AZ

Yay hazırlığı: Kim, nə edir? ARAŞDIRMA

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan klublarının yeni mövsümə hazırlıqları davam edir.

Avrokuboklarda mübarizə aparan “Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan” və “Sabah” artıq rəsmi matçlara başlayıb və çempionat üçün hazır vəziyyətdədirlər. Bəs digər klublarda durum necədir?

“Neftçi”

Ağır keçən mövsümün ardından geridönüş etmək istəyən və liqanın iddialıları arasında yerini tutmaq istəyən “Neftçi”nin toplanışı Polşada davam edir. “Ağ-qaralar” burda iki sınaq matçı keçirib. Əvvəlcə İsrailin “Hapoel Təl-Əviv” komandasıyla heç-heçə edən (1:1) paytaxt təmsilçisi daha sonra yerli “Termalika” ilə “sülh”ə razılaşıb – 2:2. Əsas gedənləri ilə gündəmə gələn “ağ-qaralar” bir neçə legioner transferi ilə güclənib. Hücumçu axtarışı aparan “Neftçi”nin qarşıdakı müddətdə də bir neçə transfer edəcəyi gözlənilir.

“Neftçi”nin transferləri: Sessi D’Almeyda (“Apollon”, Kipr), Luis Ortis (“Sportivo Ameliano”, Paraqvay), Murad Xaçayev (“Sumqayıt”), Elvin Bədəlov (“Sumqayıt”), İqor Ribeyro (“Araz-Naxçıvan”), İmad Faraj (AEK, Larnaka, Kipr), Freddi Varqas (“Makkabi”, Netanya, İsrail, icarə), Cordan Rezabala (“Dorados”, Meksika), Kristian Kostin (“Dinamo”, Buxarest, Rumıniya), Kenan Piriç (“Antalyaspor”, Türkiyə)

“Turan Tovuz”

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən Tovuz təmsilçisi artıq bir yoxlama matçı keçirib. Kurban Berdıyevin yetirmələri Türkiyənin I Liqa təmsilçisi “Çorum”la heç-heçə edib – 1:1. Komanda növbəti yoxlama matçına bu gün çıxacaq. Rəqib isə eyni liqadan “Keçiörengücü” olacaq. Transfer çalışmalarını da davam etdirən tovuzlular son olaraq “Neftçi”dən ayrılan Filip Ozobiçlə güclənib. Transferlərin artacağı gözlənilir.

“Turan Tovuz”un transferləri: David Tavares (“Qloriya Buzau”, Rumıniya), Abdulla Rzayev (“Sabah”, icarə), Roberto Olabe (“İbiza”, İspaniya), Oleq Baklov (“Ufa”, Rusiya), Filip Ozobiç (“Neftçi”).

“Şamaxı”

Ötən mövsümün son dövrəsində qazandığı xallarla elitadakı yerini möhkəmlədən “şirlər” hazırlıqlarını Qəbələdə davam etdirir. Ayxan Abbasovun yetirmələri bu ana qədər 3 sınaq matçı keçirib. “Şamaxı” “Qəbələ”yə uduzub – 1:2, “Karvan”ı 2:0, “Kəpəz”i isə 6:1 hesabıyla məğlub edib. Bölgə təmsilçisinin daha çox sınaq matçı keçirməsi komandanın hazırlıqlarına faydalı olacaq. Transfer çalışmalarını davam etdirən “Şamaxı” daha çox legioner keçidi ilə gündəmə gəlib.

“Şamaxı”nın transferləri: Emil Süleymanov (“Qəbələ”, icarə), Oruc Məmmədov (“Səbail”), Həbib İsmayılov (“Neftçi”), Dioqo Balau (“Unian Santarem”, Portuqaliya), Karim Rossi (“Şaffhauzen”, İsveçrə), Sezar Henrike Dias Santos (“Kaşias”, Braziliya), David Santos (“Sportinq”, Kovilya, Portuqaliya), Rikardo Apolinario (“Unian Santarem”, Portuqaliya).

“Qəbələ”

Ötən mövsüm I Liqada çempion olan və elitaya vəsiqə qazanan bölgə təmsilçisi 3 yoxlama oyunu keçirib və hər birini qazanıb. Kaxaber Sxadadzenin yetirmələri “Şamaxı”nı (2:1), “Kəpəz”i (2:0) və “Sumqayıt”ı (1:0) məğlub edib. “Qəbələ” klublar arasında nəticələrinə görə ən hazır olanlardandır. Düzdür, yoxlama matçları həlledici deyil, lakin qələbələr yeni mövsümün startında komandaya əlavə motivasiya verəcək. Transfer çalışmalarına davam edən bölgə təmsilçisi də legioner transferləri ilə diqqətə gəlir:

“Qəbələ”nin transferləri: İsaak Amoa (“Atletiko Sanlukenyo”, İspaniya), Paulo Kimbila (“Əl-Əhli”, Bəhreyn), Adriel Ba Lua (“Kan”, Fransa)

“Sumqayıt”

Baş məşqçi postuna Saşa İliçi təyin edən “kimyaçılar” hazırlıqlarını Qəbələdə davam etdirir. İlk mərhələni Sumqayıtda keçirən və burda “İmişli” ilə sınaq matçı keçirən komanda heç-heçə edib (0:0). “Sumqayıt”ın digər yoxlama matçı “Qəbələ”yə qarşı olub və görüş komandanın məğlubiyyəti ilə başa çatıb – 0:1. “Sumqayıt” yay hazırlıqlarını davam etdirən klublar arasında hələ qol vurmağı bacarmayan tək kollektivdir.

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” son olaraq “Qarabağ”dan ayrılan Rüstəm Əhmədzadə ilə güclənib.

“Sumqayıt”ın transferləri: Pedro Pinto (“Petro Luanda”, Anqola), Aleksa Yankoviç (“Radniçki”, Serbiya), Rauf Rüstəmli (“Sabah”, icarə), Aleksandr Ramalinqom (“Bney Saxnin”, İsrail), Rayan Senhadji (“Fakel”, Rusiya), Rüstəm Əhmədzadə (“Qarabağ”)

“Kəpəz”

Son mövsülərdə ancaq elitada qalmaq mübarizəsi aparan gəncəlilərdə problemlər səngimək bilmir. Komandanı elitada saxlayan Azər Bağırovla vidalaşan və bu posta Adil Şükürovu gətirən “Kəpəz”də idarəetmədə çatışmazlıqlar var. Nəticələr, hazırlıq, transferlər qalib bir kənarda və klub struktural məsələlərlə gündəmə gəlir. Bu, mövsüm öncəsi komandanın əlehinə olan əsas məqamdır. “Kəpəz” yoxlama oyunlarında da zəif çıxışla yadda qalır. Komanda buna qədər iki sınaq matçı keçirib və “Qəbələ”yə 0:2, “Şamaxı”ya 1:6 hesabıyla uduzub.

Transfer çalışmalarını davam etdirən “Kəpəz”də son olaraq qapıçı Katsper Rosa ilə müqavilə imzalanıb.

“Kəpəz”in yay transferləri: Şakir Seyidov (“Sabah”), Pedro Qomes (“Boavişta”, Portuqaliya), Adama Fofana (“Adanaspor”, Türkiyə), Məqsəd İsayev (“Zirə”), Otar Aptsiauri (“Dinamo”, Tiflis, Gürcüstan), Katsper Rosa (“Motor”, Polşa)

“Karvan”

Uzun müddət sonra elitada çıxış edəcək Yevlax təmsilçisinin hazırlıqları davam edir. Əsasən transfer xəbərləri ilə gündəmə gələn bölgə təmsilçisi qapalı qutu kimidir. Həm Premyer Liqa təcrübəsi olan, həm də Avropada aşağı səviyyəli çempionatlarda oynamış futbolçuları heyətə cəlb edən “Karvan”ın çıxışı maraqla gözlənilir. Komanda hazırlıq çərçivəsində bir yoxlama oyunu keçirib və məğlub olub – “Şamaxı”ya 0:2.

“Karvan”ın transferləri: Eltun Turabov (“Turan Tovuz”), Süleyman Əhmədov (“Səbail”), Araz Abdullayev (“Qaradağ Lökbatan”), David Oliveyra Souza (“Zabbar”, Malta), Kayl Spens (“Kolreyn”, Şimali İrlandiya), Qavi Tompson (“Sportinq Laqos”, Nigeriya), Olavale Doyeni (“Plato Yunayted”, Nigeriya), Elvin Yunuszadə (“Qəbələ”), Vadim Abdullayev (“Araz-Naxçıvan”), Samuel Durrant (“Konnas Ki Nomads”, Uels), Vüsal Məsimov (“Şamaxı”)

“İmişli”

Yeni mövsümün daha bir “qapalı qutu”su “İmişli”dir. Oynayacağı stadionu dəqiqləşdirə bilməyən bölgə klubu legioner transferləri ilə gündəmə gəlir. Hazırlıqlarını davam etdirən “İmişli” bu ana qədər üç yoxlama oyunu keçirib. “Sabah” və “Araz-Naxçıvan”ın əvəzedici komandalarına eyni hesabla (2:1) qalib gələn bölgə təmsilçisi Premyer Liqa klubu “Sumqayıt”la heç-heçə edib – 0:0. Baş məşqçi postuna portuqaliyalı Kasqilyanı gətirən “İmişli” son olaraq ötən mövsümü “Karvan”da keçirmiş Ezekiel Morqanı transfer edib.

“İmişli”nin transferləri: Azər Salahlı (“Neftçi”), İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes, Rafael Vyeqas (“San Juan”, Portuqaliya), Hüseynəli Quliyev (“Səbail”), Ezekiel Morqan (“Karvan”).

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
futbolpress.az

2Mənbələr