AZ

Putinin virtual şilləvuranı Medvedev Trampa sərt cavab verdi: "Sən kimsən, biz özümüz bilərik..."

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, sabiq prezident Dmitri Medvedev ABŞ senatoru Lindsi Qremin Rusiya ilə danışıqların vaxtına dair səsləndirdiyi bəyanata sərt reaksiya verib.

Olaylar.az-ın xəbərinə görə, o, Qremi və ABŞ prezidenti Donald Trampı tənqid edərək bildirib ki, nə Vaşinqton, nə də onun siyasi fiqurları Moskvaya danışıqlara nə vaxt başlamağı diktə edə bilər.

"Danışıqlar yalnız Rusiya Silahlı Qüvvələrinin qarşıya qoyduğu bütün hərbi hədəflər reallaşdıqdan sonra başlaya bilər. Nə Tramp, nə də Qrem bizim əvəzimizə qərar verə bilməz. Əvvəlcə Amerikanın öz problemlərinə baxsınlar", - deyə Medvedev "Telegram" hesabında paylaşdığı cavabda qeyd edib.

Qeyd edək ki, senator Lindsi Qrem son günlərdə Trampın Rusiya prezidenti Vladimir Putinə verdiyi 50 günlük ultimatumun arxasında dayanaraq Kremlə təzyiqləri artırmağa çağırmışdı.O, açıq şəkildə bildirmişdi ki, Moskva bu müddət ərzində Ukraynaya qarşı hücumları dayandırmalı və sülh danışıqlarına başlamalıdır.

Lindsi Qrem eyni zamanda bəyan etmişdi ki, "Rusiya yalnız güc dili ilə anlayır və bu rejimə qarşı güzəşt deyil, sərt reaksiya lazımdır".

Medvedev isə bu açıqlamalara qəzəblə cavab verib. Rusiyanın yüksək vəzifəli rəsmisi kimi çıxış edən Medvedev son illərdə aqressiv və kompromissiz bəyanatları ilə tanınır.

Müşahidəçilər onu Rusiya rəhbərliyində "Putinin komandasında virtual şilləvuranı" - yəni sərt ritorikalarla özünü qəhrəman kimi göstərən, lakin real proseslərdə ehtiyatlı şəkildə irəliləyən fiqur kimi xarakterizə edirlər. O, tez-tez Qərb siyasətçilərini aşağılayıcı ifadələrlə tənqid edir və Rusiya siyasətində ən sərt ritorika ilə çıxış edən şəxslərdən biri sayılır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün öncə Vladimir Putinə qarşı 50 günlük ultimatum irəli sürmüş və bu müddət ərzində Ukraynadakı müharibənin dayandırılmasını tələb etmişdi. Trampın bu çıxışı Kiyevdə müsbət qarşılanmış, Ukrayna prezidenti Volodimir Zelenski bu bəyanatı "vaxtında verilmiş aydın mövqe və qətiyyət nümunəsi" adlandırmışdı.

Lakin görünür ki, Moskva bu çağırışa müsbət yanaşmır və əksinə, hərbi ritorikasını daha da sərtləşdirir.

Beləliklə, Medvedevin cavabı Vaşinqtonun və Kiyevin gözləntilərinə açıq meydan oxumaq kimi qəbul olunur. Rusiya tərəfi hələlik nə sülh danışıqlarına razılıq verir, nə də hərbi hədəflərdən geri çəkiləcəyini bildirir. Əksinə, Medvedev kimi fiqurlar vasitəsilə dünyaya sərt mesajlar göndərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
1
olaylar.az

2Mənbələr