Komissarın sözlərinə görə, NATO-nun 70 tonluq tankları şərq sərhədində hərəkətə keçərsə, köhnə tunellərdə ilişə, körpüləri çökdürə və... "sərhəd protokollarında ilişib qala" bilər. Hazırda qərbi Avropadan şərqə hərbi texnika və canlı qüvvənin daşınması həftələrlə, bəzi hallarda isə aylarla vaxt aparır. "Bu reallıqdır", - deyə Tzitzikostas vurğulayıb. O, qeyd edib ki, Aİ-nin hazırkı infrastrukturu "ordu keçidini" nəzərə almadan salınıb.
"Bizdə yenilənməsi və genişləndirilməsi vacib olan köhnə və dar körpülər var. Həmçinin hələ mövcud olmayan, lakin tikilməli olan körpülər də mövcuddur", - deyə komissar bildirib.
Avropa Komissiyası mümkün təcavüz halında hərbi qüvvələrin "bir neçə saat, maksimum bir neçə gün ərzində" hərəkətini təmin etmək üçün 500 infrastruktur layihəsinin modernləşdirilməsini nəzərdə tutan strategiya hazırlayır. Bu layihələr NATO və alyansın hərbi rəhbərliyi ilə birlikdə müəyyən olunub və təhlükəsizlik səbəbindən məxfi saxlanılır.
Brüssel, həmçinin, sərhəd keçidlərində "tankların kağız işlərində ilişib qalmaması" üçün bürokratik əngəllərin azaldılacağını da açıqlayıb. Tzitzikostasın sözlərinə görə, bu plan NATO müttəfiqlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq barədə razılaşmasını, o cümlədən 1,5%-nin təhlükəsizlik və müdafiə infrastrukturuna ayrılmasını da tamamlayacaq.
Xatırladaq ki, iyun ayında NATO-nun baş katibi Mark Rutte Rusiya Federasiyasını alyans üçün "əsas təhlükə" adlandırmış və 2030-cu ildə NATO-ya hücum edə biləcəyini iddia etmişdi. Lakin baş katib bu iddianın hansı əsaslara söykəndiyini açıqlamamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31