AZ

Cənubi Qafqaz kim tərəfindən idarə olunacaq, bölgədə sülhü kim təmin edəcək?

2025-ci il strateji dinamika baxımından əvvəlki illərdən tamamilə fərqlənir. Diqqət ediriksə, 2020-2024-cü illərdə Cənubi Qafqazın gündəliyində duran əsas məsələ Qarabağ münaqişəsi və onun nəticələrinin aradan qalıdırılması idi.

Bu mərhələ çoxşaxəli siyasi-iqtisadi, diplomatik və hərbi addımlarla yadda qaldı. Daha çox Azərbaycanın ərazi suverenliyinin bərpası, separatizmin məhvi, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması, enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi, Azərbaycan qazının Avropa üçün alternativ enerji mənbəyinə çevrilməsi, ABŞ və Avropa İttifaqının Ermənistanda güclənməsi, regional blokların formalaşmasına cəhdlər, Ukraynada müharibə aparan Rusiyanın zəifləməsinin regionda yaratdığı dalğalı balans, Gürcüstandakı daxili çəkişmələr və s. bu mərhələnin açıq gündəliyini təşkil edirdi.

Əvvəlki illərdə daha çox daxili, qonşuluq və regional məsələlər gündəmdə idisə, 2025-ci ildən etibarən sanki “lokal məsələlərdən qlobal təhlükəsizlik formatına keçid” baş verib.

İyun ayında İran-İsrail arasındakı 12 günlük müharibə Cənubi Qafqazın da taleyində dönüş yaratdı. Nəticədə Cənubi Qafqaz qlobal təhlükəsizlik sisteminin əsas parçasına çevrildi. Eyni zamanda, ayrı-ayrılıqda ölkələrin təhlükəsizlik məsələlərini də önə çıxarmış oldu. Ermənistan açıq silahlanmanı etiraf etdi, ABŞ və NATO-nun kəşfiyyat maraqları daha da gücləndi, Türkiyə-Azərbaycan-Rusiya birliyindən geosiyasi şahmat lövhəsinə keçid oldu – bu dəfə regiona Çin, ABŞ, NATO, Pakistan, İran, İsrail daha emosioal tərəf kimi daxil oldular.

Bəs, 2025-ci ildən sonrakı mərhələ?

Qarabağ problemi tamamilə həll olunub, Azərbaycan ərazi suverenliyini bərpa edib, separatçılar məhv edilib, böyük infrastruktur işləri aparılır, məcburi köçkünlər mərhələli şəkildə Qarabağa köçürülür və s.

İndi əsas məsələ budur:

Cənubi Qafqaz kim tərəfindən idarə olunacaq, bölgədə sülhü kim təmin edəcək?

Heç şübhəsiz, Qarabağ müharibəsi Cənubi Qafqazın 300 illik paytaxını dəyişmiş oldu, artıq Tiflis deyil, Bakı regiounon əsas mərkəzi rolunda çıxış etməkdədir. Azərbaycanın Ermənistan, Gürcüstandan fərqli olaraq, daha güclü ordusu, iqtisadiyyati və təbii sərvətləri, daxili sabitliyi var. Bir çox hallarda qlobal enerji və nəqliyyat layihələri də Azərbaycandan asılıdır.

Azərbaycan diplomatik balans yaratmaq iradəsinə sahib olan, xarici siyasətinin konturlarını daha çox sülhün, sabitliyin və inkişafın davamlı olması istiqamətində qura bilən ölkədir.

Göründüyü kimi, Azərbaycan regionda sabitliyin mərkəzi taminatçısı kimi çıxış edə bilə(i)r.

Bəs, qlobal güclər?

2025-ci il Cənubi Qafqazı postmüharibə mərhələsindən çıxararaq, “qlobal aktiv mərkəzə” çevirib. Regionda başlanan “soyuq savaş”ın əsas oyunçuları bu dəfə Rusiya və ABŞ-la məhdudlaşmır, bütün qlobal güclər buradadır. Çünki hamı yararlanmaq, pul qazanmaq, valyutanı möhkəmləndirmək istəyir.

Cənubi Qafqaz “idarəolunan bölgə” statusundan çıxa bilərmi? Amma necə?

Azərbaycanın sahib olduğu böyük resurslar, diplomatik sayıqlığı onun manevr imkanlarını da genişləndirir, müstəqil qərarlar qəbul edə bilir. Gürcüstan hələ də daxili sabitliyin həlli ilə məşğuldur. Ermənistan ərazisində isə bir neçə ölkənin hərbi bazası mövcuddur, müstəqil qərarlar qəbul edə bilmir.

Görünən budur ki, böyük dövlətlərin hər biri regionda müxtəlif sahələrdə öz mövcudluğunu qoruyub saxlayacaq. Digər tərəfdən, bölgədə çoxsaylı maraqların güclənməsi praktiki şəkildə müşahidə olunsa da, müharibə bitəndən sonra Rusiyanın emosional aktivliyinin artacağı da şübhə doğurmur.

ABŞ və yaxud Rusiya gələcəkdə Cənubi Qafqazda “hakim güc” olmaya bilər.

Qərb bölgədə hər nə qədər güclənsə də, institunsional mövcudluq yarada və Ermənistanda, Gürcüstanda strateji daxili dayaqlar formalaşdıra bilməyib. Rusiyanın Ukraynada apardığı müharibə üzərindən regiona daxil olan Qərb “sabit mövcudluğ”a da nail olmayıb. Savaş isə davam edir. KTMT, 102-ci baza və enerji asılılığı Ermənstanın, siyasi elitanın monolitliyi, Abxaziya və Cənubi Osetiya əsas rıçaq kimi Gürcüstanın müstəqil və strateji qərarlar qəbul etməyinə mane olur.

2027-ci ilin sonuna qədər ikinci mərhələnin başa çatacağını, Cənubi Qafqazın taleyində növbəti və həlledici mərhələnin başlanacağını düşünürəm.

Müəllif: Samir Feyruzov

Seçilən
13
1
tribunainfo.az

2Mənbələr