AZ

Alovun içində qalan yaşıl dünya

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Yay fəsli ilə birgə gələn istiylə yanaşı, artıq illərdir tanıdığımız acı bir mənzərə də təkrar olunur: meşə yanğınları. İstirahət, günəş, dəniz, təbiət gəzintiləri ilə assosiasiya etdiyimiz bu mövsüm, təbiət üçün çox zaman faciələrin mövsümünə çevrilir.

Hər il olduğu kimi bu il də qardaş Türkiyədə genişmiqyaslı meşə yanğınları baş verdi. Hər bir yanğınla yalnız ağaclar yox, eyni zamanda minlərlə canlı, hava keyfiyyəti, yerli iqlim və ekosistem də məhv olur. Sanki bu yanğınlar artıq yay təqviminin bir hissəsinə çevrilib. Və bəli, bu il Azərbaycan da istisna olmadı. Bizim də dağlarımız, meşələrimiz alova büründü, fədakar yanğınsöndürənlər gecə-gündüz çalışdı.

Meşə yanğınlarının əsas səbəbləri arasında yüksək temperatur, quraqlıq, istirahət zamanı söndürülməyən tonqallar, atılmış siqaret kötükləri, ildırımlar, şiddətli küləklər və s. göstərmək olar. Amma bu səbəblərin ortasında ən böyük təhlükə insan məsuliyyətsizliyidir. Təbiət bizə nəfəs verir, biz isə onu yandırırıq.

Bir meşə yananda minlərlə quşun yuvası, heyvanların sığınacağı külə dönür, havanın oksigen balansı pozulur, yerli iqlimdə dəyişikliklər baş verir, ərazidə eroziya, torpaq itkisi və su qıtlığı yaranır. Üstəlik, yanğınla mübarizə edən insanlar da risk altındadır. Onların həyatını, səhhətini, ailəsini düşünək.

Meşə təkcə ağac deyil, həyatın davamıdır. Onun hər qarışı insanın varlığı qədər dəyərlidir. Hər yay bu faciələri yenidən yaşamamaq üçün məsuliyyətlə davranmalıyıq. Təbiət bizi qoruyur. Biz də onu qorumalıyıq.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
icma.az

1Mənbələr