Həftəsonu keçirilən “Bohemyans” və “Derri Siti” komandaları arasında oyundan öncə (1:1) Şimali İrlandiyada ciddi iğtişaşlar baş verib.
Publika.az xəbər verir ki, stadion ətrafındakı küçələr fanatların döyüş meydanına çevrilib. Tərəfdarlar bir-birinə fişəng, metal çubuqlar və hətta qolf çubuqları ilə hücum ediblər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə maskalı azarkeşlərin hasarın o tayından raketlər atdığı, digərlərinin isə duman pərdəsi altında metal çubuqlarla qarşı tərəfə keçməyə çalışdığı görünür.
Ən qorxulu anlardan birində partlayışların ortasında bir qız uşağı qaçaraq “Ata!” deyə qışqırıb. Yanındakı kişi isə onu sakitləşdirməyə çalışaraq “Hər şey yaxşıdır” deyib. Lakin ətrafdakı xaos heç də sakit bir mənzərə yaratmayıb.
Şimali İrlandiya polisi hadisənin əvvəlcədən planlaşdırıldığını təsdiqləyib və məsul şəxslərin müəyyən olunması üçün bütün videoçəkilişlərin araşdırılacağını bildirib. Toqquşmalarda bir yeniyetmə və 20 yaşlarında bir kişi xəsarət alıb.