq. Müsahibələr verir, televiziya efirlərində gündəmi dəyərləndirir, siyasi tədbirlərdə iştirak edirik.
Hələlik işləyirik. Amma düşünürəm ki, yəqin ki, avqust ayından ailəmlə birlikdə doğulduğum, seçildiyim Şəki şəhərinə gedib bir az istirahət edəcəyik”.
“Bu qürurla Bakıya qayıtdım”
Deputat Hikmət Babaoğlu bildirib ki, parlament tətilə çıxdıqdan sonra bir həftə istirahət etmək imkanı əldə edib:
“Bir gün Laçında, bir gün Xənkəndidə, bir gün Ağdamda, bir gün Əsgəran və Xocalıda oldum, Ağdərə rayonuna səfər etdim. Ağdərənin ən gözəl kəndlərindən biri olan Vəng kəndində və Xaçın çayının sahilində iş adamlarından birinin çox gözəl tərtibatla bərpa ediyi istirahət mərkəzlərindən birində oldum. Nəhayət, bir dəfə də Şuşada olarkən Gəncəyə gəlib-qayıtmaq imkanım yarandı və Ağdam-Bərdə yolunda avtomobil sürməyin zövqünü yaşadım. O qədər gözəl yollar çəkilib ki, vətən torpağının bir parçasından, işğaldan azad olunmuş ərazilərdən keçərək Bərdəyə yaxınlaşan zaman işğal altında olmayan torpaqlara qovuşmağın çox təzadlı hisslərini yaşadım.
Məni təəcübləndirən bir şey oldu: Şuşdan Gəncəyə cəmi 160 kilometr məsafə olduğu halda, biz illərlə bu məsafəni qət edə bilmədik. Bir müddət dünyanın ən uzun yolu bu gün ən rahat, qısa yolardan birinə çevrilib. Bu qürurla Bakıya qayıtdım”.
Deputat tətilin qalan hissəsini Qars şəhərində keçirəcəyini deyib:
“Hələ sovetlər birliyi qurulmağa başlayanda doğulduğum Amasiya rayonunun kənd camaatının təqribən yarısından çoxu Qarsa köçüblər. Qars Azərbaycan mədəniyyətinin bir parçasıdır. Qarsın bələdiyyə başqanı, əslən bizim rayondan olan Ötkəm İsfəndiyar bəylə birlikdə ahıska türkü olan həmkəndlimizin toy mərasimində nigah şahidliyi edəcəyik. Sonra isə Qars qalasını Axdamar kilsəsini gəzmək fikrindəyəm”.
H.Babaoğlu sözarası “Akdamardan Sarı Gəlinədək erməni yalanı” adlı kitabına diqqət çəkib. Vurğulayıb ki, Akdamar adasında kilsəni ziyarət edib, onun üzərində olan xristian-qıpçaq izlərini daha dərindən öyrənib yeni düşüncə, yeni təfəkkürlə araşdırma aparmaq istəyindədir.
“İstirahətimiz ölkə daxilində keçir”
Deputat Elşad Musayev bildirib ki, parlament tətilə çıxandan sonra ailəsi ilə 1 həftəlik istirahətdə olub:
“Gəldik, indi Bakıdayıq. Arada imkan düşən kimi dəniz kənarına gedirik. İmkan olarsa rayonlardan birinə də gedəcəyik. Hələlik xaricə getməyi planlaşdırmamışıq. Ola bilər ki, avqustda Türkiyəyə getdik. Hələ ki, istirahətimiz ölkə daxilində keçir”.
“Hələ ki, iş başındayam”
Deputat Razi Nurullayev bildirib ki, parlament tətilə buraxılandan sonra da iş başındadır:
“Elə bu dəqiqələrdə bir şəhidlə bağlı keçirilən tədbirdən gəlirəm və bir neçə görüş təyin olunub. Hələ ki, iş başındayam. Vaxt ayıra bilsəm, sağlamlığımla bağlı işlər görəcəm. Hələ ki, harasa səfərə getmək planım yoxdur, Azərbaycandayam, Bakıda”.