AZ

Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlandı

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlamaqda ittiham olunan 1973-cü il təvəllüdlü Fikrət Cəfərovun məhkəməsi başa çatıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, oğurluq hadisəsi bu il fevralın 26-da baş verib.

Bakı şəhər sakini F.Cəfərov həmin gün saat 22:00-da Nərimanov rayonunda yerləşən "Neo Market” adlı mağazanın qarşısında park edilmiş A.Quliyevə məxsus "Mercedes Benz S klass 450” markalı minik avtomobilinin baqaj hissəsinin qapısının açıq olmasından istifadə edərək, oradan 50 manat dəyərində olan çantanı və içərisində aşkar etdiyi 20 manat, 50 manat və 100 manatlıq pul əskinaslarından ibarət, ümumilikdə 96.000 manat pulu və dövrün məzənnəsi ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dolları məbləğində pul vəsaitini götürüb.

O, zərərçəkmiş şəxsin ümumilikdə 130.050 manat təşkil edən əmlakını oğurlayıb.

İstintaq orqanı tərəfindən F.Cəfərovun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 26-da axşam saat 22:00-da "Neo Market” adlı mağazanın yanından keçərkən marketin qarşısında nömrələrini xatırlamadığı "Mercedes S klass” markalı minik avtomobilinin baqaj hissəsinin qapağının açıq olduğunu görüb: "Həmin vaxt güclü qar yağdığından kiminsə baqajı unudaraq bağlamadığını düşündüm. Baqajın qapağını örtmək istədim. Baqaqjda əl çantası açıq olduğundan onun içərisində pul əskinazı bağlaması diqqətimi cəlb etdi. Manat və dollar dəstləri gördüm, ətrafa boylandım. Heç kim yoxuydu, çantanı götürərək oradan uzaqlaşdım”.

Müttəhim qeyd edib ki, daha sonra çantanı evə aparıb, onun içərisindən 7 ədəd bağlamada 100 manatlıq, 1 ədəd bağlamada 50 manatlıq, 1 ədəd bağlamada 20 manatlıq və 1 ədəd bağlamada 100 ABŞ dollarlıq pul əskinasları aşkar edib: "Həmin puldan 2.500 manatını borclu olduğum şəxsə göndərdim.

Fevralın 27-də axşam saatlarında yaşadığım evə mülki geyimli şəxslər gəldi. Mənə xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını, oğurluq cinayəti törətməkdə şübhəli olduğumu bildirdilər. Etiraz etmədim. Onların təklifi ilə yataq otağında çarpayının altında gizlətdiyim pullar olan çantanı təqdim etdim.

Bu oğurluğu tək etmişəm. Avtomobildəki puldan əvvəlcə xəbərim olmayıb”.

İş üzrə zərərçəkmiş qismində danışan A. Quliyevin sözlərinə görə, fevralın 26-da "Binə Aqro” şirkətinin istixanasından götürdüyü pomidor məhsullarını bazara təhvil verib, bunun müqabilində aldığı 96.000 manat və 20.000 ABŞ dolları məbləğində pulları özünə məxsus aşırma kəmərli çantasına yerləşdirib:

"Çantanı da avtomobilimin baqaj yerinə qoydum. Saat 17 radələrində maşını yaşadığım binanın yaxınlığındakı "Neo Market”in qarşısında park etdim və avtomobildən düşərək baqajından siqaret götürdüm. Baqajın avtomatik bağlanma düyməsini basdım və üzümü çevirib yaşadığım mənzilə getdim. Evdə yatdığım vaxt qəflətən qapı döyüldü. Anamın səsini eşitdim. Dedi ki, qonşumuz avtomobilin yanından keçərkən baqajın açıq olduğunu görüb. Dərhal avtomobilinin yanına getdim. Baqaja baxanda dəyəri 50 manat olan çantamın içində olan pulların oğurlandığı məlum oldu”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

F. Cəfərov 6 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
14
qaynarinfo.az

10Mənbələr