Xəbər verdiyiymiz kimi, ABŞ-də 87 konqresmen D.Trampın administrasiyasına müraciət edərək ermənilərin "Dağıq Qarabağ"a qayıtmasına dəstək verilməsinə çağırıblar. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində irəliləyişin baş verdiyi bir dövrdə konqresmenlərin belə bir müraciətlə çıxış etmələri sülh prosesinin pozulmasını hədəfə alan təxribatçılıqdan başqa bir şey deyil.
Lakin Cənubi Qafqazda sülhü hədəfə alanlar yalnız konqresmenlər deyil. Onlardan geri qalmayan Fransa Milli Assambleyasının üzvləri də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərdən, o cümlədən ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olmasının təsdiqləndiyi, bu əsasda nəticəyönümlü dialoqun davam etdirilməsinin razılaşdırıldığı Əbu-Dabi görüşünün nəticələri ilə qəbullana bilmirlər. İyulun 22-də Fransa Milli Assambleyasındakı "Sağ Respublikaçılar" qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten tərəfindən "Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan "Artsax siyasi məhbusları"nın azad edilməsini tələb etmək məqsədini daşıyan" Avropa Qətnaməsi təşəbbüsünün irəli sürülməsi də bunu təsdiq edir.
Öncə onu qeyd edək ki, Fransa siyasi dairələri, həm Fransa prezidenti, həm bu ölkənin parlamenti, həm də hökuməti Vətən müharibəsi və ondan sonra riyakarcasına Ermənistanın işğalçı siyasətini dəstəkləyən mövqe nümayiş etdirməkdədir. Bu ölkənin siyasi dairələri açıq şəkildə Azərbaycanı öz ərazilərini işğaldan azad etməkdə günahlandırırlar. Bu mənada Azərbaycan Vətən müharibəsində torpaqlarını azad etməklə, ərazilərində erməni separatizminə son qoymaqla, həm də Ermənistanın böyük bacısını, erməni lobbisinin əsas ünvanlarından olan Fransanı məğlubiyyətə uğradıb. Sonrakı dövrdə Azərbaycan Fransanı Cənubi Qafqazla bağlı proseslərdən, Ermənistanla münasibətlərin normallaşdırılmasına dair danışıqlardan uzaqlaşdırıb, Parisin qlobal səviyyədə Azərbaycana qarşı bütün riyakar planlarını fiaskoya uğradıb. Azərbaycanın neokolonializmə qarşı başlatdığı yeni dalğa isə Fransanın müstəmləkəçilik siyasətinə böyük zərbə vurub, onun Afrikadan qovulması ilə nəticələnib.
Prezident Emanuel Makron başda olmaqla Fransa siyasi dairələrinin bütün bunların qarşısında pərt və pərişan olduqları göz önündədir. Xüsusən E.Makron Azərbaycanın Vətən müharibəsindəki qalibiyyətini hec cür qəbul edə bilmir və Fransanın Azərbaycana qarşı düşmənçilik siyasətində onun şəxsi mövqeyi əsas rol oynayır. Belə ki, E.Makrona görə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması davam etməli, status-kvo dəyişməli deyildi. Torpaqlarımız işğaldan azad edildikdən sonra aydın şəkildə məlum oldu ki, işğalın davam etdirilməsi E.Makronun sələfləri tərəfindən birmənalı şəkildə dəstəklənib. Ona görə erməni işğalına E.Makronun Fransa prezidenti olduğu dövrdə son qoyulması onun tərəfindən şəxsi məğlubiyyət kimi qəbul olunur. Fransanın ən uğursuz prezidenti olan E.Makron Ermənistanın deyil, məhz öz şəxsinin məğlub olması ideyasından qurtula bilmir. Bu adam qalib, güclü və öz xalqının dəstəyini qazanmış dövlət başçısı olan İlham Əliyevə qarşı nifrət halına çevrilmiş paxıllığını cilovlaya bilmir və bütün bunlar onun nə qədər cılız olduğunu ortaya qoyur.
Qayıdaq Fransa Milli Assambleyasında irəli sürülən Avropa Qətnaməsi təşəbbüsünə. Qətnamədə Fransanın Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi tarixi və siyasi rola malik olduğu vurğulanır, sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə dəstək verməli olduğu qeyd edilir. Ermənistanla insan hüquqları, təhlükəsizlik, inkişaf və demokratiyaya əsaslanan strateji tərəfdaşlığı irəlilətməyin Fransanın məsuliyyəti olduğu bildirilir.
Qətnamədə qondarma və həm də arxivə göndərilmiş məfhumlara yer verilir, bu torpaqlardan köçmüş erməni əhalisinin vəziyyəti ilə əlaqədar çoxsaylı narahatçılıqların olduğu qeyd olunur. Həmçinin, Azərbaycan tərəfindən saxlanılan və cülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslər "siyasi məhbuslar olan erməni hərbi, siyasi və mülki şəxslər" kimi qələmə verilir. Onlarla bağlı keçirilən məhkəmə proseslərinin guya "qondarma" olduğu iddia edilir, həmin şəxslərin dərhal azad olunması tələbi irəli sürülür.
Bundan əlavə, Azərbaycanın Ermənistanın mövcudluğunu inkar etdiyi, bunun Azərbaycanın Artsaxda və digər nəzarət etdiyi bütün ərazilərdə erməni əhalisini məhv etmək siyasətinin davamı olduğu vurğulanır. Həmçinin, Azərbaycanın dini, mədəni və tarixi irsi məhv etdiyi bildirilir.
Sonda qətnamədə Milli Assambleya tərəfindən Azərbaycanın əleyhinə yönəlik 7 bənd irəli sürülür. Bəndlərin hər biri göstərir ki, Fransa Milli Assambleyası bu ölkənin riyakar mövqeyini bir daha təkrar edir. Qətnamədə yer alan fikirlər, o cümlədən Azərbaycanın əleyhinə olan 7 bənd ölkəmizə qarşı "səlib" yürüşünə keçən Fransa siyasi dairələrinin, o cümlədən parlamentin birbaşa Yelisey Sarayından alınmış təlimatlar əsasında anti-Azərbaycan və islamofob fəaliyyət həyata keçirdiyini göstərir. O Yelisey Sarayı ki, Milli Assambleya vasitəsilə mədəni irsin qorunmasından bəhs edir, amma bir müddət əvvəl Fransa ərazisində ucaldılan və qadınların azadlığı rəmzini özündə əks etdirən Natəvanın heykəlinin təhqir olunmasının qarşısını almayıb.
İndiyə qədər də Fransa Milli Assambleyası və Senatı Azərbaycanı hədəfə alan, Ermənistanın işğal siyasətinə dəstək verən bir neçə sənəd qəbul edib. Lakin elə Fransanın özündə də yaxşı anlayırlar ki, həmin sənədlərin adi kağız parçası qədər dəyəri və əhəmiyyəti yoxdur. Bu dəfə isə Yelisey Sarayı Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokyeni irəli atıb. Başqa cür desək, "ali təlimatın" icraçısı Loran Vokyenin simasında Fransada iqtidar koalisiyanın üzvü olan "Respublikaçılar" Partiyasıdır. Bu, həmin L.Vokyedir ki, 2023-cü ildə "Qarabağın blokadaya alınmasını" əsas gətirərək, guya, erməni sakinlərə yardımın edilməsinə çağırış edən kollektiv müraciətin təşəbbüskarlarından biri olmuş, qondarma rejimin "xarici işlər naziri" Sergey Kazaryanla görüşmüşdü. O, hətta Bakıda COP29-un keçirilməsinə qarşı belə kollektiv müraciətə də imza atıb. Anti-Azərbaycan əleyhinə apardığı fəaliyyətə görə, o, Fransanın erməni icması tərəfindən "Cəsarət" medalı ilə təltif olunub.
Fransada Azərbaycanın əleyhinə "humanitar tok-şou" aparanlar və Azərbaycan əleyhinə təlimatları icra edənlər arasında L.Vokye ilə yanaşı, bu ölkənin İl-dö-Frans regionunun prezidenti Valeri Pekressin və Paris meri An İdalqonun adını da qeyd etmək olar. V.Pekress Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, dəfələrlə ölkəmizin əleyhinə bəyanatlar səsləndirib, A.İdalqo isə 2023-cü ildə qondarma "rejim" üçün "humanitar konvoyu" keçirtməyə çalışıb, lakin niyyətinə çatmayaraq geri qayıtmaq məcburiyyətində qalıb. Bu adam Qarabağı könüllü tərk edən ermənilərə fəxri vətəndaşlıq verib, Parisin mərkəzində isə qondarma "Artsax respublikasının nümayəndəliyi" bu gün də fəaliyyət göstərir.
Onu da qeyd edək ki, Milli Assambleyada irəli sürülmüş qətnamədə öz əksini tapan tezislərdən Fransa mətbuatında ölkəmizə qarşı aparılan qaralama kampaniyası çərçivəsində də istifadə edilir. Bu da bir daha onu təsdiq edir ki, Azərbaycana qarşı aparılan riyakar kampaniyanın arxasında E.Makronun Administrasiyası dayanır.
Bəli, Azərbaycan dövləti öz qətiyyəli siyasəti ilə Fransa üzərində qlobal səviyyədə siyasi-diplomatik qələbə qazanıb, onun respubliamız əleyhinə bütün planlarını darmadağın edib. Qeyd etdiyimiz kimi bu siyasət həm də Fransanın Afrikadan qovulmasına gətirib çıxarıb, müstəmləkəçilik siyasətinə zərbə vurub. Azərbaycanın yürütdüyü siyasət Fransanı danışıqlar prosesindən də kənarda qoyub. Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Əbu-Dabidəki görüşünün Fransanın iştirakı olmadan keçirilməsi isə E.Makronu ciddi şəkildə qıcıqlandırıb və əsəbləşdirib.
Bütün bunlar həm də Fransanın beynəlxalq imicini əhəmiyyətli dərəcədə zəiflədib, E.Makron isə qeyri-ciddi bir adam kimi qəbul edilir. Fransa prezidentinin özü də bütün bunların fərqindədir və düşünür ki, uğur hekayəsi qazanmaq üçün əlində olan yeganə imkan "erməni kartı"dır. Ona görə E. Makron Fransanı Cənubi Qafqaz regionuna qaytarmaq və Azərbaycanla Ermənistan arasında gedən danışıqlar prosesinə qoşmaq üçün dəridən-qabıqdan çıxır.
Bir məsələni də qeyd edək ki, Ermənistanı Fransanın "müstəmləkəsi" kimi görmək arzusunda olan rəsmi Paris Ermənistana silah ixrac etməklə və erməni revanşistlərini həvəsləndirməklə Qafqazda mövcud olan həssas və kövrək sülhə ciddi zərbə endirir. Azərbaycan isə Fransanın bu sülh prosesinin pozulmasını hədəfə alan əməllərini və təzyiq cəhdlərini dəf etməklə kifayətlənməyəcək. Respublikamız bundan sonra da Fransa hakimiyyətinin real simasını dünyaya göstərəcək, onu Cənubi Qafqaza yaxın buraxmayacaq və bu ölkənin işğal altında saxladığı dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsinə dəstək verəcək. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə Fransa və Yeni Kaledoniya arasında baş verənləri başlanğıc və presedent kimi dəyərləndirməsi də bunu təsdiq edir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"