Bu gün iş həyatında texnologiyanın əhəmiyyətini heç kim inkar edə bilməz. Keçmişdə “heç vaxt batmaz” deyilən bir çox şirkətin texnologiyaya və dövrün tələblərinə uyğunlaşmadığı üçün iflasa uğradığını bilirik.
Oksford Universitetinin Mühəndislik Fakültəsinin tədqiqatçıları bir neçə il ərzində bu gün mövcud peşələrin yarısının ortadan qalxacağını düşünür. Yəni bu gün istifadə etdiyimiz ağıllı telefonlar və yeni kompüter proqramları işimizi əlimizdən ala bilər kimi görünür. Ancaq narahat olmağa dəyməz. Texnologiyanın gətirdiyi mənfi cəhətlər qədər müsbət tərəfləri də mövcuddur.
Bu baxımdan texnologiyadan qorxmamaq, əksinə ona uyğunlaşmaq iş həyatı üçün olduqca vacibdir.
Valyuta.az iş həyatınızda texnoloji yeniliklədən istifadə edərək inkişaf etməyin və uğur qazanmağın yollarını təqdim edir:
Texnologiyanı qəbul edin
“Ah, o keçmişə günlər...” deyə nostalji dolu düşüncələrə dalmağa ehtiyac yoxdur. Texnologiyanın mərhəmətinə qaldığınızı düşünmək də əsassızdır. Bu nöqtədə texnologiyadan qorxmaq əvəzinə ona uyğunlaşmaq və texnoloji yeniliklərdən faydalanan sahibkarlardan nümunə götürmək lazımdır. Məsələn, daşınmaz əmlak sektorunu götürək.
Bu gün 18-35 yaş arası gənclər daşınmaz əmlak bazarının üçdə birini təşkil edir. Yəni bu yaş qrupundakı insanlar ev almaqdan imtina etməyiblər. Lakin bu nəsil kirayə və ya satışda olan evləri axtararkən əvvəlki nəsillərin istifadə etdiyi ənənəvi metodlardan istifadə etmir.
Bu insanlar maraqlandıqları evləri “virtual tur” vasitəsilə incələyirlər. Əmlakçının arxasınca gedib boş evə baxmaq əvəzinə evlərini oturaraq ağıllı telefonları ilə gəzirlər. Yəni artıq daşınmaz əmlak sektoru da yüksək texnologiyadan istifadə edərək fəaliyyət göstərir. Qəzetdən ev axtarma dövrü sona çatıb.
Robotlardan qorxmayın
Göz önündə olan bir həqiqət var: yaxın gələcəkdə bu günki bir çox işi robotlar və ağıllı cihazlar görəcək. Bir şirkət sahibi və ya sahibkar olaraq ağıllı cihazların daha da yayılacağını artıq indidən qəbul etməlisiniz. Məsələn, “McDonald's”lardakı ağıllı sifariş terminallarını düşünün. Heç bir insanla təmasda olmadan, sadəcə cihaz vasitəsilə ödəniş edib sifariş verirsiniz və qısa müddətdə sifarişiniz hazır olur.
Bu və bənzəri texnologiyalar bu gün şirkətinizdə işləyən bəzi işçilərin yerini ala bilər. Belə olan halda nə etməli?
Təbii ki, işçilərin bilik və bacarıqlarını artırmaq, onları yeni dövrün tələblərinə uyğun şəkildə təchiz etmək lazımdır.
Yeni iş həyatına dair ipuçlarını dəqiq oxuyun
“Amazon” və ya “American Express” kimi şirkətlərdə çalışan işçilərin böyük hissəsi bu şirkətlərin ofislərində deyil, evdən çalışır. Artıq coğrafi məkanın önəmi azalır. Bəzi işlərin fiziki mağaza və ya ofisə ehtiyacı olsa belə, müasir iş həyatı getdikcə daha çox internet üzərindən, virtual aləmdə həyata keçirilir. Uzaqdan ünsiyyət və uzaqdan iş prinsipi daha da yayılacaq.
Bu baxımdan siz də şirkətinizdə daimi işçilər əvəzinə “on-demand” (yəni ehtiyac əsasında) işçi çalışdıra bilərsiniz.
Sizin sektorun gələcəyini anlamaq üçün sahənizdə lider olan şirkətlərin hazırkı tətbiqlərinə baxmaq kifayətdir. Məsələn, əgər rəqəmsal marketinq agentliyiniz varsa, “Apple” və ya “Google”un bu sahədə hazırkı strategiyalarından gələcəklə bağlı ideyalar əldə edə bilərsiniz.
“Daha çox məlumat” anlayışına öyrəşin
Hədəf müştəri kütlənizin bu gün həyatın hər sahəsində müəyyən məlumatlar buraxdığını unutmayın.
Bu şəxslər hansı televiziya kanallarına baxır?
Hansı film janrını sevir?
“Burger King”, yoxsa “McDonald's”?
Hansı kargo şirkətindən istifadə edir?
Bunlar və bunlara bənzər saysız-hesabsız sual mövcuddur. Buna görə də bir şirkət sahibi olaraq müştərilərinizi və potensial müştərilərinizi daha dərindən anlamaq, onların vərdişlərini və seçimlərini bilmək zəruridir.
Bu səbəbdən müştərilərinizin şəxsiyyətlərini, yanaşmalarını, həyat tərzlərini, maraqlarını və ehtiyaclarını araşdırmalı və bunlara uyğun strategiyalar inkişaf etdirməlisiniz.
Yeni dövrdə məlumat puldan da dəyərli olacaq. Bu səbəbdən müştərilərinizə dair məlumat bazası yaratmaq və bu məlumatları düzgün şəkildə təhlil etmək bacarığınız olmalıdır.
Qorxuya təslim olmayın
“Niyə mən?” deyərək ağlamağın sizə heç bir faydası yoxdur. Əvəzində “Niyə də olmasın?” deyə düşünmək, sizə lazım olan əsas yanaşmadır. Yeni texnologiyaları düşmən olaraq görmək əvəzinə, onları yeni imkanların başlanğıcı kimi qəbul edin. Sektorunuzda olan müştərilər bəlkə də pis müştəri xidməti almaqdan şikayətçidirlər .Yeni texnologiyalar, cihazlar, proqram təminatları və mobil tətbiqlərlə müştəri xidmətləri təcrübəsini zənginləşdirmək artıq sizin əlinizdədir.
Süni intellekt, virtual reallıq, avtomatlaşdırma , robotlar - nə adlandırırsınızsa adlandırın, bu texnoloji yeniliklərin qarşısını artıq heç kim ala bilməz və almamalıdır da. Bu inkişaflar əsrlərlə davam edən iş həyatını və şəxsi həyatımızı köklü şəkildə dəyişəcək.
Bu dəyişikliklər qarşısında özünüzü aciz hiss etməkdənsə, onları fürsət kimi görmək və texnologiyaya uyğunlaşmaq son dərəcə önəmlidir. Yeni texnologiyaları nə qədər erkən mənimsəsəniz, o qədər çox fayda görəcəksiniz.
Unutmayın, bədbin olmaq üçün səbəblər var. Amma bir o qədər də nikbinlik üçün səbəb var. Yalnız pozitiv və adaptiv yanaşma ilə uğur qazana bilərsiniz.
Günay