AZ

ABŞ Prezidenti Çin səfərini yalnız rəsmi dəvətlə mümkün sayır

Bakı, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə yüksək səviyyəli görüş keçirmək niyyətində olmadığını bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında yaydığı açıqlamada bildirib.

“Saxta xəbərlər mənim Çin Prezidenti Si ilə ‘zirvə görüşü’ keçirmək istədiyimi bildirir. Bu, həqiqəti əks etdirmir.”, – deyə Tramp qeyd edib.

O, yalnız Çin liderinin dəvəti olduğu təqdirdə bu ölkəyə səfər edəcəyini əlavə edib.

Ticarət gərginliyi fonunda ABŞ və Çin rəsmiləri arasında danışıqların üçüncü raundu iyulun 28-də İsveçin paytaxtı Stokholmda başlayıb. İki gün davam edəcək görüşlərdə ABŞ tərəfini maliyyə naziri Skott Bessent, Çin tərəfini isə iqtisadi məsələlər üzrə Baş nazirin müavini Hı Lifinqin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Qeyd edək ki, tərəflər arasında münasibətlərin gərginləşməsinə səbəb ABŞ-ın aprelin 2-də bir sıra ölkələr, o cümlədən Çin üçün əlavə gömrük rüsumları tətbiq etməsi olub. Cavab olaraq Çin də ABŞ mallarına qarşı rüsumları artırıb. Nəticədə ABŞ Çinə 145 faizlik, Çin isə ABŞ-a 125 faizlik tarif tətbiq edib.

May ayında Cenevrədə keçirilən görüşdə tərəflər 90 günlük müddətə qarşılıqlı tariflərin azaldılması barədə razılığa gəlib. ABŞ bu müddət ərzində tarifləri 145 faizdən 30 faizə, Çin isə 125 faizdən 10 faizə endirib.

İyunda Londonda keçirilən növbəti görüşdə isə tərəflər əldə olunmuş razılaşmanın icrasını təmin edəcək “çərçivə mexanizmi” üzərində anlaşdıqlarını elan ediblər.

Seçilən
0
turkic.world

1Mənbələr