İngiltərənin “Morekambe” klubu maliyyə borclarına görə peşəkar statusunu itirib.
Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb .
Mənbənin məlumatına görə, sözügedən klub 18 il çıxış etdiyi Liqa 2-ni ötən mövsüm 24-cü pillədə başa vurub. Bununla belə, "Morekambe" Milli Liqada oynamayacaq. Klub çempionatdan kənarlaşdırılıb və transfer qadağası qoyulub.
Bu qərarın verilməsinə səbəb icraiyyə komitəsinin komandanın maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətinə dair şübhələridir. Növbəti iclas avqustun 20-nə təyin edilib, burada klubun taleyi həll olunacaq - o, maaşların ödənilməsinə dair təminatların yerinə yetirilməsi şərti ilə Milli Liqaya (İngiltərənin 5-ci divizionu) qayıda bilər.
Qeyd edək ki, "Morekambe" 1920-ci ildə yaradılıb, lakin komanda heç vaxt Premyer Liqada oynamayıb. Onun tarixdəki ən yaxşı nəticəsi 2021-ci ildə Liqa 1-ə yüksəlməsi olub.