AZ

Yaddaşdan güc alan qayıdış hərəkatı

Qərbi Azərbaycan irsinə Tovuzdan dəstək

Tovuzun Nizami adına Mədəniyyət Evindən bir səs ucaldı. Bu səs nə təkcə bir kitabın təqdimatı idi, nə də sadəcə elmi faktların sadalanması. Bu səs – itirilmiş yurda qayıdışın, pozulmuş ədalətin bərpası üçün çağırış idi. Bu dəfə səhnədə “Qərbi Azərbaycan irsi” kitabının I cildi danışırdı - susdurulmuş məzarların, yerlə-yeksan edilmiş məscidlərin, unudulmağa qoyulmayan yaddaşın dili ilə...

Tədbir Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı. Dövlət Himni səsləndi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bu sükutda həm yas vardı, həm də qürur; həm keçmişin acısı, həm də gələcəyin ümid işığı.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxışında qeyd etdi ki, bu kitab tarixin tozlu səhifələrinə yazılmaq üçün deyil, millət yaddaşında daş kimi həkk olunmaq üçündür. Bu nəşr sadəcə bir sənəd toplusu yox, milli kimliyimizin, haqq yolumuzun rəsmi sübutudur.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Zəngibasar Rayon İcmasının sədri, fəlsəfə doktoru Mirfaiq Mirheydərli isə vurğuladı ki, kitabda yalnız adlar deyil, tarixlərin ruhu danışır. Hər toponim, hər demoqrafik qeyd, dağıdılmış hər abidə keçmişin izini gələcəyə daşıyan bir çağırışdır. Vandalizmə məruz qalmış qəbiristanlıqlar bu səhifələrdə dirilərək, gələcək nəsillərə vətən həsrətinin tarixini danışacaq.

YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxışında bildirdi ki, bu kitab təkcə elmi deyil, həm də mənəvi silahdır. O, əllərindən alınmış yurdların, tapdanmış haqların səsini dünyaya çatdırır. Bu səs artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin siyasi prioritetinə çevrilib.

Və səhnəyə bir kövrək səs yüksəldi. Cəfərov Fərmayıl - Göyçənin Göysu kəndindən, qovulmuş yurdun sakini. Səsi yaşlı, lakin inamlı idi: “Biz qayıdacağıq. O torpaqlar bizim ata-baba yurdumuzdur. Prezidentimizin uğurlu siyasəti bu qayıdışın yolunu açır...”

Beləliklə, bu təqdimat təkcə bir kitabın yox, bir xalqın dirilən yaddaşının, ayağa qalxan tarixinin mərasiminə çevrildi. Bu kitab – daş altında qalan səsin azadlığa çıxmış halıdır və hər sətri bizə deyir: Yaddaş yaşadıqca, qayıdış mümkündür.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Seçilən
8
1
xalqqazeti.az

2Mənbələr