AZ

İdeal görünmək naminə itirilən həqiqətlər... - MÜSAHİBƏ

"Kişi güclü, qadın sakit və anlayışlı olmalıdır"... Cəmiyyətin bizə zorla geyindirdiyi bu köhnə rollar bu gün münasibətlərin ən böyük düşməninə çevrilir. Biz həqiqətənmi bu cür yanaşmalıyıq, yoxsa artıq fərqli düşünməyin vaxtıdır? Psixoloq Pərvanə Kərimova mövzu ilə bağlı “İki sahil” TV-yə müsahibəsində bu suala aydınlıq gətirdi.

-Biz qadın və kişini “necə olmalıdır?” deyə qəlibə salmaqla əslində onların kim ola biləcəyinə mane oluruqmu? Bu rollar fərdi xoşbəxtliyin qarşısını kəsirmi?

-Bəli, biz qadın və kişini “necə olmalıdır?” deyə qəlibə saldıqca, onların kim ola biləcəklərinə qapı bağlamış oluruq. Çünki “olmalı" sözünün arxasında çox zaman qorxu, nəzarət və tabe etmə niyyəti yatır. Bu, ifadə azadlığını deyil, uyğunlaşmanı təşviq edir. Nəticədə qadın da kişi də özünü yaşamaq əvəzinə təsdiqlənmək üçün yaşamağa başlayır. Təsəvvür edin: Oğlan uşağı kiçik yaşlarından “ağlama, sən kişisən” mesajı alır. Zamanla hisslərini gizlətməyə, daxili dünyasını susdurmağa başlayır. Həssaslıq ona zəiflik kimi öyrədilir və bir gün ailə qurur, amma bu adam duyğularını ifadə edə bilmir. Əzab çəkir, amma susur. Dərdini demək istəyəndə boğazı düyünlənir. Çünki o, “kişidir” və güclü olmalıdır. Eyni şəkildə bir qıza “sakit ol, ipə-sapa yat” deyilir və o,öz ehtiyaclarını boğaraq başqalarının ehtiyacına uyğunlaşmağı öyrənir. Yetkin yaşa çatanda isə "niyə hər şeyə dözürsən?”, “özünü niyə ifadə etmirsən?” deyilir. Halbuki O, belə böyüdülüb. O, özünü yox, başqasını razı salmağı sevgi sayır. Bütün bunlar fərdi xoşbəxtliyi necə pozmur ki? Biz içimizdəki səsə qulaq asmağı yox, çölün səsinə uyğunlaşmağı öyrənmişik. Sonra təəccüblənirik: “Niyə özümüz ola bilmirik?” - ona görə ki, heç vaxt bizə özümüz olmağa icazə verilməyib və biz də bu icazəni özümüzə verməyi unuduruq. Əslində qadın və ya kişi müəyyən çərçivəyə yerləşdirilə bilməyəcək qədər çoxqatlı və dəyişkəndir. Bəzən qadın güclü olur, bəzən kişi zəif düşür. Bəzən anlayış göstərən kişidir, bəzən qoruyan qadındır. Bu, nə qadının qadınlığını, nə də kişinin kişiliyini azaldır. Bu, sadəcə insan olmağın müxtəlifliyidir. Biz münasibətləri rollara deyil, insana əsaslansaq daha sağlam və dərin əlaqələr qura bilərik. Çünki sevgi iki rolun deyil, iki fərdin rastlaşmasıdır. Bu rastlaşma ancaq azad olduqda gerçək olur.

-Müasir qadın həm müstəqil olmaq istəyir, həm də yanında onu başa düşən bir fərd arzulayır. Bəs kişilər bu dəyişən qadın obrazına uyğunlaşmağa hazırdırmı?

-Müasir qadın artıq təkcə gözəl görünmək, itaətkar olmaq və başqasının təsdiqini qazanmaq istəmir. O, həm müstəqil düşünmək, həm özünü ifadə etmək, həm də bir münasibətdə sevilmək, anlaşılmaq, hörmət görmək istəyir. Bu dəyişiklik təkcə qadında baş vermir, əslində bu, cəmiyyətin bütövlükdə dəyişən şüurudur. Amma bu dəyişiklik qarşı tərəfdən, yəni, kişilərdən də uyğunlaşma, yenilənmə və daxili çevrilmə tələb edir. Ənənəvi kişi obrazı - "Mən təmin edirəm, qadın itaət edir” modeli getdikcə gücünü itirir. Çünki artıq qadın öz ayaqları üstündə durur, hisslərini ifadə edir, qərar verir və bəzən təmin edən tərəf də olur. Bu isə bəzi kişilərdə özünü lazımlı hiss etməmək, gücsüzlük, kimliyini itirmək qorxusu yarada bilər. Bir çox kişi bu yeni qadın obrazını anlaya bilmir, çünki öyrəşdikləri qadın modeli susurdu, dözürdü, uyğunlaşırdı. İndi isə qarşısında həm sevgi istəyən, həm sərhəd qoyan, həm də fikrini açıq şəkildə bildirən bir qadın var. Bu onları qorxuda bilər, çünki yeni münasibət modelində kişidən təkcə “gətir, apar” yox, emosional yetkinlik, empati və bərabər münasibət bacarığı tələb olunur. Bir çox kişi hələ də müstəqil qadını “təhlükə” kimi görür, yoxsa ortağı kimi deyil. Amma yaxşı xəbər budur ki, dəyişən, inkişaf edən, öyrənən kişilər də var. Psixoloji olaraq öz üzərində işləyən, duyğularını tanıyan və qarşısındakı qadını rəqib yox, yol yoldaşı olaraq görən kişilər bu transformasiyaya uyğunlaşa bilir. Bu uyğunlaşma asan deyil, çünki çökən bir patriarxal sistemin kölgəsində yeni bir bərabərlik forması qurulur. Hər iki tərəf qorxularla üz-üzə gəlir. Qadın çox şey istədiyi üçün “çox” adlandırılır, kişi isə duyğusal açıq olduğu üçün “zəif” damğalanır. Amma əslində bu, sağlamlaşmanın başlanğıcıdır. Ən sağlam münasibət iki güclü fərdin bir-birinə söykənmədən, amma bir-birini dəstəkləyərək var olmasıdır. Müasir qadın artıq bunu istəyir. Bəs kişi? Əgər o da sevgi üçün dəyişməyə, öyrənməyə və azad bir qadının yanında dayanmağa hazırdırsa, o münasibət həm sağlam, həm də qalıcı ola bilər.

-İnsan özü ilə xoşbəxt deyilsə, münasibətləri niyə “xilas vasitəsi” kimi görür? Bu yanlış gözlənti qadın və kişi arasında nəyi zəhərləyir?

-İnsan özü ilə xoşbəxt deyilsə, içində bir boşluq, dəyərsizlik, tək qalmaq qorxusu varsa, çox zaman bu boşluğu münasibətlərlə doldurmağa çalışır. Yəni, sevgini seçmir, sevgidən çarə gözləyir. Münasibət onun üçün bir bağ deyil, xilas vasitəsinə çevrilir. Əslində bu, çox incə və təhlükəli bir haldır. Çünki insan “yarımam, biri gəlib məni tamamlasın” düşüncəsində olanda, qarşı tərəfə real insan kimi yox, “məni düzəltməli olan qəhrəman” kimi yanaşır. Bu isə münasibətdə bərabərlik və sağlamlıq deyil, ehtiyac və gözlənti münasibəti yaradır. Bu tip gözləntilər xüsusilə qadın və kişi arasında dərin psixoloji uçurumlar açır. Məsələn, qadın özünü tənha, dəyərsiz hiss edirsə, münasibətdən daim təsdiq, diqqət, sevgi gözləyəcək. Kişi isə bu yükün altından çıxa bilmədikdə uzaqlaşacaq. Ya da əksinə-kişi daxildə özünü gücsüz, natamam hiss edirsə, qadının sevgisi onun üçün “var olma sübutu” olacaq və nəticədə o, asılı münasibət quracaq. Bu isə münasibətləri zəhərləyir. Niyə? Çünki sevgi artıq bir-birini başa düşmək, birgə böyümək deyil. "Sən mənim boşluğumu doldurmalısan” yarışına çevrilir. Heç kim heç kimin içindəki boşluğu doldura bilməz. Ən sağlam münasibətlər iki bütöv insanın bir yerdə xoşbəxt olmaq seçimidir. Yəni, “sən olmasaydın, yaşaya bilməzdim” yox, “səninlə həyat daha gözəldir” düşüncəsi. Münasibət heç vaxt insanın özü ilə üz-üzə gəlməsindən qaçmaq vasitəsi olmamalıdır. Əks halda, münasibət də insanın içindəki narahatlığı daşımağa başlayacaq. Bu da zamanla qırılmalar, incikliklər və dərin narazılıqlar doğuracaq. Özünü sevən, özünü tanıyan, özü ilə barışmış bir insan münasibətə ehtiyacla yox, seçimlə daxil olur. Və məhz belə münasibətlər sağlam, dəyərli və davamlı olur.

-Münasibətdə sakit qalmaq hər zaman səbir əlamətidirmi, yoxsa özünü boğmağın başqa bir formasıdır?

-Münasibətdə sakit qalmaq hər zaman səbir göstəricisi deyil. Bəzən bu, özünü ifadə edə bilməməyin, qorxunun, yaxud incikliyin içə yönəlmiş formasına çevrilir. Əgər bir insan münasibətdə yaşadığı narahatlığı, incikliyi və ehtiyaclarını açıq şəkildə dilə gətirmirsə, bu səssizlik zamanla emosional yüklənməyə və passiv aqressiyaya yol aça bilər. Səssiz qalmaq bəzən sülh yaratmır, əksinə içimizdə görünməyən bir savaş baş verir və bu savaş tədricən münasibəti içəridən zədələyir. Əsl səbir hisslərini boğmaq yox, onları sağlam şəkildə ifadə edə bilmək bacarığıdır. Səbir qarşı tərəfi anlamaqla yanaşı özünü qorumağı, duyğularını dürüst şəkildə paylaşmağı tələb edir. Sakit qalmaq yalnız o zaman faydalıdır ki, bu, qarşı tərəfə vaxt vermək, vəziyyəti dərk etmək və münasibəti qorumaq üçün seçilmiş şüurlu bir qərardır. Amma əgər insan daim susursa, “narazılığımı deyəcəm, amma narahatlıq yaranacaq” deyə qorxursa və ya “onsuz da heç nə dəyişməyəcək” düşüncəsi ilə özünü boğursa, bu artıq səbir deyil, emosional tükənmə əlamətidir. Uzunmüddətli səssizlik münasibətdə yaxınlığı yox edir. Sevgi varsa, orada söz də olmalıdır, səmimiyyət də, duyğuların axışı da. Susmaqla münasibət qoruya bilmirik, sadəcə görünməyən uçurumlar yaradırıq. Ən sağlam münasibət belə danışa biləcəyimiz, eşidiləcəyimiz və cavabsız qalmayacağımız münasibətdir. Əgər bir insan özünü boğaraq sakit qalırsa, bu artıq təkcə münasibət problemi deyil, öz dəyərini, öz səsini itirmək riski daşıyan psixoloji bir haldır.

-Sosial şəbəkələrdə ideal münasibətlər görürük. Reallıq isə sevgi yerini “rol oynamağa” verir. Qadın və kişi münasibətlərində bu “görünmək istəyimiz” bizi necə dəyişir?

-Sosial şəbəkələr bizə sanki bir “ideal münasibət” səhnəsi təqdim edir. Çiçəkli sürprizlər, təbəssümlü, romantik qeydlər… Biz baxdıqca inanmağa başlayırıq ki, münasibət belə görünməlidir. Çox vaxt bu “görünmək” ehtiyacı, "Həqiqətən necə hiss edirik" sualını susdurur. Müasir münasibətlərdə qadın və kişi birlikdə necə görünəcəklərinə fokuslanırlar. Bu isə sevginin mahiyyətini dəyişir. Sevgi paylaşmaq üçün yox, göstərmək üçün yaşanır. Hər şey vitrin üçündür: xoşbəxt görünək, təqdir toplayaq, “qüsursuz cütlük” təsiri yaradaq. Bu “rol oynamaq” ehtiyacı isə münasibəti səmimiyyətdən uzaqlaşdırır. İnsan özünü olduğu kimi yox, bəyənilən biri kimi göstərmək üçün dəyişir. Qadın anlayışlı görünməyə çalışır, kişi mükəmməl görünmək istəyir. Amma bu zaman hər ikisi öz içindəki həqiqi “mən”i basdırır. Bu basdırılmış “mən” zamanla narazılıq, yorğunluq və soyuqluq kimi geri dönür. Sosial şəbəkələrdə göründüyümüz qədər xoşbəxt deyilik, amma buna baxmayaraq başqasının xoşbəxt göründüyü illüziyasına inanaraq öz münasibətimizi dəqiq olmayan standartlarla müqayisə edirik. Bütün bunlar qadın və kişi münasibətlərinə bir təzyiq yaradır: Real olmaq yox, təqdir olunmaq önə çıxır. Halbuki, sevgi göstərmək üçün deyil, yaşamaq üçün olmalıdır. Ən dərin və sağlam münasibətlər şəkil üçün rol oynamayan, amma hər rolun arxasında gerçək və duyğu olan münasibətlərdir. Özünü göstərməyə deyil, qarşı tərəfin hisslərini görməyə çalışan münasibətlər daha möhkəm olur.

-Gözəl görünən, amma içi boş münasibətlər dövründə biz necə gerçək sevgini tanıya bilərik?

-Müasir dövrdə münasibətlər çox vaxt xarici görünüşə, təqdimata və digərlərinin qiymətləndirməsinə əsaslanır. İnsanlar tez-tez münasibəti yaşamaq üçün yox, göstərmək və təsdiqlənmək üçün qururlar. Bu da bizi dərinlikdən uzaqlaşdırır və bəzən içi dolu olmayan, amma vitrin kimi bəzədilmiş münasibətlərə yönəldir. Gerçək münasibəti isə forma yox, mahiyyət müəyyən edir. Qarşılıqlı hörmət, anlaşma, sərhədlərin tanınması və insanın olduğu kimi qəbul edilməsi, sağlam münasibətin əsas göstəriciləridir. Əgər bir münasibətdə insanlar özlərini ifadə edə bilir, dinlənilir, dəyərləndirilir və rahatlıqla fikir bölüşə bilirlərsə, bu münasibət artıq dayanıqlı və realdır. Amma əgər iki insan daim “nə deyəcəyimi ölçüb-biçim”, “özümü necə göstərim” düşüncəsi ilə yaşayırsa, bu, artıq səmimi münasibət deyil. Bu, gərgin bir nümayişdir. Unutmayaq ki, gözəl görünmək istəyən münasibətlər çox ola bilər, amma gözəl işləyən münasibətlər qarşılıqlı zəhmət, dürüstlük və daxili sabitlik üzərində qurulanlardır.

Səbinə Qorxmaz, "İki sahil"

Seçilən
9
ikisahil.az

1Mənbələr