Fazil Əhməd istedadlı həmkarımızdır. UNEC-in məzunudur, gənclik illərindən mediada çalışır. Zəhmətkeş, məsuliyyətli, milli düşüncəli insandır, gözəl ailəsi, savadlı övladları var. Yüksək gəlirli fəaliyyət sahəsi olmayan jurnalistikada illərdir, necə deyərlər, külüng çalır. Alnının tərini övladlarının yaxşı təhsilə, karyeraya malik olması üçün tökür. Bir Azərbaycan insanı üçün spesifik xüsusiyyətlərdir, təqdir olunmalı, dəstəklənməlidir. Fəqət təhsil sistemi elə hala düşüb ki, Fazil Əhmədin timsalında bizim kimi boğazından kəsib uşaq oxudanlar artıq dillənməyə bilmir.
Tanınmış jurnalist vəziyyəti kəskin tənqid edərək yazır: “Azərbaycan artıq imtahanlar ölkəsinə çevrilib”.
- İnsanları sadəcə "imtahan verə bilən" varlığa çevirir.
- Praktiki bacarıqlar, təcrübə, intellektual çeviklik, məsuliyyət hissi kimi keyfiyyətlər nəzərə alınmır.
- Sistem "imtahanla yüksələn" əzbərçi, lakin peşəkar performansı zəif olan məmurlar yaradır.
- Yenilik və təşəbbüskarlıq ruhu öldürülür, çünki insanlar daim “keçid dövrü” psixologiyası ilə yaşayırlar.
- Taksi sürücülərindən tutmuş mühasiblərə, xırda inzibati vəzifələrdən başlamış hakimlərə qədər cəmiyyətdə və dövlət sistemində yer tutmaq üçün hər kəsin sertifikatlaşdırılması, qarşılığında hüquq verən rəsmi sənədlərin heçə sayılması bütövlükdə resursların dayanıqlılığını sarsıdır.
Vaxt itirmədən bu problemlərə bir əncam çəkilməlidir. Həyatını prezident İlham Əliyevin siyasi kursuna bağlayan, intellektual medianın təmsilçisi olan, ziyalı bir ailənın başçısı kimi müvafiq dövlət qurumlarına və səlahiyyətli şəxslərə səslənir, dönə-dönə xahiş edirəm:
Düşünməli, çıxış yolu tapmalı, “sosial lift”in qapılarını açmalı, təhsil sistemini təcili dəyişməliyik.
Azərbaycan yeni dünya düzəninin müəyyənləşdiyi tarixi mərhələyə tarixində ilk dəfə ərazi bütövlüyünü bərpa etmiş dövlət milləti kimi daxil olub. Dövlət başçımız İlham Əliyev misilsiz bir liderlik nümunəsi yaradaraq Azərbaycanı yeni dünya düzənində “orta güc”ə çevirir. Bacarırıqsa, ona kömək edək, hər birimiz öz sahəmizdə ən azı problem yaratmamaqla cəmiyyəti süni yüklənməyə sövq etməyək. Əks halda, dövlət milli təhlükəsizliyimizi təhdid edən hər kəsi sorğulamağa qadirdir və əminəm ki, o gün uzaqda deyil!
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru