Neftçalada
keçirilən tədbirdə bu suala cavab axtarılıb
Neftçalada
rayon icra hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə "Uşaqların zərərli
informasiyadan qorunması" adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə
sözügedən komissiyanın, rayon Polis Şöbəsinin, Gənclər və idman sektorunun məsul
şəxsləri, "Gündoğar" rayon qəzetinin, Uşaq Səfirlər Məclisinin
Neftçala rayonu üzrə nümayəndələri, hüquqşünaslar, psixoloqlar, gənc skautçular
və məktəblilər iştirak ediblər.
Ümummilli
Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin yad olunması ilə başlayan tədbirdə
çıxış edənlər uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsinin,
onların yaşına uyğun olmayan, psixoloji və mənəvi inkişafına zərər vura biləcək
məlumatlardan qorunmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, uşaqların
zərərli informasiyadan müdafiəsi yalnız valideyn və müəllim nəzarəti ilə deyil,
həm də dövlətin hüquqi mexanizmləri ilə tənzimlənir. Bu baxımdan iştirakçılar
"Azərbaycan Respublikasında uşaqların zərərli informasiyadan qorunması
haqqında" qanunun əhəmiyyətinə toxunaraq bildiriblər ki, adıçəkilən qanun
uşaqların fiziki, əqli və mənəvi inkişafına təhlükə yaradan informasiyaların
qarşısının alınması üçün hüquqi çərçivə yaradır. Qanuna əsasən, uşaqlarla bağlı
təqdim edilən materiallar onların yaş kateqoriyasına uyğun olmalı və zərərli məzmunlardan
qorunma təmin edilməlidir. Çıxışlarda həmçinin sosial şəbəkələrdən şüurlu
istifadə mədəniyyətinin formalaşdırılması, media savadlılığının artırılması,
onlayn zorakılıq və kibertəhlükələrə qarşı maarifləndirmənin zəruriliyi xüsusi
vurğulanıb. Tədbir zamanı gənc skautçular da öz uğur hekayələrini bölüşərək
informasiya resurslarından necə düzgün istifadə etdiklərini, zərərli kontentlə
qarşılaşdıqda hansı addımları atdıqlarını iştirakçılarla paylaşıblar.
Tədbir
qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar
cavablandırılıb və sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.
S.CAVADOV,
"Azərbaycan"