AZ

Ülvi hisslərin coşqusu - Vətən sevgisi  

Vətən məhəbbəti, yurda ürəkdən bağlanmaq, torpağı sevmək ən ülvi hissdir. Hamımız üçün doğma olan bu hisslər bizi qəhrəmanlığa səsləyir. 

Bu anlar gözlərimiz qarşısında göstərdiyi şücaəti ilə adını tarixin səhifələrinə böyük hərflərlə yazmış Tomris qəhrəmanlığı, Cavanşir yenilməzliyi, Dədə Qorqud hikməti, Babək cəsarəti, Nəsimi fəlsəfəsi, Üzeyir musiqisi, Füzuli poeziyası canlanır. Elə buna görə də "Vətən" və "vətənpərvərlik" kəlmələri hər birimiz üçün müqəddəs, əziz və doğmadır. Böyüyüb yaşa dolduqca, həyatı, dünyanı dərindən dərk etdikcə torpağa, elə-obaya bağlılığımız, vətənə əsgər olmaq istəyimiz daha da artıb dolğunlaşır. Vətənpərvərlik tərbiyəsi öncə qoynunda dünyaya göz açdığımız vətəni sonsuz məhəbbətlə sevmək və sonra onun müdafiəsinə hazır olmaqdır. 

Doğma torpağa məhəbbət xalqımızın yaratdığı nağıllarda, dastanlarda, atalar sözlərində və bayatılarda da parlaq şəkildə öz əksini tapıb. Vətən torpağının müqəddəsliyi, onun yağılardan qorunmasının vacibdən vacib olması "Dədə Qorqud" dastanında sonsuz sevgi ilə tərənnüm edilib. Bizi qoynunda yaşadan Vətən ana ilə bərabər tutulub. "Vətən haqqı - ana haqqıdır" deyilib. Dastanı ulu keçmişimizə böyük sevgilər bəsləyə-bəsləyə oxuduqca oğuz igidlərinin vətənin keşiyində həmişə ayıq-sayıq dayandıqlarını, onu göz bəbəyi kimi qoruduqlarını görürük. 

Ümummilli Lider Heydər Əliyev həmişə hərbi vətənpərvərlik işinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirib. Ulu Öndər Qarabağ münaqişəsi illərində dəfələrlə hərbi hissələrdə, ön xətdə  yurdun keşiyində dayanan zabit və əsgərlərimizlə görüşüb söhbət etmiş, onları zəfərlərə, qələbələrə ruhlandırmışdı. Ümummilli Lider  xalqımızın, gələcək nəsillərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasını hamının vəzifəsi olduğunu vurğulamışdır: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".

Üstündə qürurla addımladığımız hər qarış torpaq yurdumuzun müqəddəs bir parçasıdır. Ata-babalarımız zaman-zaman bu torpaqlarda yaşamış və onu yadelli işğalçılardan qoruyaraq gələcək nəsillərə əmanət etmişlər. Bizim də müqəddəs borcumuz həmin əmanəti göz bəbəyimiz kimi qorumaqdır. Çünki Vətən bizim varlığımız, fəxrimiz və qürurumuzdur. İllər, əsrlərboyu neçə-neçə qəhrəman oğlumuz torpaqlarımız uğrunda şəhidlik zirvəsinə yüksəlmişlər. Vətənin azadlığı, istiqlaliyyəti, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmişlər. Xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar isə heç vaxt unudulmur. 

Vətənpərvər olmaq vətəni sevmək, ona ürəkdən və qəlbdən bağlanmaq deməkdir. Vətən məhəbbətindən söz açarkən görkəmli şairimiz Səməd Vurğunun dediklərini xatırlamamaq mümkün deyil. Şair böyük coşqu ilə yazırdı: "Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi  öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar".

Qoynunda doğulduğumuz, böyüdüyümüz vətənimizlə hamımız qürur duymalıyıq, onu sonsuz məhəbbətlə sevməli və özümüzü onun qarşısında həmişə borclu bilməliyik. Xalq şairi Məmməd Araz demişkən:

Vətən mənə oğul desə, nə dərdim,

 Mamır olub qayasında bitərdim.

Zaman-zaman ürəyimizə yatan, qəlbimizi  riqqətə gətirən, vətənə olan məhəbbətimizi coşduran bu misralarda ifadə edilən dəyərli fikirlər hamımızın düşüncəsinə hakim kəsilib, vətənpərvərlik hisslərimizi artırıb. Bu hisslər daha da coşaraq vətən sevgisinə çevrilib. Vətənpərvər, vətənini, yurdunu sevən, onu göz bəbəyi kimi qoruyan, həmişə  bayrağımızı zirvələrdə dalğalandıran qəhrəman oğullar millətin qürur və iftixar mənbəyidir. 

Yaşımızdan asılı olmayaraq, həmişə ürəyimiz, qəlbimiz vətən eşqiylə döyünməlidir. Bu döyüntü gur eşidilməli, dünyaya səs salmalıdır. Hər zaman özümüzdən "Vətən mənim üçün nə edib?" yox, "Mən Vətən üçün nə etmişəm?" deyib soruşmalıyıq. Müdrik atalarımızın, babalarımızın illər, əsrlər uzunu vətənin müqəddəsliyi, ucalığı, toxunulmazlığı haqqında söylədiyi ibrətamiz fikirlər bu gün də dəyərini qoruyub saxlayır, qiymətini heç vaxt itirmir: "Gözsüz yaşamaq olar, vətənsiz yox", "Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır", "Vətənə gəldim, imana gəldim", "Yad ocağın alovundan vətən ocağının tüstüsü yaxşıdır", "Vətən viranə də olsa, cənnətdir", "Vətən elin evi, dayağıdır". Vətən haqqında deyilmiş bu dəyərli sözlər, fikirlər zaman-zaman gənc nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayıb, onlarda vətənpərvərlik hissi formalaşdırıb. Belə olmasaydı, Vətən müharibəsində Zəfər qazanmazdıq. Belə olmasaydı, ürəyi Vətən eşqi ilə döyünən gənclər yurdumuzu erməni işğalçılarından təmizləmək üçün könüllü olaraq döyüşlərə yollanmazdılar. Məhz buna görə cəsur ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında  böyük hünərlə vuruşdu, 30 ilə yaxın düşmən işğalında qalmış torpaqlarımızı azad etdi oğullarımız, hünərləri ilə adlarını qəhrəmanlıq tariximizə yazdılar, igidlikləri ilə xalqımızın iftixar və qürur mənbəyinə çevrildilər. İnanırıq ki, vətənpərvərlik ruhu ilə böyüyən gənc nəsil gələcəkdə sələflərinin qəhrəmanlıq yollarını uğurla davam etdirəcək, Zəfər tariximizə bir-birindən rəşadətli səhifələr yazacaq. 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr