AZ

Bu, sadəcə mədəniyyətimiz deyil, qəhrəmanlıq tariximiz baxımından da mühüm hadisədir

Məlum olduğu kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO)  təşəbbüsü və sifarişi ilə Azərbaycanın ilk qadın gəmi kapitanı, İkinci Dünya müharibəsi iştirakçısı Şövkət Səlimovanın həyat və fəaliyyətinə həsr olunmuş bədii filmin çəkilişlərinə başlanılıb. Filmlə bağlı ictimaiyyətə təqdim edilən məlumatda vurğulanır ki,

“Şövkət” adlı ekran əsərinin əsas məqsədi dənizçilik tariximizdə iz qoymuş xanım kapitanın həyat yolunu və qəhrəmanlığını bədii dillə tamaşaçılara təqdim etməklə yanaşı, İkinci Dünya müharibəsi illərində Azərbaycanın və milli gəmiçiliyimizin cəbhəyə verdiyi töhfələri, qadınların gəmiçilik sahəsindəki rolunu və ümumilikdə lider qadın obrazını ön plana çıxarmaqdır”.

Hər şeydən öncə qeyd edək ki, “Şövkət” filmi milli kinomuz baxımından mühüm hadisədir və bu, Şövkət Səlimovanın timsalında Azərbaycan qadınının bacarıq və səriştəsindən, qəhrəmanlıq və fədakarlığından bəhs edir. Film dənizin fəthində, dalğalarla amansız mübarizədə Azərbaycan qadının kişilərdən əsla geri qalmadığını, milli dənizçiliyimizin inkişafı və tərəqqisində əhəmiyyətli rol oynadığını ictimaiyyətə çatdırmaq, bu tarixi xidməti əbədiləşdirmək baxımından mühüm önəm kəsb edir.

Lakin “Şövkət” filminin əhəmiyyətini artıran digər bir məqam da var ki, bu da filmdə Azərbaycan qadınının, Azərbaycan gəmiçilərinin faşizm üzərində qələbəyə verdiyi tarixi töhfəni, düşmənlə apardığı ölüm-dirim mübarizəsini də əhatə etməsidir. Məhz bu amil filmə tarixiliklə yanaşı, həm də vətənpərvərlik ruhu qatmaqda, onu sadəcə dünənimiz və bugünümüz deyil, eyni zamanda sabahımız baxımından önəmli etməkdədir.

Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə gənclərin vətənpərvərlik tərbiyəsi ruhunda yetişdirilməsinin zəruriliyindən bəhs edib, onların milli şüura, mənəvi dəyərlərinə, soykökünə bağlı şəkildə yetişdirilməsinin həyatı əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bu baxımdan “Şövkət” filmi gənclərə dənizçilik tariximiz, qadın qəhrəmanlarımız haqqında məlumat verməklə yanaşı, həm də gənclərdə vətənpərvərlik hislərinin aşılanması, milli şüurun möhkəmləndirilməsi baxımından olduqca qiymətli sənət əsəridir. Bütün bunlar onu deməyə əsas verir ki, bu film ona tamaşa edənlərin şüurunda dərin iz qoyacaq, gənclərimizə tariximizlə bağlı qiymətli məlumatlar verməklə yanaşı, onların gələcək mübarizələrə ruhi-psixoloji, mənəvi-ideoloji baxımdan daha yaxşı hazırlaşmasına təkan verəcək.

Onu da qeyd edək ki, filmin istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, eləcə də 100-dən artıq aktyor iştirak edir. Ekran işində 22 yaşlı Şövkət Səlimovanının obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırır. Bundan başqa, filmdə Xalq artisti Qurban İsmayılov, tanınmış aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər simalar da rol alır.

Filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri Asif Rüstəmov və “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimovdur. Ekran işinin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri Səbinə Həsənovadır.

Çəkilişlər ASCO-nun donanmasına məxsus gəmilərdə və digər real məkanlarda aparılır.

Seymur ƏLİYEV

Seçilən
4
moderator.az

1Mənbələr