AZ

Dəniz səviyyənin artmasına səbəb yalnız buzlaqlar deyil Alimlər yeni faktlar açıqladı

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Yer səthində quraqlıq o həddə çatıb ki, artıq dəniz səviyyəsinin artmasına buzlaqların əriməsindən daha çox təsir edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə BBC "Science Focus" jurnalında dərc olunan yeni tədqiqatın nəticələrinə istinadla məlumat yayıb.

Tədqiqatçılar müəyyən ediblər ki, torpaqlardan, göllərdən və yeraltı su qatlarından suyun itməsinin sürətlənməsi qlobal dəniz səviyyəsinin artmasına ciddi təsir göstərir. Bu quruma tendensiyası isə getdikcə sürətlənir və daha geniş əraziləri əhatə edir.

Dünyanın bir çox bölgələrində quraq ərazilərin sürətlə artdığı, bəzilərinin isə birləşərək nəhəng meqaquraqlıq zonaları yaratdığı qeyd olunur. Belə zonalardan biri artıq ABŞ-ın cənub-qərb sahillərindən Meksikaya qədər uzanır. Əvvəllər bir regionda quruma baş verdikdə digər bölgələrdəki rütubət bunun balansını təmin edirdi. İndi isə quraq zonalar rütubətli ərazilərdən daha sürətlə genişlənir və hər il Kaliforniya ştatının sahəsinin iki qatına bərabər torpaqlar quruyur.

Hazırda 101 ölkə şirin su ehtiyatlarını davamlı şəkildə itirir ki, bu da dünya əhalisinin 75%-ni – təxminən 6 milyard insanı – su qıtlığı ilə üz-üzə qoyur.

"Science Advances" jurnalında dərc olunan araşdırmada deyilir:

"Bir çox regionda yeraltı su qatlarının tükənməsi müşahidə olunur və bu ehtiyatların insan miqyasında bərpası mümkün deyil. Qlobal istiləşmə şəraitində yeraltı suların qorunması həyati əhəmiyyət daşıyır”.

Tədqiqatçılar 2002–2024-cü illər ərzində peyk müşahidələrindən istifadə edərək suyun Yer səthində – göllərdə, çaylarda, qarda, torpaqda, yeraltı qatlarda və hətta bitkilərin daxilində necə saxlandığını izləyiblər.

Nəticələr göstərib ki, əsas səbəb iqlim dəyişikliyi olsa da, insan fəaliyyəti vəziyyəti daha da pisləşdirir. Quraqlıq artdıqca insanlar yeraltı su ehtiyatlarından daha çox istifadə edir. Lakin bu ehtiyatlar eyni sürətlə bərpa olunmur.

Tədqiqatda qeyd edilir ki, Kaliforniyanın Mərkəzi Vadisində və Kolorado çayı hövzəsində yeraltı suların tükənməsi nəticəsində bu regionlar Mərkəzi Amerikanın digər quraq əraziləri ilə birləşərək nəhəng bir quraqlıq bölgəsinə çevrilib.

"Kaliforniya kimi regionlarda yeraltı suların getdikcə artan istismarı, regional və qlobal miqyasda su və ərzaq təhlükəsizliyini təhdid edir. Bu təhlükə hələ tam dərk olunmayıb”, deyə araşdırmada bildirilir.

Alimlər vurğulayır ki, həm milli, həm də beynəlxalq səviyyədə təcili qərarlar qəbul olunmalıdır. Məqsəd – bu qiymətli su resursunu gələcək nəsillər üçün qoruyub saxlamaqdır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
qaynarinfo.az

1Mənbələr