AZ

Təsir əks-təsirə bərabərdir

İndiki zamanda bu, təkcə fizikanın qanunu deyil

Cənubi Qafqaz Avrasiyanın, bütövlükdə qlobal dünyanın mühüm geosiyasi, geoiqtisadi və geostrateji əhəmiyyət kəsb edən bir bölgəsində yerləşir. Elə bu səbəbdən də Cənubi Qafqaz müxtəlif hərbi, siyasi və təhlükəsizlik maraqlarına, təbii ehtiyatlarına görə güc mərkəzlərini özünə cəlb edən strateji məkana çevrilib. Sirr deyil ki, ABŞ və Qərb dövlətləri fərqli narrativlər üzərindən regionda yerləşməyə can atırlar. 

Ukrayna müharibəsindən sonra Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar bu ölkənin Cənubi Qafqaza marağını daha da artırıb. Ümumiyyətlə, Qafqaz regionu böyük dövlətlər, xüsusən Rusiya ilə Qərb arasında mübarizə zonasına çevrilib desək, qətiyyən səhv etmərik. ABŞ Hərbi Kəşfiyyat Agentliyi yeni hazırladığı hesabatda Rusiyanın Cənubi Qafqaz regionundakı təsirindən narahatlığını bildirib. Hesabatda bildirilir ki, Rusiya Gürcüstanı öz təsir dairəsinə qaytarıb. Agentlik qeyd edir ki, "Gürcü Arzusu"nun rəhbərlik etdiyi hökumət ötən ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra Rusiyaya ölkədə öz təsirini gücləndirməyə imkan verib.

Hesabatda həmçinin qeyd edilir: "Keçən il Rusiya-Ermənistan münasibətləri pisləşib. Buna səbəb Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla hədələməsi olub. Rusiya isə buna cavab olaraq Ermənistanın demokratiyasını və daha qərbyönlü rəhbərliyini nüfuzdan salmaq məqsədilə informasiya əməliyyatlarından istifadə edib. Rusiya Ermənistanın qərbyönlü rəhbərliyini gözdən salmaq üçün informasiya əməliyyatları həyata keçirib. ABŞ hərbi kəşfiyyatı Rusiyanın siyasi manipulyasiya və təbliğat yolu ilə keçmiş sovet respublikalarına nəzarəti gücləndirmək səylərindən narahatlığını vurğulayır".

Əslində, ABŞ və Qərbin Ermənistanda mövcudluğunu inkar etmək artıq mümkün deyil. Ermənistanın baş naziri Nikol Paşinyan bu günlər mətbuat konfransında "Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ehtimalı bu təşkilatda iştirakını bərpa etməsindən daha yüksəkdir" deməsi Ermənistanın birmənalı olaraq Qərbə üz tutduğunu və fikrində qəti olduğunu növbəti dəfə təsdiq edir.

Təhlükəsizliyinə zəmanət verdiyi Ukrayna ilə müharibəyə başladığı gündən dünyada etibarını itirən  Rusiyanın Cənubi Qafqaza da təsir mexanizmlərini itirməsini artıq sirr hesab etmək olmaz. Kremlin Gürcüstanın iki bölgəsini - Abxaziya və Cənubi Osetiyanı "de-fakto" və "de-yure" tanımasını, üstəlik, son vaxtlar Gürcüstanda ölkənin Qərbə inteqrasiyasının tərəfdarlarının yenidən  kütləvi aksiyalara başladığını nəzərə alsaq, bu ölkənin də yaxın zamanlarda Rusiya üçün itirilməkdə olduğunu deməyə kifayət qədər əsas var. Amma iş burasındadır ki, Rusiya rəhbərliyi Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqları qəbul etmir və regionda sülhün əldə edilməsinə mane olmağa çalışır.

Xatırladaq ki, keçən ilin dekabrında "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" sərnişin təyyarəsinin Rusiya səmasında vurulması ilə gərginləşən Rusiya-Azərbaycan münasibətləri də arzuolunmaz  səviyyəyə çatıb. Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" sərnişin təyyarəsinin Qroznı üzərində vurulması ilə bağlı Rusiya tərəfindən hələ də heç bir cavab təqdim olunmadığını  vurğulamışdır: "Təəssüf ki, hadisədən yeddi ay keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Biz nə baş verdiyini bilirik və bunu sübut edə bilərik. Həmçinin əminik ki, Rusiya rəsmiləri də baş verənləri çox yaxşı bilirlər. Sual olunur - nə üçün onlar sadəcə hər hansı bir qonşunun edəcəyi addımı atmırlar?" Dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycanın tələbləri tamamilə təbiidir: "Bizim xahiş və tələblərimiz tamamilə məntiqlidir: qəzanın baş verməsində günahı etiraf etmək, təyyarəni vuran şəxsləri cəzalandırmaq, həlak olanların ailələrinə, zərərçəkənlərə və AZAL-a - itirilmiş təyyarəyə görə kompensasiya ödənilməsini təmin etmək".

Təəssüf ki, Rusiya tərəfi daha düzgün olan etiraf yolunu seçərək baş verən hadisəyə görə üzr istəmək əvəzinə Azərbaycana qarşı ənənəvi təzyiq imkanlarından istifadə etməyə çalışır. Şübhəsiz ki, Rusiyada yaşayan azərbaycanlılara qarşı polis zorakılığının davam etdirilməsinin də əsl səbəbi budur. Rusiya tərəfi hələ də ümid edir ki, təzyiqləri davam etdirməklə rəsmi Bakının xarici siyasət kursuna təsir edə biləcək, ən azından özünə münasibətdə.

Rusiya tərəfi nədənsə qəbul etmək istəmir  ki, Azərbaycan bu gün regionun aparıcı ölkəsidir. O üzdən Cənubi Qafqazda şəriksiz geosiyasi iradə və söz sahibi olan Azərbaycanla münasibətləri korlaması onun bu regionda cərəyan edən proseslərdən tamamilə təcrid olunması deməkdir. Dövlətimizin başçısının vurğuladığı kimi: "Biz bütün ölkələrlə bərabərhüquqlu, qonşularla mehriban münasibətlərin tərəfdarıyıq. Biz bərabərliyin tərəfdarıyıq. Biz hesab edirik ki, dünyada böyük-kiçik ölkə anlayışı olmamalıdır. Bütün ölkələr bərabər hüquqa malikdir. Ona görə biz bütün ölkələrlə öz siyasətimizi bu prinsiplər əsasında qururuq. Heç bir ölkə qarşısında öhdəlik götürməmişik və bu, mümkün deyil. Beynəlxalq təşkilatlarda ki, biz üzvük, o öhdəlikləri biz yerinə yetiririk, onlara hörmətlə yanaşırıq, vəssalam. Bizim başqa heç bir öhdəliyimiz yoxdur. Əgər kimsə hesab edir ki, Azərbaycanı nəyə isə təhrik etmək, sövq etmək, məcbur etmək mümkündür, səhv edir və bu səhv siyasətindən əl çəkməlidir. Son illərin tarixi bunu göstərir. Biz öz yolumuzla gedirik. Bu yol tərəqqi, inkişaf yoludur. Bu yol azadlıq-müstəqillik yoludur və biz bu uğurları bu yolda əldə etmişik".  

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həlledici bir mərhələyə daxil olduğu bir vaxtda Moskvanın həm Bakıya, həm də İrəvana təzyiqlər göstərməklə prosesin nəticəsini öz maraqları çərçivəsində dəyişdirə biləcəyi düşüncəsi də yanlış və xam xəyaldır. Məlumdur ki, Rusiyanın əsas hədəfi Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməkdir. İndiki mərhələdə isə bu, qəti surətdə inandırıcı görünmür. Elə bu səbəbdən də Moskva Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməməsi üçün İrəvana və Bakıya qarşı siyasi təzyiqlər etməyə daha çox üstünlük verir. Təbii ki, Bakı Moskvanın bu cür səhv mövqeyi və davranışı ilə razılaşa bilməz. Çünki ölkəmiz, onun lideri hər hansı dövlətin təzyiqləri qarşısından geri çəkilmək niyyətindən uzaqdır və bizimlə təyziq, hədə-qorxu, zor gücü ilə danışmaq əbəsdir. Üstəlik, Azərbaycan Rusiyanın aqressiv davranışlarına adekvat cavab vermək potensialına malikdir.

Rusiyanın Ukraynaya qarşı "dəliyəm, güclüyəm", "gücüm varsa, istədiyimi edə bilərəm" düşüncəsi ilə hərəkət etməsi açıq desək, bu ölkənin faciəsinə çevrilməkdədir. Bundan nəticə cıxara bilməyən rəsmi Moskvanın Azərbaycana olan münasibətdə də eyni düşüncəni sərgiləmək cəhdi münasibətləri daha da gərginləşdirə, hətta tamamilə korlaya bilər. Azərbaycan dünyada müstəqil siyasət yürütdüyünü, qərbdə və ya şərqdə, şimalda, yaxud cənubda yerləşməsindən asılı olmayaraq  heç bir gücün təzyiq, hədə-qorxu dili ilə danışa biləcəyi ölkə deyil. Bunu Rusiya tərəfi də anlasa, ziyanın yarısından qayıtmış olar.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Seçilən
7
azerbaijan-news.az

1Mənbələr