AZ

Apreldə, Vətən savaşında döyüşdü, Şuşada şəhid oldu - qubalı gizir Mehrabın 3 övladı qaldı...


Vətəndən güc alan, düşməndən öc alan oğul idi Mehrab. Bu o Mehrabdır ki, işğal altında inləyən torpaqlarımızın düşmən tapdağından azad olunması, Xocalı günahsızlarının qisasını almaq üçün həyatını hərbiyə bağladı.

1985-ci ilin may ayının 13-də Quba rayonunun Qamqam kəndində müəllim ailəsində anadan olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş giziri, “terminator” ləqəbi ilə erməni hərbiçilərini tir-tir əsdirən, düşmənin canına vəlvələ salan Vətən müharibəsi Qəhrəmanı Niftəliyev Mehran Söhrab oğlunun döyüş yolu, qəhrəmanlığı dillərə sığmayan bir dastandır. Özü qəhrəmancasına şəhid olsa da, adı, qəhrəmanlığı, şücaəti yaşayır. Nəinki ailəsi, nəinki bütün Quba, bütövlükdə Azərbaycan xalqı Vətən müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevlə qürur duyur.

Bir neçə gün əvvəl Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün – Tarixi Zəfər” kitabının təqdimatında iştirak etmək üçün Qubada ezamiyyətdə olarkən qubalı şəhidlərin valideynləri, yaxınları ilə həmsöhbət oldum.

Söhrab Niftəliyev: “Aprel döyüşlərindən sonra cənab Prezidentlə görüşübmüş, birgə fotoları da var”

Vətən müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin anası Xalidə Niftəliyeva və atası Söhrab Niftəliyevlə söhbətləşdik, onlar oğullarının qəhrəmanlıq doğlu döyüş yolundan böyük qürurla danışdılar.

Yeri gəlmişkən, Mehrabın anası da, atası da rus dili müəllimləridir.

Söhrab Niftəliyev danışır ki, oğlu ömrünün 18 ilini hərbi sənətə verdi və bu yolda canından keçdi. “Mehrab Aprel döyüşlərində də böyük qəhrəmanlıqla, şücaətlə döyüşüb. Ona “terminator” deyirdilər. Aprel döyüşlərində Pəncəli Teymurov, Raquf Orucov, Murad Mirzəyev və Mehrab Niftəliyev-bu dördü çiyin-çiyinə döyüşüb. Bu dördlük Aprel döyüşlərində “dörd canavar” adlandırılıb. Aprelin 2-də polkovnik Murad Mirzəyev və Pəncəli Tehmurov, aprelin 4-də isə Raqub Orucov şəhid olub. Mehraba Aprel döyüşlərində şəhid olmaq nəsib olmadı. Döyüş yoldaşlarının dediyinə görə, ermənilər Mehrabın başına külli məbləğdə pul qoyublar ki, onu canlı ələ keçirsinlər, amma heç vaxt onu canlı ələ keçirə bilmədilər. Oğlum noyabrın 8-də - Qələbə günü Şuşada şəhid olub. Qanaxmadan həyatını itirib”.

Söhrab müəllim qeyd etdi ki, oğlu Aprel döyüşlərində də bir neçə ağır əməliyyatda iştirak edib və uğurlu döyüşçü kimi təltif olunub. Bildirdi ki, Aprel döyüşlərindən sonra Ali Baş Komandan tərəfindən qüsursuz xidmətinə görə təltif edilib.

“Şəhid olandan sonra onun haqqında çox şey öyrəndik. Aprel döyüşlərindən sonra cənab Prezidentlə görüşübmüş, birgə fotoları da var. Mehrab ümumiyyətlə döyüşdə olanları heç zaman danışmazdı, bizə sirr vermirdi. O şəhid olandan sonra bildik ki, erməni dilini ermənidən yaxşı bilirmiş”-deyə ata bildirdi.

Xalidə Niftəliyeva: “Prezident Mehraba Vətən Müharibəsi Qəhrəmanı adı verəcək”

Xalidə müəllimə isə danışdı ki, oğlu 18 il hərbidə olub və baş gizir idi, üç övladı atasız qaldı: “Mehrabın qızı cüdo ilə məşğul olur, iki dəfə Respublika çempionu olub, çox məşhurdur. 6 uşaq anasıyam, 5 oğlum 1 qızım var, Mehrab böyük oğlum idi. Oğlum Aprel döyüşlərində də qəhrəmanlıqla görüşüb, döyüşdən sonra Ali Baş Komandanla görüşüb, Prezident onu təltif edib.

Bəlkə də internetdə qarşınıza çıxıb: belində erməni hərbiçisini - əsirini aparır və deyir ki, bu vicdansızdan məlumat toplayacağam. O, erməni hərbiçisindən çoxlu məlumat toplayıb, silah anbarının yerini öyrənib, gedib silah anbarını partladıb. Prezidentin sərəncamı ilə 13 medala layiq görülüb.

Oğlumun döyüş yolu Aprel döyüşlərindən başladı və Şuşada - Zəfər günü başa çatdı. O, Şuşa azad olunduğu gün Şuşada şəhid oldu.

Axşam Prezident xalqa müraciət edib bəyan etdi ki, Şuşanı almışıq. Yoldaşım televizoru qucağına alıb evi gəzdirdi, televizoru öpürdü. Dedi ki, artıq mürahibə qurtardı. Mənim oğlumun biri Xarkov Polis Akademiyasında oxuyurdu. Noyabrın 9-u onun ad günü idi. Yoldaşıma dedim ki, uşağı təbrik edək,”axşam edərik” dedi. Dedim yox, indi zəng edirəm. Elə nömrəni yığmaq istəyirdik ki, yoldaşıma zəng gəldi və zəng vuran “Mehrabdan nə xəbər” dedi. Telefon söndü. Şübhəyə düşdük. Yoldaşım məndən uzaqlaşıb evin arxasına keçdi, mən də ardınca getdim, mən gedənə qədər ona “Mehrab şəhid olub” demişdilər. Telefon yoldaşımın əlindən düşdü, arxaya çönəndə məni gördü, məni qucaqlayıb “daha Mehrabımız yoxdur” dedi. Onu kodla axtarıb tapdıq. Oğlum yaralanandan sonra idmançı Mxtaryanın villasına aparmışdılar. “O ölməz qəhrəmandır” deyirdilər. Yanına minomyot düşmüşdü, sağ ayağını parça-parça etmişdi...Səhərə qədər ancaq su istəyirmiş. Bizimkilər yaralıların çoxunu həmin villaya aparmışdılar. Noyabrın 8-i səhər saat 10-na 20 dəqiqə işləmiş şəhid olub.

Atasının ad günü oğlumun üç mərasiminə düşdü. Ondan bir il əvvəl atasının ad günündə süfrə açmamışdım, atasının ad gününə gəldi, dedi ki, ana, niyə süfrə açmamısan. Dedim Mehrab, gələn il ata üçün bir yaxşı süfrə açaram, dedi ki, bəlkə heç mən gələn il olmaram, iştirak etmərəm. Elə bil şəhid olacağını əvvəlcədən hiss etmişdi.

Bilirdik ki, Prezident Mehraba Vətən Müharibəsi Qəhrəmanı adı verəcək. Çünki 18 ildə ermənilərə od qoymuşdu”.

Ana deyir ki, oğlunun qəhrəmanlığı ilə bütün Azərbaycan xaqlının fəxr etməsi onları qürurlandırır. Bir müddət əvvəl Mehrabın 40 yaşının rayon Mədəniyyət evində geniş şəkildə qeyd edildiyini deyən ana bildirdi ki, həmin tədbirdə 500 insan iştirak edib.

İkinci Qarabağ müharibəsində döyüş yolu Füzulidən, Cəbrayıldan, Şuşadan keçən baş gizir vətənin azadlığı uğrunda savaşıb, noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

“Vətən Müharibəsi Qəhrəmanı” adı verilib və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və başqa medalları ilə təltif olunub.

Mehrab Niftəliyev 2016-cı ilin Aprel döyüşlərində də, Vətən savaşında da böyük şücaətlə, mərdliklə döyüşüb, düşmənin məkrli planlarını ifşa etmək üçün hətta erməni dilini də öyrənib, bu dildən onların özlərinə qarşı istifadə edib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Ata-anası da, həyat yoldaşı da, övladları da Mehrab Niftəliyevlə fəxr edir. Mehrab onlara “möhkəm olun” deyirmiş həmişə. Onlar da Mehrabın sözünə əməl edib, gözləri ağlasa da, ürəkləri qəm-qüssə ilə aşıb-yansa da, möhkəm olmağa, sınmamağa çalışırlar. Mehrabın ocağında üç övlad böyüyür, Vətənə, torpağa, xalqa, dövlətə layiq üç övlad.

Atası Söhrab müəllim kəndlərində oğlunun adına möhtəşəm bulaq kompleksi inşa etdirib, oğlu ilə yanaşı digər şəhidlərimizin şəkilləri o kompleksi bəzəyir...

Mehrab sadə müəllim ailəsində doğulub-böyüdü, amma ali məqama yetişdi, kimsələrin əlinin-ününün yetişmədiyi müqəddəs şəhidlik mərtəbəsinə ucaldı. Torpağına, bayrağına canını fəda edən oğulların əbədi məskənidir o məkan...

İradə SARIYEVA
Quba-Bakı

Seçilən
36
baki-xeber.com

1Mənbələr