Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Təhsil Naziri Nazim Çavuşoğlu Azərbaycana rəsmi səfəri çərçivəsində “Kıbrıs Azərbaycan Evi”ni ziyarət edib.
Ziyarətdə Nazirlə yanaşı, Doğu Akdeniz Universitetinin (DAÜ) rektoru Prof. Dr. Hasan Kılıç, Lefke Avropa Universitetinin (LAÜ) rektoru Prof. Dr. Mehmet Ali Yükselen, KKTC Milli Təhsil Nazirliyinin Ali Təhsil və Xarici Əlaqələr İdarəsinin müdiri Behçet Çelebi, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşviq Məmmədli iştirak ediblər.
Bakı təmasları çərçivəsində KKTC-nin Bakı nümayəndəsi, səfir Ufuk Turganer və müşavir Ulaş Kıvılcım da tədbirdə iştirak ediblər.
Görüş zamanı Azərbaycan və KKTC arasında təhsil, tələbə mübadiləsi, staj proqramları və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub. Nazir Nazim Çavuşoğlu “Kıbrıs Azərbaycan Evi”nin fəaliyyətindən məmnunluğunu ifadə edərək, gələcək fəaliyyətlərdə uğurlar arzulayıb.
Görüş zamanı mərkəzin rəhbəri Ruslan Quliyev nazirə müəllifi olduğu və ali məktəblər üçün nəzərdə tutulmuş “Azərbaycan Respublikasının sağlamlıq-müalicə turizm müəssisələrinin idarə edilməsi məsələləri: reallıqlar və perspektivlər” adlı dərs vəsaitini təqdim edib.
Sonda Təhsil Naziri Kıbrıs Azərbaycan Evinin Xatirə dəftərinə öz təklif və arzularını yazıb.




