AZ

Dollar steyblkoinləri Avropa üçün təhlükə yaradır

Finss.az - Avropa Mərkəzi Bankının baş iqtisadçısı Yurgen Şaaf ABŞ dollarına bağlanmış steyblkoinlərin sürətlə yayılmasının Avropa İttifaqının maliyyə sabitliyi və pul suverenliyi üçün ciddi risklər yaratdığını bildirib.

O, bu barədə AMB-nin rəsmi bloqunda paylaşdığı məqaləsində xəbərdarlıq edib.

Şaaf qeyd edib ki, kriptovalyutalara bağlı steyblkoinlər, xüsusilə Tether (USDT) və Circle (USDC), artıq niş məhsul olmaqdan çıxaraq beynəlxalq maliyyə sistemində əsas vasitələrdən birinə çevrilməkdədir. Hazırda bazarın 99%-i dollarla nominasiya olunmuş steyblkoinlərin payına düşür. Onların geniş istifadəsi isə ənənəvi bank sektoruna və Avropa valyutasının mövqeyinə təhlükə yaradır.

O bildirib ki, steyblkoinlərin çöküşü halında bu aktivlərə bağlı olan sistemlərdə inamın itməsi Avropa bank sektorunda geniş miqyaslı risklər yarada bilər. Şaaf əlavə edib ki, bəzi steyblkoinlər üzrə faiz ödənişlərinin təklif edilməsi banklardan əmanət axınını sürətləndirə, kreditləşməni zəiflədə və bütövlükdə Avrozonada maliyyə sabitliyini poza bilər.

Şaaf həmçinin ABŞ-da qəbul edilmiş yeni GENIUS qanun layihəsinə toxunaraq bildirib ki, Vaşinqtonun steyblkoinləri dəstəkləməsi dolların qlobal hökmranlığını gücləndirməyə xidmət edir. Bu isə Avropa üçün maliyyələşmə xərclərinin artması və monetar muxtariyyətin zəifləməsi riskini artırır.

Rəsmiyə görə, Avropa bu çağırışa aşağıdakı tədbirlərlə cavab verməlidir:

  • Rəqəmsal avronun tez bir zamanda istifadəyə verilməsi,

  • Avroya bağlı tənzimlənən steyblkoinlərin yaradılması,

  • Blokçeyn texnologiyalarından geniş istifadə və

  • Steyblkoinlər üzrə beynəlxalq tənzimləyici əməkdaşlığın gücləndirilməsi.

Financial Times qeyd edir ki, ABŞ-dakı yeni tənzimləmə çərçivəsi sayəsində steyblkoin bazarının həcmi 2025-ci ildəki 230 milyard dollardan 2028-ci ilin sonunadək 2 trilyon dollara qədər arta bilər.

Seçilən
5
fins.az

1Mənbələr