AZ

Dövlət Xidmətinin sabiq idarə rəisinin məhkəməsində ittiham aktı elan olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kaiptan Xalid Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

AzPost xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R.Şükurovun vəkilləri vəsatət verib.

Onlar təqsirləndirilənin eşitmə ilə bağlı ciddi problemi olduğuna görə şüşə arxasından çıxarılaraq vəkillərinin yanında əyləşməsini xahiş ediblər.

Dövlət ittihamçısı vəsatətin əsassız olduğunu bildirərək təmin edilməməsini təklif edib.

Məhkəmə vəsatəti təmin edib.

Prosesin davamında dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib.

İttihama görə, Ramin Şükürov vəzifədə olarkən Xalid Əzimov və Emil Nəbiyev ilə birgə çağırışçılardan rüşvət alıblar. Belə ki, onlar çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesini sürətləndirmək və s. adlarla ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaiti alıblar.

Əlavə olaraq, Ramin Şükürov öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaş Natiq Soltanovun dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə köməklik etmək üçün ondan 30 min manat rüşvət almaqda da ittiham olunur. O, eyni əmələrlə çağırışçılar – Anar Rzayevdən 6 min, Əhməd Əhmədovdan 22 min, Orxan Baxşıyevdən 2 min, Fuad Rüstəmovdan 4 min manat rüşvət istəyib.

Təqsirləndirilənlər özlərini təqsirli bilməyiblər.

Növbəti prosesdə şahidlərin dindirilməsinə qərar verilib və proses sentyabrın 1-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ittiham irəli sürülüb.

Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.

AzPost.az

Seçilən
16
5
azpost.info

6Mənbələr