AZ

Təranə DƏMİR

Bir zamanlar başı buxara  papaqlı,
ayağı  çarıqlı, əli əsalı kişilər vardı, 
Üst-başları   tütün  qoxuyardı,
Ovucları  qabar-qabardı.
Doqqazın başına yığışardılar hər gecə,
Biz də onların başına.
Onlar  davadan, frontdan danışardılar, 
Biz də daş üstündə oturub qulaq asardıq 
 bu   şirun  nağıllara  yuxu  gözümüzdən tökülüncə.
Yayın istisində də başlarından çıxarmazdılar papağı,
Addım səslərindən tanıyardılar gələn  qonağı... 
Onlarçun  çörək  Tanrıdan  irəliydi,
Hərəsi bir evin dirəyiydi 
mən tanıyan kişilər,
Torpaqla, daşla, 
əkinlə, xışla  oynayan kişilər.
Saçımızı  sığalsız, gecəmizi   nağılsız  qoymazdılar,
Səhərlər  mala,  heyvana  durardılar,
Oğula, uşağa  qıymazdılar. 
Sonra  illər    göz  qırpımında  uçub getdi,
 Doqqaz ağzına  yığışan  kişilər yavaş-yavaş  bu dünyadan köç etdi -
Başında papaq, ayağında  çarıq,  əlində çəlik.
Yavaş-yavaş  yollar  yiyəsiz qaldı, sonra  kənd,
Sonra  hasarlar  böyüdü, sonra  adamlar.
Sonra  qapılardan kilid, ürəklərdən daş  asıldı,
Uçulub  dağıldı  söykəndiyimiz divarlar,
Köhnə nağıllar  pozuldu,
Təzə nağıllar yazıldı -
İçində həsrət, ayrılıq, xəyanət, göz yaşı,  minnət.
İnternet  sevdalar  doğuldu    boşluğun  içində -
Rəngsiz, ürəksiz, qolsuz, qanadsız, şikəst...
Məhəbbət  dolu  məktublar  yazılmadı  daha,
Ürək  döyüntüsündən keçmədi  boğazdan yuxarı  mesajlar,
Söz verib söz almadı heç kəs, 
Heç kim tələsmədi  görüş  yerinə, 
Sabaha  çıxmadı bu gün doğulan xəyallar...
Nöqtələr, nidalar, suallar!!
...Bir  zamanlar  başı  buxara  papaqlı, ayağı  çarıqlı,  əli  əsalı  kişilər vardı.
Üst-başları  tütün qoxuyardı,
Əlləri  qabar-qabardı...

*

Qaranlığı  yenə  pusur adamı,
Qılınclayır, asıb, kəsir adamı,
Gözlərinin fəhmi basır adamı,
Vaxt  da  keçmir  bu  gecənin  baxtından.

Hamı səndən  bir yuxuycan uzaqdı,
Dünya  yatıb, bircə  dərdlər  oyaqdı, 
Kim duyacaq  harayını  bu vaxtı,
Kim  salacaq  bu  gecəni   atından?  

Ağrıların  hücum  çəkir  üstünə,
Həsrət  adlı  zülmət  çökür  üstünə, 
Qaramatın  yenə tökür  üstünə,
Hünərin  var  çıx  gecənin altından. 

*

Nənəmizin ətəyindən, 
anamızın kötəyindən tutub yeriyən qızlardıq.
İncinincə  bir  ovuc sığala,
 bir şirin qoğala kiriyən qızlardıq.
Yayda torpağa, qışda palçığa  batardıq,
Nağıl-nağıl, noğul-noğul boy atardıq.
Vətən   kəndimizdi, 
Kür qırağıydı, bərəmiz, bəndimizdi.
Güyümlə su daşıyardı, 
İnək sağardı, nehrə çalxayardı  
Başı  yaylıqlı  qadınlar,
Biz  də  dallarıyca  düşərduk,
Yerlə, Göylə əlləşərdik.
Yanaqlarımızı öpüş, 
Dodaqlarımızı  gülüş aparardı,
Bir qucaq  sevgimiz  vardı.
Ürkək  idik, qorxaq  idik,
Uşaq  idik.
Gözümüzdə  qəhrəman idi  odun yaran, yer  belləyən  atalar. 
Nə çörək  dərdimiz vardı,nə paltar.
Daşa, divara dırmaşardıq,
Bir  ovuc  ərik üstə 
hasar-hasar  dalaşardıq. 
Bantımızdan tanıyardıq  bir-birimizi 
uzaqdan,
Qorxmazdıq qardan, sazaqdan. 
Dostumuzdu  İtlər, pişiklər, 
Toyuqlar, cücələr, 
Ağaclar, sərçələr..
Dincliyimiz yoxdu,
nə olsun ki, topumuz, gəlinciyimiz yoxdu,
Bəxtəvərdik, 
Ən çox Novruzda  sevinərdik...
...Sonra  bir  gün ...
Sonra   bir   gün  qonşunun oğlu qonşunun qızına vuruldu ..
və bir   göz  qırpımında  uçulub dağıldı  uşaqlığımız,
qırıldıq...
Sonra  yollar boşaldı, 
Sonra  hasar başı.
Əvvəlcə  ayrılıqlar başladı, 
sonra göz yaşı,  
Sonra  bütün  bütlər  çiliklənib töküldü,
Sonra  xəyanətlər  başladı  hər addımbaşı,
Yekəldik...
...Sonra   gəlin  köçdü ,   ana  oldu  bütün  hörüklü  qızlar,
Yaxası  tut  ləkəli, ovucu ərikli qızlar -
Ürəklərində  həsrət,  gözlərində  bulud,   çiyinlərində  əzab, baxışlarında  intizar ...
...Nənəmizin ətəyindən,
Anamızın kötəyindən tutub  yeriyən qızlardıq...
İncinincə  bir ovuc sığala, bir şirin qoğala  kiriyən qızlardıq...
Bir  nağıla   aldandıq...

*

Qorxma, bu  hələ son deyil,
Hələ bir az yolumuz  var.
Gedirik qonşuya  acıq,
Sağımız  var, solumuz  var.

Göydə Odu, Yerdə bizik,
Xeyirdə O, şərdə bizik,
Bir nağıldı, bir də bizik,
Şahımız  var, qulumuz  var.

Dünya bizi çəkir  hələ,
Dizimizi  bükür hələ,
Buna da min şükür, hələ
Danışmağa  dilimiz var.

Haqq yoxdusa, hesab nədi?
Sevgi varsa, əzab nədi,
Hər işimiz  tərsinədi,
Ağıllımız, dəlimiz var.

Heç kəs  düşünmür sabahı,
Hər baş götürmür  papağı,
Yoxdu  şeytanın günahı,
Hər  bəlada əlimiz var.

*

İyulun  nəfəs  qarsan  istisi,
Günortanın tən yarısı,
Günəş döyür  başına küçələrin,  ağacların, göyərçinlərin, şəkillərin, afişaların, heykəllərin.
Bir-biriylə  yarışa  çıxıb maşınlar, adamlar, 
Unudanlar, unudulanlar.
Hərəsinin öz  sürəti  var.
Yoldan keçənə yalmanır  üst-başı kirli,
çəlimsiz  pişik balası. 
Bir dadımlıq  dönərə, bir sığallıq  sevgiyə yalmanır,
Daşa, divara, kölgəyə yalmanır.
Dili bir qarış çöldə gəzən küçə itlərinin nəfəsindən od  tökülür
cızdağı çıxan asfaltın üstünə,
Şəhərin  ciyəri  yanır.
Yanaqlarını gün aparan dilənçi qadına
kimsə təbəssüm yollayır əlli qəpiklik boyda,
Qadının gözləri  sığallanır.
Birdən xəfif  meh əsir,
Günəşin üzünə düşür buludun kölgəsi.
İstidən nəfəsi  kəsilən  küçələrin dodağına 
su çilənir göy üzündən sərin-sərin.
Ürəyi  yerinə gəlir  şəhərin.

*

Ağaclar  kökündən  yapışıb durub,
Külək acığını  budaqdan çıxır.
Yayın ortasında, küləyin altda 
Ağaclar  neçə qat  yarpaqdan çıxır.

Döyür  gözlərini  yenə küçələr,
Edir bir-birinə tənə küçələr,
Təzə  paltarında  köhnə küçələr
Yenə  külək-külək  sınaqdan çıxır. 

Divarlar  küləklə verir səs-səsə,
Hayları, küyləri  düşür dənizə,
Bu  gün dəli olub küləklər  nəsə,
Gah  qaradan çıxır, gah  ağdan çıxır. 

Gah  göyə  dırmaşır, gah  yerdə  əsir,
Dənizdə, limanda, sahildə  əsir, 
Şəhərin  üstündə  ayrılıq   gəzir,  
Bir  şair  hirsini  varaqdan çıxır.

*

Bu  qoca  ağacın    neçə canı var? 
Hər xəzəl  altından  yüz  yarpaq  çıxır.
Kəsilir, qırılır, qopub, tökülür,  
Bütün  sınaqlardan üzüağ çıxır.

Gör  necə  bağlıdı  kökünə  ağac,
Min tufan  yerindən  qaldıra  bilmir.
Durub   kölgəsinə  daş  atsalar  da
Heç kim  bu ağacı  öldürə  bilmir.

Sarılıb  qoluna, budaqlarına,   
Qıraqdan heykələ oxşayır  ağac.
Yayda  günəşinə, qışda  qarına 
Bürünə-bürünə yaşayır  ağac.

Hələ ki, dayanıb  öz kökü  üstə,
Yerindən, yurdundan  güc  alır  hələ.
Küləklə, yağışla, dumanla, çənlə  
Savaşa-savaşa  qocalır  hələ.

*

Baxıb saçımın ağına 
Məni  qoymadı  yaxına,
Keçdim soluna-sağına, 
Tanımadı güzgü məni.

Güldü  üstümə, başıma,
Gəlmədim  deyən xoşuna,
Tutdu  tənə yağışına,
Tanımadı  güzgü  məni. 

Düşmədi  üzüm yadına,
Söhbətim, sözüm  yadına,
Oxşatdı   hansı  qadına?
Tanımadı  güzgü  məni.  

Məni  sual-sual  süzdü,
Məni  xəyal-xəyal süzdü,
Mən  danışdım, güzgü  susdu, 
Tanımadı  güzgü  məni. 

Yatmışdı, gəldim  oyatdım,
Ağladım, güldüm, oyatdım,
Yaz  getdim, payız  qayıtdım,
Tanımadı güzgü məni. 

*

Burda  zaman dayanıb,
Bu nə sükutdu, Allah.
Gün  də  qaçıb  gizlənib, 
Hər  yan  buluddu, Allah. 

Sıra-sıra  məzarlar 
Hərəsi  bir  biçimdə.
Dayanıb  yol  gözləyir 
Hamı  daşın içində.

Burda  gəlib gedənlə
Ölülər  hesab çəkir.
Hərə  öz daşı altda
Görən  nə əzab  çəkir?

Hayana  boylanırsan 
Ayrılıqdı, həsrətdi.
Məzar-məzar  qaranlıq,
Şəkil-şəkil  sərhəddi.

Hər  daş  yıxıla-dura
Keşik  çəkir  qəbrinə.
İlahi, bu daşların
Səbrinə bax, səbrinə.

*

Ay  əlləri  qabarlı,  
Üst-başı bulaşıq  qız.
Yanağını gün döyən,
Saçları  dolaşıq qız.

Bu şəhərin balaca,
Ac  sakini, gün aydın.
Bilirəm ağlamısan, 
Gözündəki  nəm aydın. 

Yıxılma, dizlərini
Daş qanadır, yer əzir.
Sənin ayaqların yox,
Baxışların  tələsir. 

Deyirlər dilənçisən,
Öz adın nədi  bəs, qız? 
Sevgisi  qəpik-quruş,
Xəyalları  şikəst qız.

İnanma  bu şəhərin,
İşığına, balaca.  
Burda  qaranlıq  düşür 
Adamın  arxasınca. 

Bu  şəhərin gecəsi,
Gündüzü  yalançıdı.
Açma  ovuclarını, 
Göy  üzü  yalançıdı.

*

Kimin  ömrüdü məndəki,
Alıb  köçdən yaşayıram. 
Bir  nabələd  yolçu  təki
Qalıb köçdən yaşayıram.

Vurnuxuram  söz  içində,
Didərginəm döz  içində, 
Qırılmışam   öz  içimdən,
Düşüb  gücdən, yaşayıram.

Quruca  adam özümdə,
Ögeyəm, yadam  özümdə,
Yer  yoxdu  tutam  özümdən,
Tutub  heçdən  yaşayıram.

Bu  mənəmmi, mən deyiləm,
Həm  gerçəyəm, həm deyiləm,
Neyləsə küsən  deyiləm,
Dərdi  içdən yaşayıram.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr