AZ

Yüksək istiliklər səbəbilə İstanbulda partlayıcı maddələr qadağan edilib

Bakı, TurkicWorld

İstanbul şəhər rəhbərliyi, yüksək temperatur səbəbilə artan meşə yanğınlarına qarşı əlavə tədbirlər görüb.

TurkicWorld xəbər verir ki, İstanbul şəhər rəhbərliyindən verilən yazılı açıqlamaya əsasən, İstanbulda havai fişək, işarə fişeği, məşəl və digər partlayıcı–yanıcı maddələrin satışı və istifadəsi 29 iyul – 28 oktyabr 2025-ci il tarixləri arasında qadağan edilib.

Rəhbərliyin yaydığı açıqlamada bildirilir ki, "Yay fəslinin təsiri ilə ölkəmizin müxtəlif bölgələrində meşə yanğınlarında artım müşahidə olunmaqdadır. İstanbul Şəhər Rəhbərliyi olaraq bu təhlükənin qarşısını almaq üçün meşəlik ərazilərə girişləri 23 iyun – 15 oktyabr tarixləri arasında qadağan etmişdik. Bu tədbirə əlavə olaraq, İstanbul ərazisində havai fişək, məşəl, işarə fişeği və bu kimi yanıcı–partlayıcı maddələrin satışı və istifadəsi 29 iyul – 28 oktyabr tarixləri arasında qadağan olunmuşdur."

Açıqlamada həmçinin bildirilib ki, bu qadağanın icrası üçün polis, jandarma və digər hüquq-mühafizə orqanları nəzarətləri gücləndirəcək. Qanunu pozan şəxslər və müəssisələr barəsində hüquqi tədbirlər görüləcək.

Qeyd edək ki, 2025-ci ilin iyun və iyul aylarında Türkiyədə baş verən meşə yanğınları ölkənin müxtəlif bölgələrində ciddi fəsadlara yol açmışdır. Bu yanğınlar, xüsusilə İzmir, Eskişehir, Sakarya, Bilecik, ManisaHatay vilayətlərində geniş əraziləri əhatə etmişdir.

İzmir vilayətində baş verən yanğınlar nəticəsində 50 mindən çox insan evakuasiya edilmiş, 200-dən çox ev və bir neçə iş yeri zərər görmüşdür. Yanğınların səbəbləri arasında yüksək temperatur, güclü külək və elektrik xətləri ilə bağlı nasazlıqlar göstərilir. Yanğınların söndürülməsi üçün mindən çox yanğınsöndürən, 100-dən çox yanğın maşını, 14 helikopter və 4 su tökən təyyarə istifadə edilmişdir.

Eskişehir vilayətində baş verən yanğın zamanı 10 nəfər həyatını itirmiş, 14 nəfər isə yaralanmışdır. Yanğınların güclü küləklə sürətlə yayılması nəticəsində bu faciə baş vermişdir. Həyatını itirənlər arasında 28 yaşlı bir meşə işçisi və 2023-cü ildə zəlzələ xilasetmə əməliyyatlarında iştirak etmiş bir AKUT könüllüsü də vardır.

Elm adamları qeyd edirlər ki, son illərdə iqlim dəyişikliyi nəticəsində Türkiyədə yanğın riski daşıyan günlərin sayı əhəmiyyətli dərəcədə artıb. 2025-ci ildə bir çox bölgədə eyni anda bir neçə yanğın baş verir ki, bu da yanğınsöndürmə qüvvələrinin yükünü ağırlaşdırıb.

Bundan əlavə, bu miqyasda meşə itkisi həm atmosferə buraxılan karbon qazı miqdarını artırır, həm də təbii həyat mühitlərini məhv edir. Meşələrin yanması nəticəsində biomüxtəliflik azalır, torpaq eroziyası artır və ekosistemlərin bərpası onilliklər çəkə bilər.

Türkiyə hakimiyyəti yanğınların qarşısının alınması və söndürülməsi üçün hər il daha çox resurs ayırsa da, dəyişən iqlim şəraitində mövcud strategiyaların yenilənməsi zəruri görünür. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, növbəti illərdə meşə yanğınlarının miqyası daha da genişlənə bilər.

Seçilən
0
turkic.world

1Mənbələr