AZ

Azərbaycan minatəmizləmə üçün beynəlxalq dəstəyə ehtiyac duyur – ANAMA

Azərbaycan geniş miqyaslı mina çirklənməsi ilə üzləşir və bu, azad olunan ərazilərin əhalisi, sosial-iqtisadi inkişafı və ekosistemi üçün ciddi təhdid yaradır. Bu barədə ANAMA-nın keyfiyyətə nəzarət şöbəsinin müdiri Elnur Qasımov Malayziyanın paytaxtında keçirilən “Minalarsız sülhə doğru: Azərbaycanın nümunəsi” adlı beynəlxalq seminar zamanı bildirib.

Onun sözlərinə görə, ölkənin cənub-qərbində bir milyon hektardan çox ərazi hələ də minalanmış vəziyyətdədir. Döyüşlərin başa çatmasından bəri 243 mina insidenti qeydə alınıb, nəticədə 70 nəfər həlak olub, 330 nəfər isə yaralanıb.

Qasımov qeyd edib ki, əhalinin azad olunmuş torpaqlara sürətlə qayıtması hadisələrin artmasına səbəb olub və bu, beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini bir daha göstərir.

2025-ci ilin iyuluna qədər Azərbaycan 200 min hektardan çox ərazini minalardan təmizləyib. Bu müddətdə 37 655 piyada əleyhinə mina, 21 992 tank əleyhinə mina və 143 010 partlamamış döyüş sursatı zərərsizləşdirilib.

Malayziya İnsan Hüquqları Komissiyasının (SUHAKAM) rəhbəri Datuk Seri Mohd Hishamuddin Yunus bildirib ki, təşkilat piyada əleyhinə minaların istifadəsini qətiyyətlə pisləyir və Azərbaycanla həmrəydir. O əlavə edib ki, Malayziya öz əhalisinin də bu cür sursatlar barədə məlumatlandırılmasını gücləndirməlidir.

Ekspertlərin qiymətləndirməsinə görə, Azərbaycanın tam şəkildə minalardan təmizlənməsi 20 ilə qədər vaxt aparacaq və təxminən 25 milyard ABŞ dolları tələb edəcək.

N.Təbrizli

Seçilən
0
anews.az

1Mənbələr