ABŞ Prezidenti Donald Trampın Şotlandiyaya beş günlük qeyri-rəsmi səfəri həm iqtisadi, həm də geosiyasi baxımdan böyük səs-küyə səbəb olub. Onun Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə keçirdiyi görüş nəticəsində ABŞ və Avropa İttifaqı (Aİ) arasında "uğurlu razılaşma" əldə olunub.
Modern.az xəbər verir ki, bəzi mənbələrə görə, Tramp Avropa Komissiyasının müqavimətini "qıra bilib".
Tərəflər arasında əldə edilən razılaşmaya əsasən, ABŞ məhsulları Avropa bazarına "sıfır gömrük rüsumu" ilə daxil olacaq. Eyni zamanda, Aİ-nin 700 milyard dollarlıq ABŞ enerji daşıyıcıları alacağı və ABŞ iqtisadiyyatına 600 milyard dollarlıq investisiya yatıracağı iddia olunur.
Müzakirələrdə ABŞ-dan genişmiqyaslı silah alışına dair də “zəmanətli razılaşmalar” əldə olunsa da, hələlik bu razılaşmaların detalları (silah növləri və məbləği) ictimaiyyətə açıqlanmayıb. Fon der Lyayen razılaşmanı “praktiki dialoqun başlanğıcı” adlandıraraq, razılaşmanın hüquqi sənəd şəklində rəsmiləşdirilib-rəsmiləşdirilmədiyini dəqiqləşdirməyib.
Trampın səfəri zamanı verdiyi Qəzza ilə bağlı açıqlama isə beynəlxalq gündəmi silkələyib. ABŞ Prezidenti bildirib ki, “mübadilə razılaşmasının” (girovların qaytarılması və atəşkəs) taleyi bəlli deyil və ümumilikdə İsrail-Fələstin münaqişəsinin necə həll olunacağını o da bilmir. “Qoy İsrail özü qərar versin. Mən özüm olsaydım nə edəcəyimi deyə bilərdim, amma bu barədə danışmaq uyğun deyil”, - deyə Tramp bildirib.
Bundan öncə isə Tramp “HƏMAS sülh istəmir, ölümə çalışır, məhv edilməlidir” ifadəsini işlədib. Bəzi ekspertlər deyir ki, hazırkı açıqlaması ilə Tramp faktiki olaraq İsrailə hərbi əməliyyatları davam etdirmək və HƏMAS-ı tamamilə məhv etmək mesajı verir.
Elnur Əmirov