Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxmışlar. Sonra tədbir akt zalında davam etmişdir.
Çıxış edən rayon icra hakimiyyətinin başçısı Seymur Orucov diqqətə çatdırmışdır ki, Azərbaycan qadınlarının hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılmışdır: "Ümummilli Liderin hələ 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə nəzər salanda dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyinin şahidi olarıq. Bu mənada 1993-cü ildən sonrakı dövrdə də ölkəmizdə qadınlarımızın aktiv fəaliyyəti təmin edilmişdir. Bu baxımdan demək olar ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərin adı ilə bağlıdır".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə çıxışında ölkədə uşaq və gənclərə göstərilən diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən digər tədbirlərdən danışmışdır. Bildirmişdir ki, uşaqların sağlam və gümrah böyümələri dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.
S.ƏLİYEV,
"Azərbaycan"