AZ

Qərbi Azərbaycanın xalça sənəti irsi...


Təbii-coğrafi şəraiti və landşaft-relyef quruluşunun mürəkkəbliyi baxımından Qərbi Azərbaycanın tarixi zənginliyi maddi və qeyri-maddi irs mənşəyinə görə xeyli dərəcədə rəngarəng olmuşdur, bu zənginlik bir sıra məxəzlərlə ifadə olunmuşdur. O cümlədən, “Kitabi-Dədə Qorqud” erosu da bu zənginliyin ədəbi və əbədi abidəsidir desək, səhv etmərik (bu Dastana yenə qayıdacağıq).

Geoloji struktur baxımından bir-birinə oxşamayan ərazi bölgələri sırasında Göyçə gölü və ətrafı, Zəngiçay, Arpaçay, Oxçuçay, Bazarçay... hövzəsi, Ağrıdağ vadisi və Alagöz dağı, Ağbaba, Şörəel və Dağ Borçalı, Gümrü-Dilican vadisi...təbiət gözəlliyinin estetik lövhələridir ki, həm də e.ə.minilliklərdə yaranmış beynəlxalq əhəmiyyətli iqtisadi-ticarət ocaqlarını, qədim insan yaşayış məskənlərini, Qazandağ-İlandağ qurşağı xristianlığaqədərki ruhani-sakral abidələrini, Dərələyəz silsiləsinin qayaüstü rəsmlərinin fəlsəfi-mistik təsfirlərini...yaşadan təbii, Türk-Müsəlman dünyasının milli-mənəvi dünyadərki və ÜmumTürk şifahi-yazılı irsi kimi-bəşəri dəyərlərə bərabərdir.

Bütöv Türk dünyası coğrafiyasında olduğu kimi, Qərbi Azərbaycan təbiətinin təbii ilmələnmiş naxışları kökənli ocaqların yurd yerlərinin oroqrafik və oronomik üslubuna, mistik-sakral ruhaniliyin kökə bağlılığına, ənənvi xalq gələnəklərinin mistik təxəyyülünə....uyğunluğu sanki Ana-Təbiət Südündən yoğrulduğuna bir nişanədir...Qərbi Azərbaycan ünvanlı El yaddaşının səhifələri kimi...Bu yerdə, yuxarıda adını çəkdiyimiz “Kitabi-Dədə QorqudÜmumTürk epik əsəri bütövlükdə Azərbaycan hüdudlarında (İç, Dış və Qalın Oğuz ellərində...), o cümlədən, Qərbi Azərbaycan ərazilərində (kafir yurdları yaxınlığında) xalq incəsənətinin, toxuculuqda (sicim, keçə, saya palaz, çeşnili sumağ, xalı, gəbə...) estetik-miniatür rəssamlalıq nümunələri...kökənli xalqın milli-mənəvi, mistik-fəlsəfi düşüncə tərzi ruhuna uyğun yarandığından təkamül tarixini bu eposun məzmunu da ifadə etməkdədir. Və Dastanın boylarında verilən epik. ədəbi-bədii üsluba uğun bilgilər məhz bu bölgənin təbii mənzərəsinin dekorativ-tətbiği incəsənət toxuculuğu yaranışına bilavasitə təsir etdiyini göstərir.

Dirsə xan oğlu Buğac xan boyu”nda Dirsə xanın təbiət qoynunda “göy üzünə dirənən” uca çadırlar (relyef hündürlüyünün simvolu kimi ifadə olunub) qurması və “min yerdə ipək xalçaların döşənməsi”...təsviri bölgə təbiəti ilə (“köksü gözəl böyük dağlar”, “qışda, yazda qarı-buzu əriməyən Qazılıq dağı”) tətbiqi sənət növünün (xalça sənətkarlığının) vəhdətinə (“qara otağın qara keçə” döşənəyi) nişanədir, zərif ipək xalçalar isə əl əməyinin qədimliyinin və yüksək estetik zövq tələbinin simvoludur.

“Salur Qazanın evinin yağmalandığı boyda Bayandur xanın (bu adla bağlı antronimlərin və orotoponimlərin Qərbi Azərbaycanda sıx şəbəkəsi var - Qərbi Zəngəzur, Şörəel mahallarında Bayandur kəndləri, Pəmbək dağ silsiləsinin bir qolu olan Bayat dağı....) kürəkəni Ulaş oğlu Salur Qazanın doxsan yerdə (otaqda) böyük ipək xalılar (gəbələlər) sərildiyi lövhələrin təsvirinin milli-estetik sevgi ilə, mənəvi-mistik dünyadərki ruhu ilə bağlı olduğu şübhəsizdir.

Oxşar bədii təşbehlər Qazan bəyin oğlu uruz bəyin dustaq olduğu boyda səciyyəvi bənzərliyi də diqqətə çatdırır-Qazan bəy Qara yer üzündə (“ən böyük və uca yerdə”, “böyüklükdə”, anlamına uyğundur, bu sifətlə (söz kökü ilə) başlayan toponimlərə Qərbi Azərbaycanın bütün nahiyələrində rast gəlinir) tikdirdiyi otaqlarda, min yerdə ipək xalçalar döşətdirmişdir-bilgisi də həm tarixi, coğrafi, həm də, milli-mədəni dəyəri qiymətləndirir.

Təbii ki, bu cür yanaşmalar Dastanın digər müvafiq boylarına da şamil edildiyi qənaətinə uyğun söyləmək olar ki, Qərbi Azərbaycanın xalça toxuculuğu mədəniyyətinin, tətbiqi-dekorativ incəsənət təsviriin, ilməli miniatür rəssamlığının... ən azı 2000 ildəndən çox yaşı vardır və bu milli-mədəni yaradıcılıq Təkamülünə ilk növbədə səbəb olmuşdur:

- dini-sakral fəlsəvi/mistik maddi irs zənginliyi;

- təbiət mənzərələrinin simvolik-dekorativ təsvirinə uyğun milli-tətbiği rəssamlıq yaradıcılığı;

- nəsillər arasında tətbiqi-miniatür rəssamlıq və dekorativ, ilməli-naxışlı təsvir lövhələrinin milli məşğulluq səviyyəsində qorunub saxlanılması və ənənəvi özəlliyi;

- əski Dini-mistik fəlsəfi təfəkkürün (Xristianlığaqədərki ruhani düşüncənin), Alban mədəniyyəti irsinin və İslam dini təriqətlərinin sintezindən Yaranan dünyadərkinin tətbiqi təsviri.

Bir cəhəti də qeyd etmək vacibdir ki, Qərbi Azərbaycanın bütün nahiyələrində bu gələnəklərin Təkamülü və milli-mənəvi təməl prinsiplərinə uyğun davamlılığı, inkişafı çoxşaxəli “Qərbi Azərbaycan xalçaçılıq məktəbinin yaranması ilə nəticələnmişdir (e.ə.I minilliyin sonlarından başlayaraq) və bu sırada səciyyəvi fərqlilikləri saxlamaqla ümumilikdə aşağıdakı qolları özündə birləşdirir:

-Göyçə gölü hövzəsinin tətbiqi, miniatür-rəssamlıq toxuculuğu, dekorativ-dizayn ilmə sənəti;

-Zəngəzur bölgəsinin xalçaçılığı və təsviri-naxış yaradıcılıq mərkəzləri;

-Dağ Borçalı-Allahverdi nahiyələrinin xalçaçılığı və miniatür-təsvir ocaqları;

-Ağrıdağ vadisi-yaylası (Ağbaba, Şörəel, Alagöz bölgələri üzrə) və Arazboyu yurdlarının xalçaçılıq mərkəzləri;

-Dərələyəz-Vedi mahallarının naxışlı və naxışsız təsviri toxuculuq ənənələri;

Göyçə gölü hövzəsinin tətbiqi, miniatür-rəssamlıq toxuculuğu, dekorativ-dizayn ilmə sənəti Qərbi Azərbaycan xalçaçılığının əsas istiqamətlərindən biri olmuşdur, hövzənin Qaraqoyunlu vadisini, Cəmbərək, Basarkeçər və Qaranlıq nahiyələrini, kökənli türk-müsəlman kəndlərini (Ardanış, Qaraqoyunlu, Aşağı və Yuxarı Şorca, Ağkilsə, Zərzibil, Babacan, Nərimanlı, Pəmbək...) əhatə etmiş, minilliklərə uzanan tarixi keçmişi özündə qoruyub saxlamışdır. Bölgənin tətbiqi-miniatür rəssamlıq toxuculuğu, əl işlərinin çeşni rəngarəngliyi, naxış və ilmələrinin dekorativ simmertrikliyi və dolğun, mükəmməl estetik təsviri xüsusi xalçaçılıq gələnəklərinin həm də ictimai-siyasi tarixi ilə (Beynəlxalq İpək/Ticarət yolu üzərində yerləşməsi, Avropa ölkələrinə çıxışı olan Təbriz, Naxçıvan və Qarabağ xalçaçılıq ocaqıları ilə qonşuluğu) sıx bağlıdır.

Göyçə xalçaçılıq ocağında toxunan əksər xalça və gəbələrin ölçüsü 2 m x 5 m arasında dəyişilmiş, əsasən “Təbriz”, “Qarabağ”, “Zili”, “Şirvan”, “Qoç buynuzu”, “Pirəbədil”, “Heykəl”, “Nəlbəki”...çeşniləri toxunub, təbii rəhglərdən istifadə edilib. Qara qoyunun bel yunu qara, ağ qoyununku ağ, boz qoyunun yunundan boz rəng kimi istifadə olunub, palıd qabığından və gəzəl bitkisinin kökündən qəhvəyi rəng alıblar. Məşhur Sarıyer yaylaqlarının, Çalmalı dağının güllü-çiçəkli yamaclarının təbii naxışlarına uyğun xalça-gəbə ilmələrinin zərifliyi “gözoğurlayan” estetik mənzərə yaradırdı.Və bu üsulla yaranan, yun-pambıq ipliklə toxunan (10 sm-də 48-50 ilmə olmaqla) xalça-gəbələrin təravəti/rəngi yüzilliklərlə estetik gözəlliyi qorunub-saxlanılıb, onlar dünyanın bir çox şəhərlərində (İstanbul, Qahirə, Roma, Venesiya, Paris, Londin, Berlin, Nyu-York, Moskva, Sankt-Peterburq...) yüksək qiymətləndirilib.

Bölgədə saya və naxışlı əl toxuculuğu ocaqları sırasında Nərimanlı kəndində xalça-gəbə naxışlarının əski dini-fəlsəfi mistik təsəvvürlərə uyğunluğu “Qoç buynuzu” çeşnisinədə yaşamaqdadır, Sara Əli qızının (1906-1992), Xanım Rza qızının (1945-2021)... adları ilə. Xalça yelənlərinin, göllərinin rəng uyarlığı və məzmun bütövlüyü toxuculuqda nəzərə alınan əsas amillərdir ki, bu da Göyçə gölü hövzəsində diqqət mərkəzində olmuşdur.

Nahiyənin Pəmbək kəndində mahir xalça ustaları bir xalça üçün 16-18 kq yundan istifadə ediblər, ən kiçik ölçü 80 sm x 2 m-ə bərabər olub, bütün toxunma işlərini əllə icra ediblər. Təqribən, bütün evlərdə xana qurulurdu, sumağ-xalça toxunurdu, əl işləri xanımlara nəsildən-nəsilə cehiz əmanəti kimi ötürülürdü.

Ağkilsə kəndində Həllacoğulları (həllac-keçı-xalça toxuyan) nəsli (Kərbəlayı Cəfər Hüseyn oğlu (1820-1901), qardaşı Məşədi Qasım (1825-1907), Abdulla Məşədi Qasım oğlu (1865-1955)...etnomənşəyi baxımından tarixən keçə-xalça toxuculuğu və heyvandarlıq təsərrüfatı ilə məşğul olmuşlar. Kənddən qərbə tərəf 2,5-3 km aralıda, “Daşlı güney”in ətəyində onlardan qalma və 1930-cu illərdə müsadirə edilmiş daşdan tikili tövlədən (uzunluğu 30 m, eni 15 m) 1970-ci illərədək kəndin “Azad” kolxozu istifadə edirdi, bu yer el arasında “Həllacın komu” adlanırdı...Bu kəndin yaxçı xalça toxuyanları sırasında Gilas Abbasəli qızının (1898-1977), Bəyaz Bəylər qızının(1929-2011), Yeganə Nurəddin qızı Cəfərovanın (1969), Zərqələm Oruc qızı Cəfərovanın (1963)....da adları çəkilir.

Göyçə gölü hövzəsinin şimal-şərq hissəsini tutan Çəmbərək nahiyəsinin Ardanış, Gölkənd, Toğluca, Qaraqaya (Qaraqoyunlu elatı)....kəndlərində əl toxuculuğu ənənəvi təmələ malik olub. Ardanış kəndində Atıcılar nəslinin tarixi məşğuliyyəti keçəçilik idi, nəsildən-nəsilə ötürülürdü (Daşdəmir Qulu oğlu (1936), Manaf Daşdəmir oğlu (1955).., onların Qarabağdan gəldikləri deyilir). Kənd orta məktəbinin müəllimi Kamil Qorçu oğlu Hacıyevin (1938-2023) ailəsi xalça toxuculuğunda tanınan idi, bu kənddə 500 evdən 200-də xalça toxuculuğu ilə məşğul olublar...

Ümumiyyətlə, Göyçə gölü hövzəsində çalça-gəbə toxuculuğunda Çəmbərək nahiyəsinin Ardanış kəndi xüsusilə məşhur olmuşdur....Göyçə gölü hövzəsinin toxuculuq-xalçaçılıq irsinin təşəkkülü və təkamülü Basarkeçər dağlıq qurşağının e.ə.IX-V minilliklər tarixinə bağlı qayaüstü rəsmlərinin və Şumer mədəniyyəti irsinə doğmalığı ilə seçilən petroqriflərin, Bərgüşad çayının mənbəyi boyunca Dəvəgözü dağının daş naxışlarının... tətbiqi miniatür rəsmlərdə, xalça-gəbə çeşnilərindəki naxışlarla uyğunluğu aydın görünür.

Təbii ki, Qərbi Azərbaycanın digər bölgələri də bu kimi minilliklərə bağlı toxuculuq sənətində zəngin tarixi keçmişdən xali deyildir...

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

P.S.Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Basarkeçər nahiyəsi, Pəmbək və Nərimanlı kənd sakinləri Şövkət Qədimalı qızı Xələfovanın (1949) və Lətifə Nəriman qızı Mürşüdovanın (1949), Ağkilsə kənd sakini Akif Oruc oğlu Cəfərovun (1954), Cəmbərək nahiyəsi, Ardanış kənd sakini Qoşqar Məhərrəm oğlu Məmmədovun (1968) məlumatlarından istifadə olunmuşdur.

Seçilən
4
baki-xeber.com

1Mənbələr