AZ

Qonşu ölkədə “WhatsApp” bağlanır?

Avqustun 1-dən etibarən Rusiyada “WhatsApp”ın bağlanacağı ilə bağlı məlumatlar yayılıb. Lakin Dövlət Duması bu iddiaları əsassız şayiələr kimi qiymətləndirib. Buna baxmayaraq, yayılan xəbərlər ictimaiyyətdə “WhatsApp”ın niyə bloklana biləcəyi ilə bağlı suallar doğurub. İKT üzrə ekspert Fərhad Mirəliyev Metbuat.az-a açıqlamasında uzun müddətdir Rusiyada internetin qlobal şəbəkədən ayrılması prosesinin getdiyini söyləyib. Onun sözlərinə görə, buna müxtəlif yollarla nail olmağa çalışırlar: “Bir çox Qərb saytları, sosial şəbəkələr və digər onlayn platformalar Rusiya Federasiyasında Rəqəmsal İnkişaf Nazirliyi səviyyəsində bloklanır və insanlar VPN-lər vasitəsilə həmin saytlara qoşulmağa çalışırlar. Burada əsas məqsəd ölkədə internetin lokal şəkildə fəaliyyət göstərməsidir. Beləliklə, insanlara yalnız dövlət tərəfindən icazə verilmiş məlumatlar çatdırılır. Rusiya hakimiyyəti idarəolunmayan, “maraqlarına zidd” olan informasiyanın yayılmasının qarşısını almağa çalışır. Bunun fonunda sosial şəbəkələr də Rusiyada bloklanmağa və ya məhdudlaşdırılmağa məruz qalır. Vətəndaşlar uzun müddətdir ki, VPN-lər vasitəsilə sosial şəbəkələrə və messencer tipli proqramlara daxil olmağa cəhd edirlər. Hazırkı hakimiyyət nümayəndələri total nəzarət mexanizmi qurmağa çalışır və insanların informasiya çıxışını idarə etmək istəyirlər. Eyni zamanda messencerlərdəki yazışmalara da nəzarət etmək üçün addımlar atılır”. F.Mirəliyev bildirib ki, ölkə vətəndaşlarına Rusiya istehsalı olan sosial şəbəkələr və messencerlər tövsiyə olunur: “Yaxın günlərdə yerli istehsal olan "Max" adlı messencer istifadəyə verilib və artıq iki milyona yaxın istifadəçisi var. Bu proqram alternativ olaraq vətəndaşlara təqdim edilir və tövsiyə olunur ki, messencer xidmətlərindən istifadə etmək istəyən hər kəs məhz "Max"ı seçsin. “Max” messenceri təkcə yazışma platforması olmayacaq. Gələcək mərhələlərdə bu platforma üzərindən satış və digər xidmətlərin də fəaliyyəti nəzərdə tutulur. “Max” messenceri “WhatsApp”a rəqib kimi təqdim olunur. Elə buna görə də “WhatsApp” bloklanır ki, artıq “Max” texniki baxımdan işləkdir və tam olaraq ölkənin total nəzarətindədir. Oradan keçən bütün fərdi məlumatlar və informasiyalar dövlət orqanları üçün əlçatandır və nəzarətdə saxlanılır”. Mütəxəssis qeyd edib ki, VPN tipli proqramlar da total şəkildə bloklanır: “Çünki, heç kəs onların vasitəsilə sosial şəbəkələrə və ya messencer proqramlarına çıxış edə bilməsin – istər “WhatsApp” olsun, istər “Telegram”. Yəni ölkə qapadılır, qlobal internetdən təcrid olunur. İnsanlara seçim olaraq yalnız dövlətin idarə edə biləcəyi informasiya məkanı təqdim edilir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
8
metbuat.az

1Mənbələr