AZ

"Rusiya zirehli texnikadan daha çox istifadə etməyə başlayıb" - ISW

"Moskva Ukraynanın müdafiəsini yoxlayır və yeni taktika sınaqdan keçirilə bilər..."

Son dövrlərdə Rusiya ordusu cəbhədə taktiki hücumlar zamanı zirehli texnikadan istifadəni artırıb.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) növbəti hesabatında deyilir.

Analitiklərin təhlilinə görə, bu, həm Ukrayna müdafiə sisteminin zəif nöqtələrini müəyyən etmək, həm də yeni döyüş taktikalarını sınamaq məqsədi daşıya bilər.

Analitiklər bildirir ki, 2024-2025-ci ilin qışından bəri Rusiya zirehli texnikanın istifadəsini nəzərəçarpacaq dərəcədə azaldıb. Aprel ayından bəri Rusiya ordusu xüsusilə bölük tərkibli mexanikləşdirilmiş hücumları dayandırıb, yay aylarında isə əsasən motosikletlər və yüngül döyüş maşınları ilə hücumlar həyata keçirib.

Lakin iyulun əvvəlindən etibarən Rusiya qüvvələri Donetsk və Zaporojye vilayətlərində bir sıra kiçikmiqyaslı mexanikləşdirilmiş hücumlar keçirərək zirehli texnikanın istifadəsini tədricən artırmağa başlayıb. Bu artım hələ genişmiqyaslı olmasa da, meyl diqqət çəkir.

ISW-nin məlumatına görə, son yarım ildə Rusiya tank və zirehli texnikaların döyüşlərdə istifadəsini məhdudlaşdıraraq əsas diqqəti sovet dövrünə aid texnikaların təmirinə və ehtiyatların artırılmasına yönəldib. Moskva, görünür ki, yüksək zərər riski olan hücumlardan qaçaraq texnikanı qorumağa çalışır.

Bununla belə, taktika dəyişikliklərinin bir neçə səbəbi ola bilər. Rusiya müxtəlif cəbhə sahələrində dronlardan istifadə etməklə Ukraynanın müdafiə sistemlərinin zəif nöqtələrini aşkara çıxarmağa çalışır. Eyni zamanda, ön xəttə zirehli texnikanın bərpasında və bölmələrin yenidən təchizatında çətinliklər müşahidə oluna bilər.

ISW qeyd edir ki, Rusiya ordusu bəlkə də zirehli texnikanın döyüşlərdə itirilməsi riskini daha yüksək səviyyədə qəbul etməyə başlayıb. Bu isə yeni hərbi yanaşmanın və ya döyüş konsepsiyasının sınaqdan keçirilməsinə işarə edə bilər.

Cəbhədə vəziyyət gərginləşir

Bununla yanaşı, Rusiya qüvvələrinin Donetsk vilayətində hücumlarını artırdığı və son sutkada bir neçə yaşayış məntəqəsi yaxınlığında irəliləyişə nail olduğu bildirilir. ISW-yə əsasən, ruslar Seversk şəhərinin şimal-şərqində bölük tərkibli gücləndirilmiş mexanikləşdirilmiş hücum həyata keçirib. Analitiklər xəbərdarlıq edir ki, Rusiya ordusu artıq Severskdən cəmi bir neçə kilometr məsafədədir və yaxın gələcəkdə şəhərə qarşı daha koordinasiyalı hücumlara başlaya bilər.

Seçilən
32
moderator.az

1Mənbələr