"Rəqəmsal mühit ədəbiyyatı sıradan çıxarmır, ona yeni nəfəs verir"
“Gənclər, xüsusən də tələbələr rəqəmsal mühitə daha çox maraq göstərirlər və bu mühit onlar üçün daha əlverişlidir. Bu baxımdan düşünürəm ki, rəqəmsal mühit ədəbiyyatı sıradan çıxarmır, əksinə, ona yeni nəfəs, təkan verir”.
Bunu Demokrat.az-a açıqlamasında Qədim Qala Nəşriyyatının direktoru Şöhrət İxtiyaroğlu deyib.
Onun sözlərinə görə, ortayaşlı və daha yaşlı nəsil fiziki kitaba üstünlük verirlər:
"Ümumiyyətlə, elə insanlar var ki, fiziki kitaba toxunuş, kitabın kitab rəfində yer alması və s. onlar üçün müstəsna önəmlidir. Hesab edirəm ki, biz bədii ədəbiyyat xaric bir çox məsələlərdə artıq rəqəmsallaşmışıq. Məsələn, mobil telefonun həyatımıza daxil olması, işgüzar həyatımızda da əvəzolunmaz yer tutması, bizim artıq ondan asılı vəziyyətdə qalmağımız özü bir göstəricidir. Düşünürəm ki, zamanla bədii ədəbiyyat da rəqəmsallaşsa, elektron kitablar fiziki kitabı açıq-aşkar üstələsə də, bu o demək deyil ki, ədəbiyyat, mütaliə yox olacaq. Sadəcə olaraq, mütaliə vərdişi, bir növ, öz formasını dəyişəcək. Bir məsələ də var ki, rəqəmsallaşma kitabı daha əlçatan edir. Məsələn: oxucu rayonda yaşayırsa, kitabı əldə etmək üçün nəşriyyata müraciət etməli, sifariş verməli, poçt pulu ödəməlidir. Elektron kitabı əldə etmək isə daha asandır və daha az zaman tələb edir: oxucu onlayn sifariş verəcək, pulunu ödəyən kimi kitab artıq əlində olacaq. Bizim ümumiyyətlə istəyimiz kitabın oxunmasıdır. İstər elektron kitab olsun, istərsə də fiziki, fərqi yoxdur. Odur ki gələcəkdə kitabın tamamilə rəqəmsallaşması, ümumiyyətlə, tamam elektron kitaba keçirilməsində problem görmürük. Hesab edirik ki, maarifçi insanların da hədəfi kitabın əlçatanlığını təmin etməkdir. Önəmli olan elektron, yaxud fiziki kitabın oxunması deyil, ümumiyyətlə kitab oxunmasıdır".
O bildirir ki, dünyada çap olunan kitabların da əlçatanlıq məsələsi var:
"Düzdür, "Amazon" kimi nəhəng platforma var və bir çox kitablar orada satılır. Dünyanın istənilən yerində yaşayan insan oradan kitab sifariş edə bilər. Və əgər oxucu kitabı orijinal dildə yox, tərcüməsini oxumaq istəyirsə, o zaman nəşriyyat onu alacaq, tərcümə edəcək və müxtəlif electron platformalarda öz dilində oxucuya təqdim edəcək.
Vaxt ötdükcə nəyə tələbat olacaqsa, nəşriyyatlar da bu istiqamətdə fəaliyyətini gücləndirəcək. Əslində, burada bir məsələ də var ki, fiziki kitabda böyük işçi əməyi var. Bu da bizi hərdən bir vətəndaş olaraq düşündürür ki, fiziki kitabın ərsəyə gəlməsində mətbəə faktoru və mətbəədə sırf kitab çapı ilə məşğul olan işçi heyəti var. Bu baxımdan həmin insanların məşğulluğu ilə bağlı çətinlik yarana bilər. Amma hesab edirəm ki, əgər rəqəmsallaşma kütləvi hal alsa, nəşriyyatlar buna qısa müddətdə uyğunlaşacaq. Önəmli olan kitabın əlçatanlığının təmin edilməsi və mütaliənin kütləviləşməsidir".
Əfsanə Kamal
Demokrat.az