AZ

Robert Levandovski: “Bu yaşda mən heç bir plan qurmuram”

“Barselona”nın 36 yaşlı polyak ulduzu, veteran mərkəz hücumçusu Robert Levandovski “blauqrana”dakı gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, veteran ulduz növbəti mövsümün sonunda hansı qərarı qəbul edəcəyi ilə bağlı yəqinlik hələ hasil etməyib:

“Mən bilmirəm. Bu yaşda mən heç bir plan qurmuram. Mən sakitəm, indi, mövsümdən sonra nə olacağı vacib deyil. Əsası, mənim bu mövsümdə nə etmək istəyimdir. Əsası, mənim daxilən, ürəyimdə, başımda nə hiss etdiyimdir. Mən sakitəm. Əvvəlcə, gəlin baxaq, görək ki, bu mövsümdə nə baş verəcək”, deyə “Lyova” vurğulayıb.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 52 oyuna çıxıb, 42 qol vurub və 3 məhsuldar ötürmə verib.

Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 147 oyun, 101 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 158 oyun keçirib, 85 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
6
arena.az

1Mənbələr