Azərbaycanda ürək-damar cərrahiyyəsində ən çox tətbiq edilən müdaxilələrdən biri stent qoyulması və şuntlama əməliyyatlarıdır.
Lakin belə xəstələr əməliyyatdan sonra həkim nəzarəti olmadan həyat rejimlərinə dəyişiklik etməklə ciddi səhvlərə yol verirlər.
“Medicina” xəbər verir ki, kardioloq Kənan Nəhmədov bu xəstələrin ən çox etdiyi səhvləri sadalayıb:
“Ən çox rast gəlinən səhv dərmanların qəbulunun vaxtından əvvəl dayandırılmasıdır. Xüsusilə qandurulducu və xolesterin salıcı dərmanlar daimi olaraq qəbul olunmalıdır,” – deyə həkim bildirib.
Onun sözlərinə görə, bəzi xəstələr eyni dərmanları illərlə dəyişmədən qəbul edir, bu isə doğru yanaşma deyil:
“Orqanizm zamanla bu preparatlara öyrəşir, nəticədə onların təsiri azalır. Yeni fəsadların yaranmaması üçün bir neçə ildən bir dərmanların kardioloq tərəfindən yenilənməsi vacibdir.”
Həkim stent və baypass əməliyyatı keçirmiş şəxslərə siqaretdən və nikotin tərkibli məhsullardan uzaq durmağı da tövsiyə edib. Çünki bu maddələr damar tıxanmasının əsas səbəblərindəndir.
Eyni zamanda, belə xəstələrin qazlı içkilərdən, şirniyyatlardan və yağlı qidalardan uzaq durması, fiziki aktivliyi isə artırması tövsiyə olunur:
“Bəzi xəstələr əməliyyatdan sonra fiziki aktivlikdən qorxur. Bu, yanlış yanaşmadır. Əksinə, müntəzəm gəzinti və yüngül fiziki fəaliyyət ürək sağlamlığı üçün vacibdir,” – deyə Kənan Nəhmədov qeyd edib.

Aygün Musayeva