Bakıda yeni metrostansiyalarının tikintisi üzrə layihələndirilmə işlərinə start verilir. Məlumata görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb. Birinci mərhələdə neçə metrostansiyasının açılışı nəzərdə tutulur? Yeni stansiyalar hansı tarixlərdə istifadəyə veriləcək? Ümumilikdə Bakı metropolitenində yaxın gələcəkdə daha hansı yeniliklər gözlənilir?
Mövzuyla bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən Referans-ın sorğusuna cavab verilib. Qurumdan bildirilib ki, Dövlət proqramına uyğun olaraq, 2025-ci ildə Qırmızı və Yaşıl xətlərin ayrılması üzrə mərhələli işlərə başlanılıb. Qeyd edək ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, tikintisinə başlanılan “Dərnəgül” elektrik deposunda da işlər plan üzrə icra edilir. Deponun birinci mərhələsi istismara verildikdən sonra bu depo Yaşıl xətt üzrə minimal tələblər səviyyəsində qatarların saxlanılması, texniki qulluğu və təmiri üçün istifadə olunacaq.
"Bakı Metropoliteni" QSC- dən o da bildirib ki, hazırda təmir-baxış sahələrinin inşası, tunellərdə yolların qurulması işləri davam etdirilir. 2026-2030-cu illərdə “Dərnəgül” elektrik deposunda tikintinin tamamlanması, 2 yeni elektrik yarımstansiyasının inşası, habelə elektrik təchizatı sisteminin optimallaşdırılması, “İçərişəhər” stansiyasının arxasında dönmə kamerasının, “Xətai” stansiyasından sonra Dövlət proqramında nəzərdə tutulmuş 4 stansiyanın inşasına başlanılması da nəzərdə tutulub. Hazırda Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir.
Bununla yanaşı, hazırda əsas təchizat məsələləri , infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər davam edir. İnşaat işlərinin 2026-cı il ərzində yekunlaşdırılması nəzərdə tutulur. 10 stansiya ilə bağlı hazırda layihələndirmə, trasların müəyyən edilməsi və s. təşkilati məsələlər üzərində işlər aparılır.
"Müvafiq layihə, ərazinin geologiyası, relyefi və digər məsələlərə görə bəzi yerlərdə dəyişikliklər ola bilər. Ümumən, Yaşıl xəttin üzərində Ağ şəhər, NZS, Nargilə adlanan ərazilərdə və “Həzi Aslanov-2” stansiyaları tikilməlidir. Bənövşəyi xətdə isə “B-04” stansyasından sonra “Nizami”, “Sahil”, “Xətai” stansiyaları, “Port Baku” ticarət mərkəzi və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə yeni stansiyalar tikilməlidi"- "Bakı Metropoliteni" QSC- dən bildirilib.
Ləman Xalıqova