“SOCAR-la Ukraynanın "Naftogaz" şirkəti arasında təbii qazın alınması haqqında müqavilənin imzalanması iki ölkə arasında Azərbaycanın təbii qazının ixracının şaxələndirilməsi kimi dəyərləndirilməlidir və bu ölkəmizin enerji sahəsindəki növbəti uğurudur. Lakin Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan qazının Ukraynaya ixracı strateji cəhətdən Prezident İlham Əliyevin növbəti dəfə qətiyyətli və cəsarətli addımı kimi qiymətləndirilməlidir. Belə bir sənədin imzalanmasına eyni zamanda Azərbaycanın “orta güc” kimi Cənubi Qafqaz regionundan kənarda regional təhlükəsizliyin, sabitliyin təmin olunması, əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində oynadığı mühüm rolu kimi yanaşmaq lazımdır. Hansı ki, Ukraynanın Azərbaycanla belə bir sənədi imzalanmasını “Naftogaz"ın baş direktoru Sergey Koretski də bu sövdələşməni strateji cəhətdən mühüm addım və Azərbaycanın Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsi hesab edib. Bu da bir daha Prezident İlham Əliyevin qlobal səviyyəli qərar vermək qabliyyətində siyasi lider olduğunu aydın şəkildə nümayiş etdirir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Deputat bildirib ki, bu, həm də cənab Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi “sözümüz imzamız qədər dəyərlidir” fikrinin dünyaya təsdiqidir: “Bir çox ölkələr Ukraynanın üzləşdiyi bu durumda sözdə dəstək bəyanatı səsləndirsə də, Azərbaycan bunu əməldə sübut etməkdədir. Azərbaycan müharibənin başladığı ilk gündən Ukraynanın yanında olub və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik yolla həllini, habelə Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan müharibə zamanı Ukrayanın üzləşdiyi humanitar fəlakətə də yaxından dəstək verən ölkə olub. Bu çərçivədə dərman, qida, elektrik avadanlıqları və s. daxil olmaqla humanitar, həmçinin bərpa və yenidənqurmaya dəstək məqsədli ümumilikdə 42 milyon ABŞ dolları dəyərində yardım göstərilib. Münaqişədən əziyyət çəkən uşaqlar üçün ölkəmiz tərəfindən həyata keçirilən tibbi və sosial-psixoloji reabilitasiya proqramı çərçivəsində ümumilikdə 330 ukraynalı uşaq iştirak edib.
Azərbaycan Ukraynada infrastrukturun bərpası istiqamətində layihələr həyata keçirib. Ukraynanın İrpen şəhərindəki məktəb binasının, şəhər poliklinikasının və parkın yenidənqurma işləri, İrpen şəhərində daha dörd sosial təyinatlı obyektin inşası ilə bağlı müvafiq işlərin aparılması, habelə Kiyev şəhərində park və uşaqlar üçün sığınacağın bərpasının maliyyələşdirilməsi dediklərimizi əyani sübutudur. Azərbaycan bundan sonra da Ukraynaya hərtərəfli dəstəyini davam etdirəcək. Baxmayaraq ki, Ukraynaya göstərdiyi dəstəyə görə bəzi ölkələr tərəfindən Azərbaycana təzyiqlər olub və bu təzyiqlər bu gün də davam etməkdədir. Lakin heç bir qüvvə Azərbaycanı yürütdüyü siyasətdən geri çəkə bilməz. Uzun müddət işğal siyasəti ilə üzləşən Azərbaycan yaxşı anlayır ki, dünyanın hansı regionunda yerləşməsindən asılı olmayaraq bu cür münaqişələr, müharibələr, böhranlar beynəlxalq və regional təhlükəsizlik arxitekturasına, sülhə, sabitliyə və əməkdaşlığa ciddi təhdiddir. Azərbaycanın birmənalı mövqeyi ondan ibarətdir ki, dünyadakı bütün münaqişələr yalnız beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ona görə də cənab Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət diplomatiyasının ana xəttini qlobal və regional təhlükəsizlik arxitekturasına, sülhə, sabitliyə və əməkdaşlığa ciddi təhdidin aradan qaldırılaraq beynəlxalq əməkdaşlığı möhkəmləndirən, dayanıqlı sülhə xidmət edən dialoqun yaranması təşkil edir. Cənab Prezident İlham Əliyev bunu gündəlik fəaliyyətində sübut etməkdədir”.
Mürtəza